KÖŞƏ

Mahir Rəsuloğlu

Üzü astarından betər...

13 avqust 2021 22:59
1748

Künc zərbəsi

Vladimir Jirinovski və İsfəndiyar Vahabzadə haqqında

 

Millət, xalq olaraq azadlıq savaşı verdiyimiz o çətin günlərdə də, yaranmış xaosdan bəhrələnərək ölkədə hakimiyyəti zəbt edib hakimiyyətsizlik yaradanların səriştəsizliyi, başıpozuqluğu, satqınlığı səbəbindən torpaqlarımız kənd-kənd, rayon-rayon ermənilərə peşkəş ediləndə də gözümüz ekranlarda ziyalı axtarırdı, ziyalı sözü, ziyalı mövqeyi ilə təskinlik tapırdıq. Azərbaycanın Xalq şairi, xalqının yanında olan şairi mərhum Bəxtiyar Vahabzadə məhz elə ziyalılardan idi – haqqı deyən, xalqın sözünü, sözün düzünü deyən, özü də qorxmadan, cəsarətlə deyən. Ziyalı sözünün haqqını sona qədər verən, millətini, dövlətini sevən işıqlı insan idi, rəhmətlik. Şəxsən tanımaq, evində çay süfrəsində söhbətləşmək, sandıq ədəbiyyatının nümunələrini dinləmək qismət olmuşdu mənə...

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin bu günlərdə növbəti dəfə həyasızcasına, hədyanlıqla, riyakarlıqla Azərbaycan haqqında söylədiklərinə cavab verilməsi əslində bu qədər müzakirə mövzusu olmamalıydı. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini nəzərdə tutmuram, vaxtında atılmış zəruri addımdır və bəlkə növbətisi daha kəskin olmalıdır. Söhbət artıq neçə gündür sosial şəbəkələrdə müxtəlif yanaşmalara, fərqli münasibətlərə səbəb olan cavabdan gedir – İsfəndiyar Bəxtiyar oğlu Vahabzadənin cavabından. Təqdimatda filologiya elmləri doktoru, professor, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvü kimi elmi titullarını, uzun müddət bir neçə ölkədə səfir işlədiyini yazmadım, çünki onu çoxumuz məhz yuxarıda haqqında bəhs etdiyim mərhum ziyalımız Bəxtiyar Vahabzadənin oğlu kimi  tanıyırıq. İsfəndiyar Vahabzadə Vladimir Jirinovskiyə cavab verib. Savadsız, ədabaz, kobud danışığına, meydan oxuyurmuş kimi manerasına, millətimə, xalqıma, dövlətimə qarşı səbəbi bilinməyən düşmən mövqeyinə görə Jirinovskiyə əksəriyyətimiz kimi, mən də nifrət edirəm və düşünürəm ki, qırmızı xəttimiz olan milli mənliyimizə, dövlətçiliyimizə dil uzadanlar erməni qədər düşmənimizdir. Bu üzdən Vahabzadənin Jirinovskini “donuz” adlandırması, üstəlik  onu bu “Allahın xoşu gəlməyən” murdar heyvanın iylənmişi ilə müqayisə etməsi şəxsən mənim də xoşuma gələrdi... Əgər cavab başqa məqsədlər də güdməsəydi...

Alimliyini bir tərəfə qoyuram və bu barədə bir qədər sonra. Uzun müddət müxtəlif yüksək vəzifələrdə işləmiş, Azərbaycan Respublikasının Pakistanda, Moldovada, Belarusda fövqəladə və səlahiyyətli səfiri olmuş İ.Vahabzadə bir xalqı, milləti təhqir etməyin yolverilməz olduğunu ən azından cavabını verdiyi Jirinovskinin timsalında yaxşı bilir. Yaxşı bilir ki, belə hərəkət həmin xalqda təkcə özü haqqında deyil, hamımız haqqında – millətimiz, dövlətimiz haqqında mənfi fikir, düşmənçilik, aqressiya yaradır. Yaxşı bilir ki, Rusiyada ermənilərin təsir dairəsində olan kütləvi informasiya vasitələri, el dilində desək, “əl-ayağımızı yemək üçün” fürsət axtaran və gözləyən ermənipərəst jurnalistlər, siyasətçilər kifayət qədər çoxdur. Onu da yaxşı bilir ki, verdiyi cavab özünün Rusiyaya girişinə qoyulmuş 50 illik qadağadan betər milli kimliyimizə, imicimizə zərər vurur. Bütün qəzəbi sadəcə Jirinovskiyə yönəltmək olmazdımı? Jirinovskinin lap “dədəsini də qəbirdən çıxarmaq” şərtilə, dediklərinin səhv, təhqir olduğunu savadlı, ziyalı, diplomat kimi əsaslandırmaq olmazdımı? Demək cavab həm də məqsədlidir, üstəlik bu məqsəd bizim xeyrimizə deyil!

İsfəndiyar Vahabzadənin mövzu ilə bağlı “Osmanqızı TV”yə (elə xaricdən maliyyələşən və bütün fəaliyyəti Azərbaycanın əleyhinə yönəlmiş bir kanalla əməkdaşlığın özü bir sıra məqamlara aydınlıq gətirir) verdiyi müsahibədə qəribə bir paradoks var. Professor həm sadəcə səfir kimi geri çağırıldığını və işdən çıxarılmadığını deyir, həm də pensiya yaşına az qalmış işdən çıxarılmasından gileylənir. Və daha sonra İ.Vahabzadə deyir ki, Jirinovskiyə istər rəsmi qaydada, istərsə də sadə insanlar tərəfindən birinci dəfə Azərbaycan əleyhinə danışanda cavab verilməliydi. Sonra isə özü-özünü təkzib edərək deyir mən həmin vaxt işləmirdim, sıravi insan idim. Bir az sonra hazırda da işləməyən sıravi insan olduğunu bildirir. Bəs elədirsə niyə həmin vaxt cavab vermirdi Jirinovskiyə? İndi niyə qəfildən belə qeyzləndi?

Və sonda. Mənim elmi titullarım yoxdur. Universitetin filologiya fakültəsini bakalavr pilləsi üzrə birtəhər bitirmişəm. Ancaq danışanda da, yazanda da bir filoloq olmaq məsuliyyəti hiss edirəm özümdə. İsfəndiyar Vahabzadə isə qeyd etdiyimiz kimi, filologiya elmləri doktoru, professordur, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür, yəni dilçidir, ədəbiyyatçıdır, alimdir. Onun rabitəsiz, məntiqsiz, bir-birini inkar edən, üslub səhvləri ilə dolu cümlələrinə qulaq asanda yəqin iki şəxsin ruhu üsyan edir – filologiyanı icad edənin və Bəxtiyar Vahabzadənin...