KÖŞƏ

Yaqut Ağaşahqızı

Uğurlu sosial dövlət modeli:  Hamı və hər kəs üçün...

30 aprel 2020 10:21
4329

Azərbaycan hər zaman olduğu kimi, koronavirus pandemiyasının tüğyan etdiyi belə bir kritik dönəmdə də vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində səylərini davam etdirir. Prezident İlham Əliyev tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Ölkə başçısının tapşırıqlarına əsasən, ümumilikdə 1 milyon 629 min, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin 190 manat birdəfəlik ödəmə ilə təminatı prosesi gündəlik davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu günədək artıq 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb. Müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq. Beləliklə, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər ediləcək.

 Eyni zamanda, pandemiya dövründə ödənişli ictimai iş yerlərinin sayı da 2 dəfə artırılıb. Minimum əməkhaqqı həcmində maaş verilən ödənişli ictimai iş yerləri də dövlət sektoruna aid olan iş yerləridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması təmin olunacaq. Artıq indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 56 min nəfəri ötüb. Bu şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır. Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrə yaradılır.

 Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən sosial tədbirlər sistemində mühüm yer tutan ünvanlı sosial yardım paketinin də miqyası genişləndirilib. Belə ki, bu yardımı alan vətəndaşların da sayı artırılıb. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və artıq onların sayı 80 minə çatıb. Həmin ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından hər hansı faiz tutulmadan ala bilərlər. Bundan əlavə, dövlət başçısının tapşırığına əsasən, ünvanlı sosial yardımın mexanizmi sadələşdirilir və onun təyin olunması şərtləri yumşaldılır. Bu, daha çox ailənin proqramdan dəstək almasını təmin etməklə yanaşı, belə bir həqiqəti də ortaya qoyur ki, Azərbaycan hökuməti özünün aztəminatlı ailələrin sosial rifahının yaxşılaşması üçün zəruri tədbirlər görmək siyasətinə sadiqdir.

Məlumdur ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib. Bununla əlaqədar dövlət başçısının göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik sosial xidmətlərlə təmin olunurlar. Hazırda bu kateqoriyadan olan 15 000-dən çox tənha yaşlıya evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Təbii ki, bu layihələrin də məğzində vətəndaş, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır.