26 noyabr 2019 20:14
1481

Yerevan nasizmin məşhurlaşdırılmasında artıq lider mövqedədir

Ermənistan BMT-nin “Nasizmin qəhramanlaşdırılması, neonasizm və irqçiliyin müasir formalarının kəskinləşməsi, irqi ayrıseçkiliyi, ksenofobiya və onlarla bağlı olan dözümsüzlüyə yönələn praktikanın digər növləri” adlı qoşulmaqdan imtina edib

Son illər Avropada ifrat sağçıların fəallaşması fonunda faşizm ideya və dəyərlərinin təbliği, ksenofobiyanın görünməmiş dərəcədə yayılması, irqi ayrı-seçkiliyin vüsət alması əsaslı narahatlıq doğurur. Belə mənfi təzahürlər nəzərdən keçiriləndə diqqət daha çox Almaniya, Niderland, yaxud İtaliya kimi ölkələrdə cərəyan edən hadisələrə yetirilir.

Bir vaxtlar elə bir təsəvvür yaranmışdı ki, İkinci Dünya müharibəsinin bitməsi və nasizmin süqutu ilə bu antibəşəri təmayüllər yox olmuşdur. Lakin hazırkı mərhələdə baş verən hadisələrin gedişi göstərir ki, məsələ kifayət qədər ciddidir: faşistlərə bəraət qazandırmağa, nasistləri qəhrəmanlaşdırmağa çalışanlar heç də az deyil və onların ardınca gələnlərin sayı artır. Dəhşətlisi isə odur ki, neonasistlərə dəstək verənlər adi vətəndaşlar yox, hakimiyyət strukturlarının nümayəndələridir. Tez-tez bu və digər Avropa ölkəsində ayrı-ayrı siyasətçilərin ifrat sağçılıq məzmunlu bəyanatları ictimaiyyətin diqqətini cəlb edir, cəmiyyətdə kəskin reaksiya doğurur.

Nə qədər qəribə olsa da, nasizmi qəhrəmanlaşdıranlar Avropada yox, dünyanın başqa bir regionunda - MDB məkanında çoxdandır fəaliyyət göstərirlər və Köhnə dünyadan onlara gözün üstə qaşın var deyən də yoxdur. Söhbət ilk növbədə Ermənistandan gedir. Rəsmi Yerevan nasizmin məşhurlaşdırılmasında artıq lider mövqeyinə çıxıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində 3-cü Komitə Rusiya tərəfindən irəli sürülən “Nasizmin qəhramanlaşdırılması, neonasizm və irqçiliyin müasir formalarının kəskinləşməsi, irqi ayrıseçkiliyi, ksenofobiya və onlarla bağlı olan dözümsüzlüyə yönələn praktikanın digər növləri” adı altında qətnamə layihəsini təsdiq etdi. Bu sənəd 2005-ci ildən etibarən ənənəvi qaydada BMT Baş Assambleyasının sessiyası çərçivəsində təsdiq edilir. Lakin maraqlıdır ki, bu sənədin hazırlanıb BMT-nin müvafiq komitəsində müzakirələrə çıxarıldıqda hər il qətnamə layihəsinə həmmüəllif kimi qoşulan Ermənistan bu il sənədə qoşulmaqdan imtina edib.

Bəli, Ermənistanda faşizm təbliğatı çoxdan gedir. Hitlerçilərlə çiyin-çiyinə insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş erməni caniləri qəhrəman kimi təqdim olunur, onların nifrətamiz xatirəsi əbədiləşdirilir, abidələri ucaldılır. Belə mənfur “qəhrəman”lardan biri Njde ləqəbli cinayətkar general Qaregin Yegişeviç Ter-Arutyunyandır (1886-1955). Erməni millətçilik ideologiyasının banisi Njdenin bütün fəaliyyəti günahsız insanları qanına qəltan etməkdən ibarət olub. O, hələ 1912-ci ildə Bolqarıstana gedib tayqulaq Andraniklə birlikdə erməni bandit dəstəsi təşkil edərək guya Balkan xalqlarının azadlığı uğrunda silahlı mübarizəyə qoşulub. Əslində isə siyasi avantürist kimi ad çıxarmış Njdeni Balkanların taleyi maraqalandırmırdı. O, sadəcə olaraq, Balkan müharibəsindən özünün və mənsub olduğu “Daşnaksütyun” partiyasının məqsədləri naminə pul toplayır və sadəlövh erməniləri qızışdırıb səfərbər etməyə çalışırdı. Njde hətta şəxsi maraqları naminə “qardaş” serblərə qarşı vuruşmaqdan çəkinmirdi. Lakin Balkan “cəfakeş”inin planları ifşa olundu və o, Bolqarıstanı tərk etmək məcburiyyətində qaldı.

