KÖŞƏ

Mahir Rəsuloğlu

Ermənistan hamını necə aldadır?..

09 fevral 2022 01:59
1219

Düşmən ölkənin üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquq çərçivələrinə sığmır

Bütün beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi cinayətlər törətməkdən çəkinməyən, İkinci Qarabağ müharibəsi zamanı şəhərlərimizi qadağan olunmuş ballistik raketlərlə atəşə tutan Ermənistandan fərqli olaraq şanlı ordumuz düşməndən qisasını döyüş meydanında aldı və mülki insanların zərər görməməsi üçün maksimum həssaslıq nümayiş etdirdi. Müharibədən sonra da Azərbaycan humanizm prinsipləri ilə davranaraq məhv edilmiş erməni əsgərlərinin meyitlərinin və qalıqlarının axtarışının aparılması üçün şərait yaratdı, əsir düşmüş hərbçilərin Ermənistana təhvil verilməsini təmin etdi. Fevralın 7-də daha 8 erməninin geri qaytarılması Azərbaycanın regionda postmünaqişə dövründə dayanıqlı sülhə nail olunması üçün humanizmə söykənən mövqeyini bir daha təsdiq edir. Ermənistan isə...

Qeyd edək ki, həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədimizin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır. Beləliklə də müharibədən sonra geri təhvil verilmiş Ermənistan vətəndaşlarının ümumi sayı 110-u keçmiş oldu. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bununla bağlı məlumatında bildirilir ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi də öhdəlik götürüb. Düşmən ölkə birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Xatırladaq ki, dövlətimizin başçısı bu məsələni fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla videoformatda keçirilən dörtərəfli görüşdə qaldırmışdı və qeyd olunan məsələ digər iştirakçılar tərəfindən də dəstəklənmişdi.

Azərbaycanın razılaşmalara müvafiq olaraq atdığı konkret humanist addımına beynəlxalq təşkilatların və bir sıra dövlətlərin münasibəti də özünü çox gözlətmədi. Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişel, qurumun Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, Fransanın dövlət başçısı E.Makron, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini mühüm humanitar jest kimi dəyərləndirərək alqışlayıblar. ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunur ki, bütün saxlanılan hərbçilərin qaytarılmasının asanlaşdırılması və itkin düşənlərin (o cümlədən 1990-cı illərdə) haqqında məlumat əldə edilməsi səyləri regionda davamlı sülh üçün çox vacibdir.

Ancaq proseslərin gedişi göstərir ki, Ermənistan öz ampluasındadır və yaranmış imkanları dəyərləndirmək əvəzinə üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmağa çalışır. Əvvəlcə qeyd edək ki, Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb. Bu barədə yazan düşmən ölkənin “Joxovurd” qəzetinin məlumatına görə, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar. Bildirilir ki, 8 hərbçidən 6-sı dindirmədən sonra sərbəst buraxılsa da digər iki nəfərin işi hərbi polisə tapşırılıb. Bəlli olduğu kimi, bundan əvvəl də Ermənistana təhvil verilmiş hərbçilər istintaqa cəlb olunmuşdular.

İkinci və ən mühüm məqam isə Ermənistanın Xarici İşlər Nazirliyi mətbuat katibinin açıqlaması, düşmən ölkənin  cəmi bir neçə gün öncə Avropa İttifaqı kimi mötəbər qurumun rəhbərliyinin iştirakı və şahidliyi ilə üzərinə götürdüyü öhdəçilikdən yayınmaq cəhdidir. Artıq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) dünən məsələyə rəsmi münasibət də bildirib. Açıqlamada qeyd olunur ki, Ermənistan tərəfinin 8 erməni əsilli hərbi qulluqçunun qaytarılması müqabilində birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə öz üzərinə öhdəlik götürməməsinə dair 7 fevral 2022-ci il tarixli açıqlaması beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirilməlidir: “Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun müvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur.”

Xatırladaq ki, birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı itkin düşmüş sayılan 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə Ermənistan bu günə qədər heç bir məlumat verməyib. Baxmayaraq ki, Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin atdığı humanist addımların nəticəsi olaraq 1708 erməni hərbi qulluqçunun cəsədinin tapılaraq qarşı tərəfə təhvil verilməsi təmin edilib. Bütün bunların fonunda Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında, həmçinin 4 fevral 2022-ci ildə videoformatda keçirilmiş görüş zamanı üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır.

Azərbaycan XİN açıqlamasında beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıb.

Onu da qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən itkin düşmüş şəxslərin ailə üzvlərindən alınan DNK nümunələri əsasında 3000-dən artıq insanın DNK bazası yaradılıb.

Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər.

Hamının gözü qarşısında açıq-aşkar “cığallıq edən” Ermənistana ən azından indi beynəlxalq ictimaiyyət, regionda sülhün təmin edilməsində maraqlı olduğunu bəyan edən təşkilatlar, xüsusilə də bunun üçün vasitəçilik təşəbbüsləri göstərən Avropa İttifaqı və ATƏT, ABŞ, Fransa, Rusiya kimi dövlətlər təzyiq göstərməli, onu qınamalıdırlar. Əks halda, deməli onların sülh üçün vasitəçilik təşəbbüsləri də səmimi deyil və baş verənlərə ikili standartlarla yanaşma davam edir.