KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Ermənistan ordusunun təxribatı: qorxudur, yoxsa qorxur?

23 may 2018 23:59
4584

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatı müəyyən suallar yaratdığından ölkə ictimaiyyətinin müzakirə predmetinə çevrilib. Bəziləri bunu  erməni tərəfinin timsalında  TANAP-ın istifadəyə verilməsi ərəfəsində layihənin həyata keçirilməsində maraqlı olmayan tərəflərin “töhfəsi” kimi qiymətləndirirlər. Bununla belə, erməni tərəfinin təxribatını Prezident İlham Əliyevin Naxçıvan MR-na səfəri ilə əlaqələndirənlər də az deyil.

Birincilərin əsas arqumentini TANAP-ın istifadəyə verilməsi ərəfəsində erməni tərəfinin narahatlığı təşkil edir. Əslində erməni tərəfinin Ermənistanın iqtisadi blokadasını daha da gücləndirəcək “Cənub Qaz Dəhlizi”nin əsas hissəsinin istifadə verilməsinə normal yanaşacaqları da sadəlövhlük olardı. Bu mənada ermənilər nəinki narahatlıqlarını ifadə edir, hətta TANAP-dan Azərbaycan-Rusiya münasibətlərinə qarşı da istifadə etməyə çalışdıqları da aydındır. Hətta Ermənistanın “1in.am” elektron nəşri bu məsələdə daha da irəli gedərək Azərbaycan və Türkiyənin TANAP-ın açılış mərasinə hazırlaşmasını Rusiyanın kürəyinə “vurulan zərbə” kimi qiymətləndirib. Həqiqət isə ondan ibarətdir ki, TANAP Avropanın “mavi yanacağ”a olan tələbatının 3-də birini ödəyən Rusiya ilə müqayisə olunmayacaq həcmdə Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqlinə imkan verəcək. Bununla yanaşı, Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, həyata keçirdiyi enerji layihələri heç bir analoji layihəyə rəqib deyil. Eyni zamanda, TANAP-a ABŞ, Avropa Birliyi kimi dünya güclərinin siyasi dəstəyi var. Odur ki, erməni tərəfinin istənilən təxribatı  Türkiyənin ərazisində olan TANAP-ın istifadəyə verilməsi  üçün heç bir əhəmiyyət daşımır.

İkinci versiyaya gəldikdə isə bu, daha real görünür. Məsələ burasındadır ki, Prezident İlham Əliyevin Naxçıvan MR-ə sonuncu səfəri zamanı çıxışında Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusunun ən müasir silah və hərbi texnika ilə təchiz edildiyini, nəticədə düşmənin istənilən hücumunu dəf edib güclü əks-hücum əməliyyatları apara biləcəyini, Naxçıvan ərazisində güclü raket sistemlərini yerləşdirildiyini və bu silahlar düşmənin istənilən hədəfini vura bilcəyini bildirməsi, bunun ardınca Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim Tədris Mərkəzində olması və  silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması düşmən ölkədə növbəti dəfə təşviş yaradıb. Hər halda bununla bağlı mətbuatda yazılanlar belə deməyə imkan verir.

Məsələn, hərbi ekspert David Arutyunyan “Sputnik Armenia” agentliyinə bildirib ki,  Azərbaycanın buradakı hərbi imkanları onlara məlumdur və onu  bilirlər ki, Naxçıvanla həmsərhəd Ermənistan əraziləri, eləcə də paytaxt  İrəvan doğrudan da əlçatandır. Arutyunyan Naxçıvandan qaynaqlanan hərbi təhdid məsələsindən danışarkən erməni ordusunun imkanlarından yox,  Rusiyanın Ermənistanla hərbi müqaviləsindən danışır.

Həmin agentliyin mövzu ilə bağlı digər məqaləsində isə qeyd olunur ki, Bakı son vaxtlar Naxçıvanda tez-tez təlimlər keçirir. Təlimlərdə iştirak edən canlı qüvvənin, hərbi texnikanın sayına diqqət çəkildiyi yazıda muxtar respublikada hərbi qüvvələrin irimiqyaslı cəmləşməsinin həyata keçirildiyi vurğulanır. Bir sözlə, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusunun düşmən ölkədə yaratdığı xof açıq aydın hiss olunur.

Bütün bunların fonunda Müdafiə Nazirliyinin də bildirdiyi kimi, dövlət sərhədinin Naxçıvan sahəsində törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna deyil. Məqsədi isə məlumdur... Necə deyərlər, “itdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuduram! Soruşurlar quyruğun niyə əsir? Deyir: özüm də qorxuram”. Elə Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz belə itlərin günündədir”.