Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə yelkən üzrə açıq Azərbaycan çempionatı start götürüb.
“İki sahil” ASİNF-dən verilən məlumata görə bildirir ki, yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində keçirilən çempionatın açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar haqqında məlumat verilib. Rəsmi hissədən sonra yarışlar başlayıb.
Qeyd edək ki, açıq ölkə çempionatında Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərdən ibarət heyət Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır. Yarış sentyabrın 14-nə qədər davam edəcək. Mükafatlandırma mərasimi son gündə baş tutacaq.
Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.