KÖŞƏ

Mahir Rəsuloğlu

Üzrü günahından betər, yoxsa bumeranq effekti?..

07 oktyabr 2021 01:13
1858

Künc zərbəsi

“Qarabağdakı marslılar” haqqında fantaziyalar

Təsadüfən yadıma düşmədi. Bunu mənə dini dinimizdən və əhalisinin 40 milyonunun, yəni yarısından çoxu soydaşımız olan İranın son vaxtlar mübtəla olduğu, bəlkə də uzun illər boyu içində gizli saxladığı mərəz, bizə qarşı yürütdüyü qərəz xatırlatdı. Ötən əsrin tariximizin qanlı səhifələrinin yazıldığı, xalqımızın ağrılı-acılı günlər yaşadığı 92-ci ilində Xocalı soyqırımından sonra Qarabağda vəziyyət getdikcə idarəolunmaz hal alır, Azərbaycanın xüsusi strateji əhəmiyyətə malik qədim şəhəri Şuşaya hücumlar şiddətlənirdi. Belə çətin məqamda müsəlman İranının elan olunmamış müharibəni dayandırmaq üçün vasitəçilik təklifi, hər iki qonşu dövlətin başçılarını sülh müqaviləsi üçün Tehrana dəvət etməsi necə də ümidləndirmişdi torpağı və canı təhlükədə olan sadə Azərbaycan insanını. Bə nədi, “Necə olsa, onlar da müsəlmandı, qanları götürmədi bu qırğınları”, “Əhalisinin çoxu qardaş-bacılarımızdır, İran da bizə kömək etməyəcək, kim edəcək?”

Qərəz, 1992-ci il mayın 7-də Tehranda İranın o vaxtkı prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzaladılar. Sənəddə guya bir həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu. Ancaq imzalanan sənədin mürəkkəbi qurumamış – mayın 8-də ermənilər Şuşanı işğal etdilər! Şərhə ehtiyac varmı?

30 il davam edən erməni işğalı dönəmində İran bircə dəfə də olsun Ermənistana heç olmasa üzünü də turşutmadı ki, bəs kafir oğlu kafir, sən niyə düz mənim sərhədlərimin böyründə müsəlman qardaşlarımın torpaqlarını ələ keçirib onlara zülm edirsən, hansı cəsarətlə məscidlərini dağıdıb orada donuz saxlayırsan? Əksinə, xoşhal görünürdü bu vəziyyətdən, başındakı əmmaməsindən utanmadan həmin kafir oğlu kafirlə az qala dodaq-dodağa öpüşüb-görüşürdü. 44 gün davam edən Vətən müharibəsində isə İran bircə dəfə də yalandan da olsa, “Müqəddəs bir savaşdasınız, dinimiz də, haqq-ədalət də yanınızda olmağımızı tələb edir, hansısa köməyə ehtiyacınız varmı” deyə soruşmadı. Əksinə, gizli-aşkar ərzaq, yanacaq və daha nələr olduğunu bir Allah bilən yardım daşıdı ermənilərə…

İndi İranın müharibənin qurtarmasından, Azərbaycanın bütün dünyanı qarşısına alaraq və heyrətləndirərək, təkbaşına və ona bu ölkədən fərqli olaraq mənəvi dəstək göstərən dostlar sayəsində haqq etdiyi şanlı Qələbəsindən bir il keçməmiş mərəzi və qərəzi baş qaldırıb, hələ üzrü günahından betər bizi haqsız yerə ittiham etməyə çalışır. Yəni, prezident ağayi Rəisi və yanındakı mühafizəkar “ağayilər” sərhədimizə qoşun yığıb təlim keçəndə əynində hərbi uniforma Bozqurd salamı göndərənlərin nə demək istədiyini anlamayacaq, bumeranq effektinin nə olduğunu bilməyəcək qədər naşı siyasətçilərdimi? Bölgədə sülh çağırışlarının reallaşmaq ərəfəsində olduğu indiki vaxtda İran niyə durulmaqda olan suyu bulandırmaq istəyir ki?

Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoymasına gəlincə, bununla İranın nəsə əldə etməyə ümid bəsləməsi sadəcə gülüncdür. Nədən? Çünki əvvəla, biz hərbi təhcizat üçün Naxçıvan hava yolundan intensiv istifadə etmirik. İkincisi də alternativ istiqamətlər kifayət qədərdir və Naxçıvandakı qüvvələrin hərbi tədarükünün əvvəlki tək davam edəcəyinə cənub qonşumuzun şəkk-şübhəsi olmasın. Yeri gəlməsə də, İranın qadağasından bir gün sonra Azərbaycan və Ermənistan qarşılıqlı olaraq hava məkanlarını bir-birlərinə açıblar və indi mülki təyyarələrimiz Naxçıvana bu ölkə üzərindən uça bilir. Bağlanan isə tək Naxçıvana İran üzərindən hava məkanı deyil, İranın ali dini liderinin Bakıdakı ofisini də biz bağladıq – pandemiyaya görə, virus yayılmaq ehtimalı yüksək idi…

Hə, qaldı İranın Azərbaycanı guya Qarabağa İsrail əsgərləri gətirməkdə ittiham eləməsinə, yəqindir ki, Arazın o tayından gözlərinə elə görünüb. Çünki “cəddimə and olsun” (mənim imanım və inamımın “əyalət mollaları”nınkından daha çox, daha kamil olduğuna şəkk edəni Allaha tapşırıram), Azərbaycanda, həmçinin cənub sərhədimizdə İsrailin əsgəri yoxdur, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fonunda şəkil çəkdirdiyi “Harop” adlı PUA-sı var, yəni pilotsuz uçuş aparatı. Onun nə olduğunu, nə işə yaradığını iranlı dindaşlarımız zəng edib qardaşları ermənilərdən soruşa bilərlər. “Harop”un yanındakı isə “Quzğun”dur, Türkiyədən almışıq.

İsrail hərbçilərinin Qarabağda olması barədə xəbərlərə bu ölkənin Rusiyadakı səfiri Aleksandr Ben Svinin cavabını da yazıb sağollaşaq. Cənab səfir “RİA Novosti”yə bunula bağlı danışarkən İranın iddialarını “böyük axmaqlıq” və fantaziya adlandırıb: “Bu böyük ağılsızlıqdır. Əgər biz Qarabağ haqqında danışırıqsa, orada Rusiya və Türkiyə hərbçiləri var. Ona görə də hesab edirəm ki, onlarda hansısa fantaziyalar var və deyə bilərlər ki, bəlkə marslılar da həmçinin oradadırlar."

Marslılar ha, Allah səni güldürsün, Aleksandr Ben Svin müəllim!