Qafqaza qayıdan Njde Birinci Dünya müharibəsi illərində rus çar ordusunun tərkibində Türkiyəyə qarşı vuruşur. “Qərbi Ermənistan”ı azadlığa çıxara bilməyən Njde 1918-ci ildə Vedibasarda, ardınca Zəngəzurda peyda olur. Yeganə vəzifəsi azərbaycanlıları bu ərazilərdən təmizləmək idi. Ümumiyyətlə, həmin illər Njde və digər erməni cəllad dəstələri Naxçıvan, Göyçə, Zəngəzur və Qarabağda azərbaycanlı əhalini kütləvi şəkildə qırmaqla məşğul olub. Njde Rusiya ərazisində də cəllad kimi ad çıxarmışdı. O, Rusiyada vətəndaş müharibəsi zamanı Qırmızı Orduya qarşı vuruşmuşdur.

Ermənistan sovetləşdikdən sonra Njde İrana qaçıb, oradan isə Fransaya, sonra Amerikaya üz tutub. Lakin bu ölkələrdə ermənilərdən dəstək ala bilmədiyindən Parisə qayıdıb, burada da tərəfdar tapa bilmədiyindən Bolqarıstana üz tutub. Nəhayət, Njde özünə yeni müttəfiq tapdı. Bu, Almaniyada hakimiyyətə gəlmiş nasist rejimi idi. Njde hələ 1934-cü ildə alman faşistləri ilə təmas yaratmaq üçün Hitlerə müraciət etmişdi. İkinci Dünya müharibəsi başlayandan sonra Njdenin və digər erməni generalının - Dro ləqəbli Drastamat Kanayanın faşistlərlə əməkdaşlığı sıxlaşır. Onların rəhbərlik etdikləri erməni legionu alman faşistlərinin işğal etdikləri ərazilərdə törədilən qırğınlarda fəal iştirak edib. Tarixi faktlar sübut edir ki, erməni faşistləri Ukrayna və Polşada, hitlerçilərin əsir düşərgələrində on minlərlə adamı qətlə yetirmiş, yəhudilərə və nasist ideologiyasının hədəf götürdüyü digər millətlərin nümayəndələrinə qarşı dəhşətli cinayətlər törətmişlər. Erməni legionunun özünün hesabatında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin öldürüldüyü təsdiqlənir.

Moskvada nəşr olunmuş “1941-1945-ci illər Böyük Vətən müharibəsi” ensiklopediyasında qeyd olunur ki, Njde müharibə dövründə Bolqarıstan ərazisində 30-dan çox erməni agentini səfərbər etmişdi. O, agentləri təxribat əməlləri törətmək məqsədilə sovet ordusunun arxasına göndərmişdi. Njde 1944-cü ildə Bolqarıstan ərazisinə daxil olan sovet qoşunlarının əlinə keçdi. Qaniçən erməni faşisti törətdiyi cinayətlərə görə həbs olunub 25 il müddətinə azadlıqdan məhrum edildi. Sonralar erməni millətçilərinin ona bəraət almaq cəhdləri rədd edildi və “qəhrəman” 1955-ci ildə Rusiyanın Vladimir şəhərindəki həbsxanada öldü...

İndi Ermənistan iqtidarı əli minlərlə günahsız adamın qanına batmış bu hərbi caniyə yeni don biçməyə çalışır - guya Njde əsl erməni vətənpərvəridir, onun “ideya”ları hələ də aktualdır və s. Ancaq erməni millətçiləri Njde və Dronun vermaxtla əlaqələrinin üstündən sükutla keçirlər, çünki bu “qəhrəman”ların alman nasistləri ilə sıx işbirliyi danılmaz faktdır.

Ermənistan rejimi 1956-cı ildə ölmüş Dronun cəsədinin qalıqlarını 2000-ci ildə Amerikadan gətirib Ermənistanda dəfn etmişdir. Yerevan küçələrindən birinə onun adı verilmişdir. Digər faşistə - Njdeyə isə xüsusi diqqət yetirilir. Ermənistanın paytaxtında meydanların birinə və metro stansiyasına onun adı verilmişdir. Njdenin, eləcə də Dronun şərəfinə xatirə sikkələri kəsilmişdir. Dəhşət doğuran hal odur ki, “njdeizm” adı altında irqçilik ideologiyası Ermənistanda orta və ali məktəb proqramlarına daxil edilmişdir və gənc nəsil bu ruhda tərbiyə edilir.

Üç il əvvəl Yerevan daha bir “faşist təntənəsi”nin şahidi oldu. Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyanın iştirakı ilə şəhərin mərkəzində Njdenin heykəli açıldı. Beləcə, faşizm qurbanlarının xatirəsi növbəti dəfə təhqir edildi.

