23 fevral 2022 19:52
741

Naxçıvan Dövlət Universitetində məktəblilər arasında basketbol yarışı keçirilib

Naxçıvan Dövlət Universitetinin idman zalında keçirilən yoldaşlıq görüşündə Babək rayon və Naxçıvan şəhər basketbol komandaları üz-üzə gəlib.

Açılış mərasimində Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov görüşün məqsədi haqqında komandalara ətraflı məlumat verib. Qeyd edilib ki, yoldaşlıq görüşünün keçirilməsində məqsəd muxtar respublikada basketbolu inkişaf etdirmək, idmançılar arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.

Xocalı soyqırımı  qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla edildikdən sonra yarışa start verilib.

Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən görüşün yekun nəticəsinə görə “Lokomotiv” komandası  49:16 hesabı ilə “Babək”  komandasına qalib gəlib.

Sonda komandalara nümunəvi oyun nümayiş etdirdiklərinə görə diplom və hədiyyələr təqdim olunub.

Məmmədbağır Dünyamalıyev,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı