KÖŞƏ

Mahir Rəsuloğlu

“Ağlaya-ağlaya köçən”...

25 noyabr 2021 01:58
1507

“Gülə-gülə qayıdan” Kəlbəcərin azadlığına...

Nələr çəkdin 27 il ərzində, Kəlbəcərim?.. Binələrində çadırlar qurulmayan uca dağlarının dərddən başı ağardı, qəddi əyildi, “ağlaya-ağlaya köçən Kəlbəcər”in üzü aşağı uzanan bağlanmış yollarına  baxmaqdan gözünün nuru azaldı. Tərəkəmə türklərin hay-küyündən, tütəklərin yanıqlı çoban bayatısından, kəhər atların kişnərtisindən, bozdarların canavarların canına vəlvələ salan hürüşməsindən, burma buynuzlu təkələrin arxalarınca dəstələnmiş sürülərin quyruğu yerlə sürünən qoyunlarının mələşməsindən məhrum qalan ucu-bucağı görünməyən göy yaylaqlarının gözünün kökü, çəməninin otu saraldı. Diz yerə qoyub gözündən su içənlərin gedər oldu deyə dumduru bulaqlarının, büllur çeşmələrinin suyu lilləndi, azaldı, kol-kosun içində gizlətdi özünü. Arılara həsrət dağ çiçəklərinin şirələnmiş göz yaşları əvvəl boğazlarını, sonra da gül çöhrələrini qurutdu. İstisuyun sakinlərinin isti qanı kimi isti suyu soyudu, buza döndü. Qayalarının kəklikləri, meşələrinin cüyürləri avtomat səsindən, top gurultusundan pərən-pərən düşdü, mərd ovçu həsrəti çəkdi. Yağıya tapdaq olmaq ruhunu incitdi, ürəyini əzdi ana torpağın!

Nələr çəkdin 27 il ərzində, Kəlbəcərim?.. Pərən-pərən düşən övladların namərd gülləsindən şəhid oldular! Əsir oldular, əsir-yesir oldular! Köçkün oldular, sənsizlikdən pərişan oldular! Qocaların bir ovuc torpağına həsrət, suyuna təşnə, gözüaçıq, nakam getdilər! “Kəpəzdən Kəlbəcər qoxusu gəlir deyə, Kəpəzin başına dolandılar”, qayaları titrədəcək haray çəkdilər, havalandılar, başı yığvallı oldular. Hər il sənsizliyin başına yığışdılar, zülüm-zülüm ağladılar, “bu sitəmi yerdə qoyma” deyib Tanrıdan imdad dilədilər. Yuxularında səni gördülər, xatirələrə tapındılar, üzülməsin, qırılmasım deyə, ümidlərini qorğandılar. Unutmadılar! Unutmadıq!

Unutmadıq, ancaq səbrimiz də tükəndi və “Yetər!” dedik 27 il sonra, Kəlbəcərim!.. Sənin, işğalda inləyən digər rayonların, şəhərlərin və kəndlərin, ata-baba yurdlarımızın, dağıdılmış qohum-əqraba qəbirlərinin həsrətinə son vermək, əyilmiş qəddimizi dikəltmək, namusumuzu ağartmaq, qırılmış qürurumuzu sağaltmaq, narahat şəhid ruhlarının dinclik tapması üçün “Yetər!” dedi torpağını sevən Vətən sevdalılar! Və yerişi yer titrədən, görünüşü düşmən bağrı yaran igidlərin elə bir nərə çəkdilər ki, daşlar yerindən oynadı, düşmən qaçıb gizlənməyə deşik axtardı. Bütün qəzəb və nifrətləri ilə erməninin üstünə yeridilər, şəhidlərinin qisasını aldılar, 27 il bağlı qalmış Toğanalıdan üzü yuxarı sənə gələn yollarını açdılar!

“Yetər!” dedik 27 il sonra, Kəlbəcərim!.. Ağsaçlı dağların qəddini düzəltdi, ucsuz-bucaqsız yaylaqlarının otu göyərdi, bulaqların qaynamağa başladı, çiçəklərinə bal arıları qondu, İstisuyun suyu od kimi yandırmağa başladı, cüyürlərin ovlaqlara qayıtdı və müqəddəs torpağın, ana torpağın yenidən cana gəldi. Zirvələrini üçrəngli bayraqlar bəzədi. Sücaətin ruhu sevindi, bilirdim dedi:

Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər!
Azadlıq günün, qayıdışın mübarək, Kəlbəcər!