İsveçin “Cawamediya” xəbər saytı bu il Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə dünya çempionatı haqqında yazıb.
"İki sahil" xəbər verir ki, məqalədə cari ilin martın 11-dən 13-dək Bakı şəhəri Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq çempionat barədə ətraflı danışılır.
Məqalədə bildirilir ki, fiziki nöqteyi-nəzərdən hazırlıqlı və çevik idmançıların iştirak edəcəyi yarışma gözəl əyləncə atmosferi yaradan musiqi sədaları altında akrobatik hərəkətlərin və rəqslərin şahidi olmaq üçün insanlara əla fürsət yaradacaq.
Xəbərdə, habelə Bakı şəhəri haqqında da məlumat verilir. Qərblə şərqin, müasirliklə tarixiliyi özündə yaşadan paytaxtımızın füsunkarlığı ilə seçildiyi qeyd olunur, şəhərin birbaşa Xəzər dənizinin sahilində yerləşdiyi vurğulanır. Bakıda UNESCO-nun siyahısına salınmış İçərişəhərin gözəlliyini və burada yerləşən Qız qalası və bir çox qədim məscidlərin, sarayların və tarixi tikililərin də maraqlı bir səhnə yaratdığı diqqətə çatdırılır.