02 fevral 2022 10:31
629

Elxan Məmmədov: Milli komanda səviyyəsində nəticələr qənaətbəxş olmadı

“Avropa və onun tərkibində olan Azərbaycan futbolu çətin günlər keçirdi”.

“İki sahil” xəbər verir ki, bunu AFFA-nın bugünkü Konfransında qurumun vitse-prezidenti Elxan Məmmədov deyib.

O, bildirib ki, ötən aylar ərzində qeyri-adi günlər yaşanıb: “Xoşbəxtlikdən qısa müddətdən sonra futbolumuzu davam etdirə bildik. Pandemiya zamanı davam etdirilən yeganə idman növü futbol oldu. Milli komanda səviyyəsində nəticələr qənaətbəxş olmadı. Amma biz yığmamıza davam etdirməliyik. Oyunlar göstərdi ki, daha çox xal toplaya bilərik”.

Məmmədov klublarımızın avrokuboklardakı çıxışına da münasibət bildirib: “Burada “Qarabağ” bizi yenə sevindirdi və hazırda da mübarizəni davam etdirir. İki həftədən sonra təmsilçimiz Konfrans Liqasında növbəti oyununa çıxacaq. “Qarabağ”a pley-off mərhələsində uğurlar arzulayırıq”.

O, məktəblərdə idman dərslərinin həftədə iki dəfədən çox olmasını təklif edib: “Bunun ancaq müsbət təsiri olar. Uşaqlıqdan məktəblərdə sağlam həyat tərzi təbliğ olunmalıdır. Təəssüf ki, pandemiya uşaqların sayına da təsir göstərdi. Pandemiyadan əvvəl uşaq futbolçularının sayı 10 min 196 idisə, indi 8351-ə düşüb”.