21 fevral 2022 04:06
746

Millimizdən 2022-ci ilə uğurlu start

Bolqarıstanda keçirilən Dan Kolov-Nikola Petrov beynəlxalq turnirinə yekun vuruldu.

“İki sahil” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, fevralın 17-dən 20-dək davam edən Memorial sərbəst güləşçilərimiz üçün ilin ilk yarışı oldu. 2022-ci ilə start uğurlu alındı. Belə ki, baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Veliko-Tırnovo şəhərində xalçaya çıxan 12 pəhləvanımızdan 8-i fəxri kürsüyə qalxdı. Cəmi 4 idmançımız medalsız qaldı ki, onların da 3-ü məhz zədələndiyi üçün mübarizəni sonadək davam etdirə bilmədi.

Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) yarışın baş mükafatına yiyələndi. Turan Bayramov (74 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medal qazandı. Abakarov həm də turnirin ən yaxşı sərbəst güləşçisi mükafatına sahib çıxdı. Beləliklə, komandamız yarışı 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurdu.

Qeyd edək ki, millimiz üçün növbəti sınaq fevralın 24-27-dək İstanbulda keçiriləcək ilin ilk reytinq turniri olacaq. Türkiyədəki yarışda yığmamızın digər üzvlərinin iştirakı nəzərdə tutulub.