KÖŞƏ

Mahir Rəsuloğlu

Moskvadan Füzuliyə başlayacaq uçuşlar...

20 dekabr 2021 22:58
1355

Və Gorus-Qafan yolunda Azərbaycan yanacağına möhtac erməni maşınları

Azərbaycanın əzəli və əbədi torpaqlarını 30 ilə yaxın işğal altında saxlamaqla, eyni zamanda, digər qonşusu Türkiyəyə qarşı əsassız soyqırımı və torpaq iddiaları irəli sürməklə Ermənistan təkcə özü-özünü bir sıra mühüm layihələrdən məhrum edərək təcrid vəziyyətinə salmadı, üstəlik ümumilikdə Cənubi Qafqaz regionu ölkələrində iqtisadi inkişaf tempinin aşağı düşməsinə, siyasi və potensial əməkdaşlıq əlaqələrinin güclənməsində müəyyən problemlərin yaranmasına səbəb oldu.

Faktdır ki, Ermənistan hakimiyyətinin uzunmüddətli təcavüzkar siyasəti nəticəsində ən çox zərər görən də elə bu ölkənin özüdür. Onsuz da həssas və bir sıra amillərdən asılı olan iqtisadi potensialı daha çox zəifləyib, sosial və demoqrafik problemləri artıb, bir neçə dəfə hakimiyyət dəyişsə də davam etdirilən işğalçılıq kursu əldə etmək istədikləri əksər sosial, iqtisadi və siyasi dividendlərin qapısını bağlayıb. Ölkədə müharibəyə qədər davam edən daxili siyasi böhran postmüharibə dövründə daha da kəskinləşib. Acı məğlubiyyətdən lazımınca dərs çıxarmamaq, Azərbaycanın sülh təkliflərinə, bununla da sabitliyə və inkişafa hədəflənmiş çağırışlara vaxtında və müsbət qarşılıq verməmək düşmən ölkəni çətin seçim qarşısında qoyub. Paşinyan hakimiyyəti də yaxşı anlayır ki, ya indi işğalçılıq siyasətindən, Cənubi Qafqazda pozuculuq fəaliyyətindən, əsassız ərazi iddialarından əl çəkib bölgə üçün yeni dövrün başlamasını qəbul etməli, ya da Ermənistanın dövlət olaraq mövcudluğunu qorumaq kimi ciddi təhlükə ilə üz-üzə qalmalıdırlar. Seçim az, vaxt isə məhduddur. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə dünənki görüşündə Nikol Paşinyanın çıxışı onun yaranmış vəziyyəti düzgün qiymətləndirməyə meyilləndiyini göstərir. Erməni baş nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb: “Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək.”

Münaqişə dövründə düşmən ölkədən fərqli olaraq Azərbaycan isə tam əksinə, mərhələli və məqsədyönlü şəkildə həyata keçirilmiş siyasət nəticəsində dayanıqlı iqtisadi gücə, böyük hərbi potensiala və ən başlıcası ümumxalq birliyinin nəticəsi kimi daimi sabitliyə nail olub. Suveren ərazilərinin 20 faizə qədəri işğal altında qalmasına baxmayaraq inkişaf yolunda inamla irəliləyib, nəhəng beynəlxalq layihələr gerçəkləşdirməklə dünya ölkələri arasında nüfuzunu və mövqeyini möhkəmləndirib. 44 gün davam edən və şanlı Qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və iqtisadi gücünü nümayiş etdirməklə yanaşı, işğala son qoymaqla region üçün yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaradıb ki, Azərbaycan bu imkanlardan da lazımi səviyyədə yararlanmaqdadır.

Sürətlə həyata keçirilən bərpa-quruculuq fəaliyyəti nəticəsində getdikcə yeni və daha müasir simasına qovuşmaqda olan Qarabağ və Şərqi Zəngəzur rayonları getdikcə xarici investorların marağını daha çox cəlb edir və işğaldan qurtarılmış bu ərazilərdə fəaliyyət göstərmək istəyənlərin sayı artmaqdadır.

Qürurvericidir ki, cəmi 8 aya ən müasir tələblər səviyyəsində inşa edilən və oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi açılışı keçirilən Füzuli Beynəlxalq Hava Limanına mütəmadi uçuşlar üçün xarici aviaşirkət tərəfindən ilk lisenziya alınıb. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin müvafiq icazəsini alan “İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli aeroportuna uçuşlar həyata keçirəcək. Bu, artıq həm Füzuli hava limanının beynəlxalq statusla fəaliyyətini genişləndirməsinin, həm də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının, inkişaf etdirilməsinin növbəti mərhələsinin başladığını göstərir.

Və nəhayət, dünəndən etibarən Gorus-Qafan yolu ilə hərəkət edən erməni maşınları və İran TIRları yolun Azərbaycan ərazisindən –Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqəsinin xidmətindən istifadə edə biləcək. Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə açılışı gerçəkləşdirilən məntəqənin məhz qeyd olunan ərazidə fəaliyyəti Azərbaycan üçün iqtisadi səmərəsi qədər də siyasi əhəmiyyət daşıyır.

Azərbaycanın inkişaf modeli tək Cənubi Qafqaz regionu ölkələri üçün deyil, eyni zamanda, dünyanın bir sıra dövlətləri üçün də nümunə sayıla bilər. Hədəflərimiz isə daha böyükdür və Azərbaycan sürətlə, inamla hədəflərinə doğru irəliləyir. Həmişə olduğu kimi, qələbəsinə əmin şəkildə...