25 noyabr 2019 20:00
3130

Erməni faşizmi: Qələbənin ləkəsi

Gələn il MDB ölkələrində Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi geniş qeyd olunacaq. Azərbaycan da bu yubileyə ciddi hazırlaşır. Bəri başdan bildirək ki, ölkəmizin belə bir tədbiri keçirməsinin haqqı vardır. Çünki xalqımız faşizmə qarşı istər ön, istərsə də arxa cəbhədə gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq göstərib. Belə ki, respublikamızın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Bu isə o deməkdir ki, o illərdə  Azərbaycan öz əhalisinin hər dörd nəfərindən birini itirib. Şübhəsiz, bu, faşizmin törətdiyi bəlaların açı nəticəsi idi.

“Azərbaycanın etdiklərini heç bir respublika etməmişdir”

Azərbaycanlılardan ibarət 146-cı, 416-cı, 402-ci, 336-cı, 223-cü, 77-ci və s. milli diviziyalar SSRİ-nin bir çox şəhər və kəndlərinin, eləcə də Polşa, Çexoslovakiya, Yuqoslaviyanın azad olunmasında fəal iştirak ediblər. Onların qəhrəmanlıqları bu və digər formada əbədiləşdirilib. Bu proses bu gün də davam etdirilir. Məsələn, 2020-ci il mayın 9-da, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə 146-cı Azərbaycan atıcı diviziyası döyüşçülərinin şərəfinə Rostov vilayətində ucaldılmış “Sambek yüksəkliyi” kompleksində hərbi-tarixi muzey də açılacaq.

Faşizmə qarşı mübarizədə Sovet höküməti neftimizdən, eləcə də digər təbii sərvətlərimizdən həlledici dərəcədə faydalanıb. Təkcə bir faktı xatırladaq ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsi - neftin 70, benzinin 80, sürtkü yağlarının isə 90 faizi Bakının payına düşüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, o illərdə Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər: “Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə - orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı”.

Müharibə illərində elm xadimlərimiz də misilsiz xidmətlər göstəriblər. Məsələn, məşhur akademik Yusif Məmmədəliyev tərəfindən ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, “Katyuşa” silahı üçün xüsusi mərmilər, sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye və s. ixtira edilib.

Yeri gəlmişkən, qeyd edək ki, o illərdə faşistlər gözlərini Bakıya zilləmişdilər, hətta faşist komandanlığı Qafqazı, o cümlədən Bakını işğal eləmək üçün “Edelveys” planı işləyib hazırlamışdı. Faşist komandanlığı başa düşürdü ki, Qafqazı ələ keçirəndən, Bakı neftinə sahiblənəndən sonra başqa cəbhələrdə qələbə qazanmaq asan olacaq. Hətta faşistlərn bu istəyi kinoxronikaların birində də öz əksini tapıb. Hitler açıq şəkildə bildirmişdi ki, Baknı ələ keçirmək Almaniya üçün həyati əhəmiyyətə malikdir: “Bakının tarixi missiyası böyük Almaniyanın yanacaq çəni rolunu oynamasındadır”.

Şübhəsiz, onlar Bakını tutmağa müvəffəq olsaydılar, döyüş qabiliyyətləri xeyli artacaq, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalacaqdı. Bu da müharibənin gedişinə həlledici təsir göstərəcəkdi. Bu mənada faşizmin axırına çıxan, əgər belə demək mümkünsə belini qıran elə Bakı nefti oldu desək, səhv etmərik. Bu məqamda məşhur neftçi, tanınmış dövlət xadimi, uzun illər Moskvada yüksək vəzifələrdə çalışmış Nikolay Baybakovun bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir”. Bütün bunlar isə bir daha o deməkdir ki, Böyük Vətən müharibəsində ümumi Qələbədə Bakının, Azərbaycan xalqının kifayət qədər böyük və inkaredilməz xidmətləri olub.

Burada bir məsələni də xüsusi vurğulamaq istərdik. AXCP-Müsavat cütlüyü hakimiyyətdə olduğu 1992-1993-cü illərdə Qələbə gününü qeyd etməməklə onu xalqımızın yaddaşından silməyə cəhd göstərilmişdir. Şübhəsiz, bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək, xalqımızın faşizmə qarşı mübarizəsinə kölgə salmaqdan başqa bir şey deyildi. Amma ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. Həmin gün ölkəmizdə  dövlət səviyyəsində milli bayram kimi, özü də faşizmə niftət, bu amansız bəşəri bəlanın hər hansı təzahürünün yolverilməzliyi çağırışları altında qeyd edilir.

