KÖŞƏ

Mahir Rəsuloğlu

Sülh müqaviləsi necə imzalanmalıdır?

15 fevral 2022 22:15
1504

Ən vacib şərt Ermənistanın və Azərbaycanın qarşılıqlı surətdə bir-birlərinin ərazi bütövlüyünü tanımalarıdır

Cənubi Qafqazda sabitliyin və dayanıqlı sülhün təmin olunması, uzun illərdən sonra nəhayət, normal qonşuluq münasibətlərinin bərpası üçün əslində tarixi şərait yetişib. Bunu İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanmış Azərbaycanın diktə edən tərəf olaraq sərgilədiyi sülhpərvər mövqeyi də birbaşa şərtləndirir. Reallıq budur ki, bütün bu proseslərin “Ermənistan düyünü”ndə heç vaxt olmadığı qədər “boşalma” var və üstəlik bu imkanın dəyərləndirilməsi təkcə Azərbaycanın deyil, eləcə də digər region dövlətlərinin, o cümlədən düşmən ölkənin özünün maraqlarına uyğundur. İstər qardaş Türkiyənin ortaq maraqlarımızı müdafiə edən qəti mövqeyi və eyni zamanda barışcıl davranışları, istər bölgədəki maraqlarının təmin edilməsinin böyük Zəfərin gətirdiyi reallıqları qəbul etməyə məcbur qalmış ABŞ və bəzi Qərb ölkələrinin yanaşması, istərsə də Rusiyanın birbaşa vasitəçiliyi və loyal siyasi kursu həm Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasının, həm kommunikasiyaların açılmasının, həm də sülh sazişinin imzalanmasının alternativsiz reallıq olduğunu göstərir.

Təbii ki, “inqilabçı və demokrat” Nikol Paşinyan hadisələrin hansı istiqamətdə inkişaf etdiyinin nəinki fərqindədir, üstəlik o, atılması məcburi və zəruri addımların ölkəsindəki siyasi gərginlik fonunda yaratdığı, yaxud yaradacağı riskləri də hesablayır. Ən güclü rəqiblərindən birinin – Ermənistan prezidenti Armen Sarkisyanın yanvarın 23-də gözlənilmədən istefa verməsindən sonra mövqelərini daha da möhkəmləndirən Paşinyana indiki məqamda lazım olan yeganə faktor yerli və xarici əks-qüvvələrin, revanşistlərin təzyiqləri qarşısında davam gətirməkdir.

Fevralın 14-də həm Ermənistanın baş naziri Nikol Paşinyanın, həm də onun müavini Mher Qriqoryanın Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşlərində Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin regionda kommunikasiyaların açılması məsələlərinin əsas müzakirə mövzusu olması sülh müqaviləsinin imzalanması prosesinə hazırlığın növbəti mərhələsi kimi də dəyərləndirilə bilər. Çünki düşmən ölkədə sözügedən danışıqlarla paralel olaraq ictimai fikri sülhə hazırlama istiqamətində də addımlar atılır. Məsələ burasındadır ki, bu görüşlərlə eyni vaxtda Ermənistanda hakimiyyətə yaxın mətbuatda Azərbaycan ilə sülh müqaviləsinin yeganə çıxış yolu olması barədə ekspert rəylərinə əsaslanan yazılar peyda olub. Düşmən ölkənin “Sputnik Armenia” saytı beynəlxalq hüquq üzrə ekspert Ara Qazaryanın fikirlərinə istinadən yazır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması indiki vəziyyətdən yeganə çıxış yoludur. A.Qazaryanın sözlərinə görə, biz bunu sülh müqaviləsi adlandırmaya bilərik: “Amma diplomatik münasibətlər qurmaq üçün hər iki ölkəyə sənəd lazımdır... Bu vəziyyət əbədi davam edə bilməz.”

Maraqlıdır ki, müsahibədə Azərbaycanın Ermənistana qarşı qaldıra biləcəyi təzminat haqqında da danışan ekspert bunun 50 milyard ABŞ dolları ola biləcəyinin deyildiyini söyləyib və bildirib ki, bu barədə hələlik çox az məlumat var, iddianın hansı əsasla veriləcəyini, hansı beynəlxalq instansiyaya göndəriləcəyini anlamaq lazımdır...

Beləliklə, Ermənistan rəhbərliyi bütün şərtlər daxilində sülh müqaviləsinin imzalanmasının yeganə çıxış yolu olduğunun ictimai fikrə də sirayət etməsində maraqlı görünür və dolayısı ilə əks halda daha ciddi problemlər yaşaya biləcəklərinin anonsunu verir.

Azərbaycanın isə mövqeyi bəlli və dəyişməzdir. Fevralın 13-də işğaldan azad olunmuş Ağdam rayonuna sayca üçüncü səfəri zamanı Prezident İlham Əliyev ermənilərin 30 il ərzində törətdikləri vəhşilikləri bir daha xatırladaraq bildirdi ki, indi bəziləri gələcək barışıq haqqında danışırlar: “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır.”

Bu, əslində o deməkdir ki, Ermənistanın sülh müqaviləsini imzalamamaq üçün başqa revanşist seçim imkanı yoxdur və olmayacaq da...