KÖŞƏ

Yaqut Ağaşahqızı

Dünya erməni vəhşiliyinə şahidlik edir

24 noyabr 2020 20:23
6481

 Və yaxud beynəlxalq media hansı məsələlərə diqqət yetirir?

Beynəlxalq media orqanları İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dönəmdə regionda baş verən hadisələri gündəmdə saxlayır. Xüsusilə də Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə Bəyanat imzalanandan sonra bölgədə baş verən prosesləri, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyəti, Ermənistan qoşunlarının, eləcə də qanunsuz məskunlaşdırılmış erməni əhalisinin Kəlbəcər və Laçını tərk etmələrini, erməni vandalizminin bütün təfərrüatlarını gündəmdə saxlayırlar.

Fransanın “Paris Match” jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycan şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur. Müəllif yolda dağıdılmış, vandalizmə məruz qalmış qəbirlərin yanında dayandıqlarını bildirir, hətta ermənilərin cəsədlərdən qızıl dişləri belə çıxarmaları haqqında məlumat verdiyini yazır. “Azərbaycanlılar kilsələrə və qəbiristanlıqlara toxunmur” deyən müxbir vurğulayır ki, bu ermənilər hara gedirlərsə, düşünürlər ora onlara məxsusdur.

İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərinin elektron versiyalarında yerləşdirilmiş videolarda Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonunun erməni vandalizminin daha bir nümunəsinə şahidlik etdiyi qeyd olunur. Kəlbəcər rayonunda qanunsuz olaraq məskunlaşmış erməni əhalisi rayonu vandalizm aktları törədərək boşaldırlar. Videolarda  erməni əhalisinin özləri ilə apara bilmədiyi əşyaları, yaşayış evlərini, məktəbləri yandırması öz təsdiqini bir daha tapır.

Moldovanın “Tribuna”, “NOİ.MD”, “AVA.MD”, “İPN.MD” və “Timbul” informasiya portalları Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun Ermənistanın işğal etdiyi ərazilərimizdə mədəni-dini abidələrin dağıdılmasına dair rumın və rus dillərində məqaləsini yayıblar. “Azərbaycanın Qarabağdakı məscidlərində 30 ildir donuzlar saxlanılır” sərlövhəli məqalədə səfir işğal altındakı ərazilərimizdə olan 67 məsciddən 63-nün tam dağıdıldığını, 4-nün isə qismən məhv edildiyini vurğulayıb: "Ermənilərin ədəbsizliyinin və azərbaycanlılara nifrətinin təcəssümü olaraq onların içərisində donuz və mal-qara saxlanılır. Eyni zamanda, işğal olunmuş ərazilərdəki çay, göl, kənd və şəhər adları erməniləşdirilib. Erməni vandalizminin əli ilə Şuşada və digər rayonlarda Pənahəli xan tərəfindən tikdirilmiş qala və istehkamlar dağıdılıb, Natəvanın evi qəzalı vəziyyətə düşüb. İşğalçılar abidələri erməni memarlığının nümunələri kimi təqdim etmək məqsədilə xarici görünüşünü dəyişdirib, qədim dini tikililər dağıdıb. Onlar Ağdərə, Laçın və Kəlbəcər rayonlarında alban tikililərinə qarşı da eyni vəhşilikləri ediblər. Erməni vandalları tərəfindən Azərbaycanın müasir milli heykəltəraşlığının bəhrələndiyi Laçın və Kəlbəcər rayonlarında bir çox qədim heykəllər, daş qoç fiqurlar və atlar məhv edilib”, - deyə Q.Osmanov məqaləsində yazıb.

Noyabrın 20-də İtaliyanın nüfuzlu və çoxsaylı oxucu kütləsinə malik “La Repubblica” qəzetinin veb-səhifəsində həmin qəzetin Azərbaycana ezam olunmuş müxbiri Pietro del Renin hazırladığı “Müharibədən sonra Azərbaycana səfər: dağılmış kəndlər və partlamamış bombalar arasında” adlı videoreportajı yayımlanıb. Videoreportajı Füzuli rayonu ərazisinə Ermənistan ordusu tərəfindən döyüş əməliyyatları zamanı atılan qadağan olunmuş fosforlu bombanın zərərsizləşdirilməsi kadrları ilə başlayan jurnalist Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərazilərə səfər edərkən sonsuz kilometrlərlə uzanan dağıntılarla dolu dəhşətli bir mənzərənin şahidi olduğunu bildirir. Jurnalist deyir: “Biz Füzulidəyik, daha doğrusu şəhərin qalıqlarında. Burada yaşayan on minlərlə azərbaycanlının Ermənistan qoşunları tərəfindən qovulmasından 30 il sonra. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ uğrunda müharibə çoxsaylı etnik təmizlənmə ilə yadda qalıb. Burada hər şey dağıdılıb”.

“Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb. Reportajda telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”. Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır. Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

“Euronews” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb. Reportajda Azərbaycan əsgərləri tərəfindən Füzuli şəhəri azad ediləndən sonra Azərbaycan bayrağını ucaltmaq üçün bircə salamat bina tapmaq mümkün olmadığı qeyd edilir. Buna görə də bayrağı dağıdılmış mədəniyyət evinin fasadı üzərində ucaltmalı olublar. Reportajda bildirilir ki, işğaldan əvvəl sıx məskunlaşmış və günbəgün firavanlaşan Füzuli şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və qarət edilib. İndi bu ərazi apokaliptik film üçün dekorasiyaya oxşayır. Vurğulanır ki, şəhərdə yalnız azərbaycanlı hərbi qulluqçuların müşayiəti ilə və əsas yollarla hərəkət etmək mümkündür. Əsgərlərin sözlərinə görə, hər yer minalanıb. Buna görə də 30 il bundan əvvəl Füzulidə yaşamış insanlar indi yalnız öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilərlər.

Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Silahlı Qüvvələrimizin rəşadətli Qələbəsi ilə nəticələnən möhtəşəm zəfər və təcavüzkar Ermənistanın təslim olması Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən ən əsas mövzu kimi diqqət mərkəzində saxlanılmaqdadır. Türkiyə mediası da Qarabağda baş verən prosesləri diqqətlə izləyir və işıqlandırır. Türkiyənin “TRT Haber” televiziya kanalı Ermənistanın işğalından xilas edilən Ağdam rayonu ilə bağlı geniş reportaj hazırlayıb. Talan edilən, qapı və pəncərələrinə, divarlarına qədər sökülüb aparılan evlərin dəhşətli mənzərəsini canlı yayımla tamaşaçılara çatdıran aparıcı real mənzərənin rayon mərkəzi də daxil olmaqla, bölgənin 27 il işğalda saxlanıldığını deyil, sanki əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı təəssürat yaratdığını vurğulayıb. Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir. Ağdamda da eynilə Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda qarşılaşdığımız acınacaqlı vəziyyətin şahidi olduq.

Təbii ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşımalıdır.  İşğal olunmuş ərazilərimizdəki bütün bu maddi-mədəni zərərin hamısının kompleks qiymətləndirilməsi aparılacaq. Buraya beynəlxalq ekspertlər də cəlb olunacaq. Azərbaycan bütün bu halları sənədləşdirdikdən sonra aidiyyəti üzrə beynəlxalq səviyyədə addımlar atacaq.