02 fevral 2022 23:59
1004

“Ağ Olimpiada” həyəcanı başlayır

Pekin-2022 Qış Olimpiya Oyunları hansı yeniliklərlə yadda qalacaq?

Olimpiya Oyunlarının keçirilməsi ideyası bəşər tarixinin ən böyük kəşflərindən biridir. Çünki müasir dövrdə elə bir ümumdünya tədbiri yoxdur ki, bu tədbir siyasi, sosial, mədəniyyət və incəsənət sahəsində öz əhatə dairəsinə, əhəmiyyətinə, ümumbəşəri dəyərlərə sadiqliyinə görə Olimpiya Oyunları ilə müqayisə oluna bilsin. Yay və Qış Olimpiya Oyunları burada təmsil olunan ölkələrin və atletlərin, proqrama daxil olan idman növlərinin sayına görə bir-birindən fərqlənsə də, mahiyyət etibarilə eyni məqsədə, eyni amala xidmət etdiyindən bütün dünyanın diqqət mərkəzində olur.

"Ağ Olimpiada" adlanan ilk Qış Olimpiya Oyunları 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilib. Burada 16 ölkənin 293 idmançısı medallar uğrunda mübarizə aparıb. İndi isə dünyanın diqqəti Çinin paytaxtı Pekinə yönəlib. Dünyanın ən güclü idmançıları 4 illik fasilədən sonra bu dəfə Çinin paytaxtında qələbə uğrunda yarışacaqlar. Gərgin və maraqlı keçəcək "Ağ Olimpiada”da bizi yeni idman uğurları, yeni rekordlar və maraqlı hədisələr gözləyir. Tarixə həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhər kimi düşəcək Pekin bu mötəbər idman yarışına yüksək səviyyədə hazır olduğunu bildirib. Yarışlar 4 - 20 fevral tarixlərin arasında keçiriləcək. Bunun üçün nəzərdə tutulmuş açıq və qapalı məkanlar, Olimpiya kəndləri, məşq zalları hazır vəziyyətdədir. Əsası isə ən son texnoloji yeniliklərin tətbiqi ilə həyata keçirilmiş inşaat və quraşdırma işləri yerli və xarici ekspertlər tərəfindən müsbət qiymətləndirilir.

Bəs bu yeniliklər hansılardır? Əvvəlcə idmançıların yarışacağı obyektlər, onların oyunlar zamanı qalacaqları Olimpiya kəndi haqqında məlumat vermək yerinə düşər. Qeyd etdiyimiz kimi, Çin hökuməti olimpiadaların təşkili üçün 3 klasterdən istifadə edib. Bu klasterlərin hər birində Olimpiya kəndi mövcuddur. Təşkilat Komitəsi idmançıların rahatlığı və vaxt itkisini nəzərə alaraq bu addımı atıb. Məlumat üçün bildirək ki, ümumilikdə üç kəndin ərazisi 330 min kvadratmetri əhatə edir. Çinlilər bu kəndlərdə 20 bina inşa ediblər. Sonradan həmin yaşayış yerləri yerli sakinlərə təklif olunacaq.

Olimpiya kəndlərinin inşası 5 ilə başa gəlib. Təşkilatçılar çalışıblar ki, həmin kəndlər ekoloji cəhətdən insanlara xidmət edə bilsin. Çinlilər düşünürlər ki, bu arzuları həyata keçib. Məsələn, Yançindəki Olimpiya kəndi salındığı vaxt 130 ağac toxunulmadan qalıb. Burada əlavə olaraq 24 min ağac əkilməklə Olimpiya meşəsi yaradılıb. Kəndlərdəki binalar Çin üslubunda inşa olunub ki, idmançılar həmin üslubdan zövq ala bilsinlər. Yançindəki kənd dəniz səviyyəsindən 900 metr hündürlükdədir. Binalardakı korpusların hər biri yüksək dərəcədə isitmə sistemi ilə təchiz edilib. Olimpiada iştirakçıları olan xizəkçilər yarış yerinə kanatla qalxıb, elə xizəklə də qayıda biləcəklər. Bundan əlavə, Olimpiya kəndlərindəki otaqlar tək və cüt nəfərlik nəzərdə tutulub. Daxildəki isitmə sistemi və digər yeniliklərin hamısı smartfonla idarə olunacaq. Yataq dəstləri istənilən hündürlüyə qaldırıla bilər. Tokio Olimpiadasında olduğu kimi, burada da çarpayılar kartondan hazırlanıb.

Kəndlərdə idmançılara robotlar xidmət edəcək. Buradakı klinikalarda idmançılar tibbin 18 xidmətindən, eləcə də cərrahiyədən yararlana biləcəklər. 200 tibb personalının fəaliyyət göstərdiyi klinika gün ərzində 16 saat idmançıların ixtiyarında olacaq. Əgər hər hansı bir idmançının koronavirus testi müsbət çıxarsa, o təcili tibbi yardım avtomobili vasitəsi ilə kənddən kənardakı xəstəxanalara yönləndiriləcək. Bu, təkcə bir idmançını əhatə etməyəcək, onunla təmasda olan idmançılar da nəzarətə götürüləcək. Xüsusi sanitar xidməti isə onların otağını və həmin ərazini dezinfeksiya edəcək.

Kəndin ərazisində robotlar hərəkət edəcək. Onlar tez-tez idmançılara maska taxmağı, gigiyena qaydalarına riayət etməyi və kənar təmasdan uzaq olmağı xatırladacaq. Robotların işi təkcə bununla bitmir. Belə ki, robotlar dezinfeksiya, kuryer xidmətində, bələdçilikdə insanlarla yanaşı, işləyəcək. Hətta onlara kafelərdə də rast gəlmək mümkün olacaq. Bir sözlə, robotlar 3-4 insanın gördüyü işi yerinə yetirəcək.

Təşkilatçılar 4 il Olimpiya menyusu üzərində işləyiblər və yekun nəticədə 678 qidanı müəyyənləşdiriblər. Burada pəhriz, vegeterian və halal qidalar xüsusi nəzərə alınıb. Lakin yeməklərin daxilində istiot və dəfinə yarpağı olmayacaq. Təşkilatçılar düşünür ki, bu ədəvalar dopinq testlərində müsbət nəticə verə bilər. Yeməkxana daxilində də karantin qaydalarına xüsusi riayət ediləcək.

Onu da qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi məşəli Çin dilindən tərcümədə ("fen yan”) "uçan” mənasını verir. Oyunların talismanı olan pandanın adı "Bin Dun Dun”dur. Dilimizə tərcümədə "bin” buz (paklıq və güc), "Dun Dun” isə uşaqları deməkdir.

Sevinc Azadi, “İki sahil”