Faşizm işğalçı ölkədə tüğyan edir

Təəssüf ki, Azərbaycan  XX əsrin sonlarında faşizm ideologiyasının nəticəsi olan Dağlıq Qarabağ fəlakəti ilə üzləşdi. Belə ki, öz ideologiyasi ilə faşizmə yeni nəfəs verən Ermənistan ərazimizin 20 faizini işğal etdi, 1 milyon soydaşımızı yurd-yuvasından didərgin saldı, 20 mindən çox  soydaşımızı ən ağır üsullarla qətlə yetirdi. Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələr ilə bir sırada dayanan Xocalı soyqırımı da məhz erməni faşizminin təzahürüdür. Məlumat üçün bildirək ki,  erməni daşnakları Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızı öldürüb  ki, onların 63 nəfəri azyaşlı uşaq olub. Bütün bunlar isə o deməkdir ki, Ermənistan faşist Almaniyasının ənənələrini daha kəskin formada gerçəkləşdirib və bu istiqamətdə siyasətini davam etdirir. Üstəlik, öz ölkəsində faşizmi açıq-aydın təbliğ etməkdən belə çəkinmir. Nə qədər qəribə olsa da, dünyanın sülhdən, əmin-amanlıqdan dəm vuran əksər mötəbər qurumları hələ də işğalçı ölkənin nazı ilə oturub durmaqdadırlar. Yəni Ermənistanda özünü aydın şəkildə büruzə verən faşizmə göz yummaqdadırlar.

Amma belə bir ədalətsizliyi qəbul etməyən Prezident İlham Əliyev oktyabrın 11-də  Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının  iclasında bu məsələni bir daha gündəmə gətirdi. Belə ki, dövlətimizin başçısı Böyük Vətən müharibəsi illərində faşist Almaniyasının əlaltısı olmuş, “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” - çağırışı ilə o zaman əsir düşən və xaricdə yaşayan erməniləri SSRİ-yə qarşı mübarizəyə yönəltmiş Njde ləqəbli bədnam general Qaregin Ter-Arutyunyanın bəşəri xəyanətkarlığını xatırladaraq, ona İrəvanda hündürlüyü 6 metr olan abidə ucaldılmasını Ermənistan rəhbərliyinin faşist məsləkli olduğunu açıq-aydın söylədi. Üstəlik bildirdi ki, işğalçı ölkənin bu addımı faşizm üzərində qazanılmış qələbəyə bir ləkədir. Odur ki, bu ləkə təmizlənməlidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilər insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş Njde haqqında film çəkiblər, onu məktəblərdə də təbliğ edirlər. Ermənistanda faşizmə xidmət edənə heykəl qoyulması, haqqında film çəkilməsi, kitablar yazılması, küçələrə, meydanlara onların adlarının verilməsi o deməkdir ki, bütün dünyanın insanlığa, millətlərə, dövlətlərə qənim kəsilmiş nasizmin kökünü kəsib atdığı, onun izlərini silməyə çalışdığı bir zəmanədə faşizm bu işğalçı ölkədə tüğyan edir. İş o yerə çatıb ki, indi ermənilər Qareqin Njde ilə birlikdə faşistlərin tərəfində döyüşən “Dro” ləqəbi ilə tanınan Drastamat Kanoya da İrəvanın mərkəzində heykəl qoymaq niyyətindədirlər. Halbuki  faşizm beynəlxalq razılıqlara əsasən  qadağan edilmiş ideologiyadır.

Dünya üçün təhlükə mənbəyi

Ermənilər öz faşist ideologiyalarını xarici ölkələrdə də yaymağa cəhdlər göstərirlər. Məsələn, onlar Rusiyanın Armavir şəhərində öz istəklərinə nail olublar.  İndi isə erməni daşnakları Bolqarıstanın Pliske şəhərində faşizmə cani dildən xidmət etmiş həmin “qəhrəman”a abidə ucaltmağa çalışırlar. Şübhəsiz, bu,  faşizm qurbanlarının xatirəsini növbəti dəfə təhqir etməkdən başqa bir şey deyildir. Bütün bunlar bir daha sübut edir ki, faşizm Ermənistanda dövlət səviyyəsində təbliğ edilir. Göründüyü kimi, Ermənistanın faşizm və nasizm sevgisindən doğan bu kimi gedişləri təkcə Azərbaycan üçün deyil, bütün MDB, eləcə də dünya üçün təhlükə mənbəyidir.

Bəli, Almaniyada faşizm bəşəri ədalətin hökmü, xalqların birgə mübarizəsi ilə darmadağın edildi. Güman etmək olar ki, yenə də belə bir birliyə nail olunacaq və Ermənistanda faşizm siyasətinə son qoyulacaq. Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Üçüncü Reyx ilə əməkdaşlıq etmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsini pisləyib.  Bu yaxınlarda Simon Viesenthal Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Ravvin Abraham Kuper ilə görüşdə  Prezidenti İlham Əliyev demişdir ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər. Artıq bu məsələ İsrail mətbuatında da gündəmə gətirilib.

Qvami Məhəbbətoğlu, İki sahil”