ABŞ-da bir oteldə 2009-cu ildə Ketrin Mayorqaya təcavüz etməkdə günahlandırılan portuqaliyalı futbolçu Kriştiano Ronaldonun həbsinə rayon prokuroru Stiv Volfsonun mane olduğu məlum olub.
Mayorqanın 2009-cu ildə Ronaldoya qarşı açdığı dava polisə təfərrüatlı məlumat vermədiyi səbəbiylə bağlandığından İngiltərə və Almaniya mətbuatı Ronaldonun məhkəmə prosesini bitirmək üçün Mayorqaya 373 min dollar ödədiyini iddia edib.
2018-ci ildə təcavüz qurbanı olan qadınların başlatdığı “MeToo” (Mən də) hərəkatı pik həddə çatanda Mayorqa 76 milyon dollar təzminat tələbi ilə işi yenidən açdı.
Britaniyanın "Sun" qəzetinin xəbərində 2021-ci il tarixli məhkəmə sənədlərinə görə, 9 il sonra ittihamları araşdıran Las Veqas polisi Ronaldonun həbsi üçün prokurorluqdan qərar verməsini tələb edib.
Lakin Clark County bölgəsinin prokuroru Volfson polislər Ronaldonu həbs etmək üçün kifayət qədər dəlil tapsalar da, istintaq aparmaqdan imtina edib. Prokuror istintaqdan niyə imtina etdiyini açıqlamasa da, cinayət işi üzrə istintaq bağlanıb.
Vüsal Cahanov, “İki sahil”