Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
“İki sahil” xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nadav Zuratı (İsrail) məğlub edib.
29 yaşlı idmançı 1/4 finalda Yersultan Muzapparova (Qazaxıstan) qalib gəlib. Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) üstələyib və qızıl medal uğrunda qarşılaşmada Nemanya Maydova (Serbiya) rəqib olub.
Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margianiyə (Gürcüstan) yenilib.
100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu (Dominikan Respublikası) məyus edib. Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, yarımfinalda Gonçiqsuren Batxuyaqın (Monqolustan) müqavimətini qıra bilməyib. O, bürünc medal görüşündə İliya Sulamanidze (Gürcüstan) ilə üz-üzə gələcək. Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzub.
Nəhayət, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olub.