Özü də ermənilərin faşizm təbliğatı Ermənistanla məhdudlaşmır. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkaranə şəkildə ziyarət edir, erməni faşistini yad edir. 2013-cü ildə Ermənistanda çəkilmiş “Qaregin Njde” filmi Rusiyada da nümayiş etdirilmişdir.

Bundan əvvəl - 2012-ci ildə Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni kilsəsinin ərazisində Njdenin xatirə lövhəsi qoyulmuşdur. O vaxtdan bəri şəhər ictimaiyyəti xatirə lövhəsini sökmək tələbi ilə səlahiyyətli orqanlara - Baş Prokurorluğa və diyar prokurorluğuna müraciət etmişdir. Bu iki instansiya məsələnin həllini Armavir şəhər prokurorluğuna tapşırmış, sonuncu isə “top”u şəhər hakimiyyət orqanlarına ötürmüşdür. Armavir administrasiyası yaxasını kənara çəkmiş, nəticədə problem şəhər dumasında müzakirə mövzusu olmuşdur. Burada da elə bir irəliləyiş yoxdur, erməni faşistinin xatirə lövhəsi yerində qalır. Yerli mətbuat hesab edir ki, Njdenin xatirə lövhəsini qoruyub saxlayan güclü erməni lobbisidir. Bu isə o mənaya gəlir ki, faşist yırtıcılarının məşhurlaşdırılması davam edəcək, çünki onlar erməni millətçiləri üçün “qəhrəman”dırlar. Hələ bu, azmış kimi, erməni nasist cəlladı Njdenin xatirə lövhəsinə “əlavə” olaraq cari ayın əvvəllərində Armavirdə “erməni və rus xalqlarının dostluğu”na həsr olunmuş heykəltəraşlıq kompozisiyası açılmışdır. Kavkazplus.com bu “abidə”ni Njdenin qurbanlarını (onların arasında minlərlə rus da var) ələ salmaq kimi qiymətləndirir. Başqa sözlə, nasizmin erməni təbliğatçıları Rusiya ərazisində - Şimali Qafqazda heç nəyə, heç kimə məhəl qoymadan meydan sulayırlar.

Bütün bunlara baxmayaraq, Rusiyada erməni faşistlərinin qəhrəmanlaşdırılması rəsmi Moskvanı zərrə qədər də narahat etmir. Ötən ay Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni faşisti Njdenin xatirə lövhəsinin sökülməsi tələbinə reaksiya verərkən halını pozmadan “bizdə kilsə dövlətdən ayrıdır” demişdir. Belə çıxır ki, erməni kilsəsinin Rusiya ərazisində nasistləri məşhurlaşdırmaq haqqı var.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan ərazisində nasizm təbliğatını görməməsi də təəccüb doğurur. Nazirliyin “Nasizmin qəhrəmanlaşdırılması ilə əlaqədar vəziyyət, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının təşviqinə xidmət edən təcrübənin yayılması haqqında” bu il açıqladığı məruzədə deyilir: “Ermənistanda nasizmi bərpa etmək, neonasist düşüncələri yaymaq üçün açıq-aşkar cəhd qeydə alınmamışdır. Eyni zamanda Ermənistanın keçmiş hakim Respublika Partiyası Üçüncü reyxlə əməkdaşlıq etdiyi barədə məlumat olan millətçi təmayüllü Q.Njde kimi mübahisəli siyasi xadimin xatirəsini əbədiləşdirmək üçün addımlar atmışdır”. Göründüyü kimi, məruzədə Njdenin nasizm fəaliyyətinin üstündən sükutla keçilir, o, vur-tut “mübahisəli siyasi xadim” kimi qələmə verilir.

2015-ci ilin martında BMT Baş Assambleyası “Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul etmişdir. Qətnamə Rusiyanın təşəbbüsü ilə qəbul olunmuşdur. Bu da təsadüfi deyil, çünki nasizmdən ən çox rusiyalılar əziyyət çəkmişlər. Təəccüb doğuran isə odur ki, Rusiya hakimiyyət orqanları ölkədə neonasizm təzahürlərinin qarşısını qətiyyətlə aldığı halda erməni icmasının faşizm təbliğatına münasibətdə elə bir tədbir görmür.

Prezident İlham Əliyev ötən ay MDB-nin Aşqabad sammiti zamanı Ermənistanda nasizmin qəhrəmanlaşdırıldığını nəzərə çarpdırıb, MDB məkanında faşistlərin məşhurlaşdırılmasına yer olmadığını vurğulayıb.

Nüsrət Məmmədov, “İki sahil”