Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində illərdən bəri blokadada qalmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri, dinamik inkişaf bu qədim diyarın simasını dəyişib. Sosial, iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində əhalinin həyat tərzi yaxşılaşdırılıb. Son illərdə muxtar respublikada keçirilən mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirak edən qonaqlar Naxçıvanın təbii gözəlliyinə, əsrlərin izlərini daş yaddaşında qoruyub saxlayan tarixi abidələrin müasir görkəminə, respublikanın ən ucqar kəndlərinin ecazkar simasına heyran qalırlar.
Ulu öndər Heydər Əliyevin muxtar respublikaya diqqətinin davam etdirilməsinin nəticəsidir, bu qədim diyar layiq olduğu İslam Mədəniyyətinin Paytaxtı adını gözəlliyi, ehtişamı ilə təsdiqləyir.
Bu günlərdə Naxçıvan Muxtar Respulikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən Naxçıvanda həyata keçirilən yeniliklərlə maraqlanan Prezident İlham Əliyevin vurğuladığı kimi bütün istiqamətlər üzrə tətbiq olunan islahatlar gələn il də davam etdiriləcək 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır. Muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönələn bütün vəzifələr layiqincə icra ediləcək .
Hazırda muxtar respublikanın bütün rayon və kəndlərinə keyfiyyətli yollar çəkilmiş, əhalinin enerjiyə, təbii qaza, içməli suya tələbatı tam ödənilmişdir. Əhalinin enerjiyə tələbatı 9 elektrik stansiyası vasitəsilə ödənilir. Su və Günəş elektrik stansiyalarının tikintisi genişlənir. İran İslam Respublikası ilə imzalanmış anlaşmaya əsasən 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası inşa edilir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac imkanı yaranmışdır.
Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılan, heç bir daxili enerji resursu olmayan Naxçıvanın hazırda elektrik enerjisi ixrac etməsi dövlət başçımız İlham Əliyevin muxtar respublika əhalisinə göstərdiyi qayğının, Naxçıvan MR Ali Məclisi Sədrinin yenilik həvəsinin və işinə məsuliyyətlə yanaşmasının nəticəsidir. “Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır” söyləyən cənab İlham Əliyev bütünlükdə ölkə miqyasında diqqətdə saxlanılan yolların keyfiyyətli inşası və təmiri sahəsində görülən işlərdən də məmnun qaldığını bildirmişdir. Ən ucqar kəndlərə belə çəkilən keyfiyyətli yollar nəticəsində nəqliyyat infrastrukturu günün tələbləri səviyyəsindədir. Naxçıvan-Şərur-Sədərək avtomobil yolunun istifadəyə verilməsi, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yollarının icrası nəticəsində bu ərazidə yaşayan insanlara göstərilən nəqliyyat xidməti yüksək səviyyədədir. Hazırda uzunluğu 50 kilometr olan Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində muxtar respublikada kənd yolları da daxil olmaqla, investisiya və büdcə vəsaiti hesabına 2 min kilometrə yaxın yol inşa olunmuşdur.
ÜDM-də payı artan özəl sektorun, sahibkarlığın inkişafı muxtar respublika rəhbərliyinin diqqətdə saxladığı əsas məsələdir. Özünüməşğulluq siyasətinə uyğun olaraq əhali arasında məşğulluq səviyyəsinin artırılması üçün həyata keçirilən islahatlar insanların ailə büdcəsinin yaxşılaşdırılmasına da təsir göstərir. Evdar qadınların işlə təminatına diqqət artırılır. Bu sahədə ən sərfəli sahə olan xalçaçılığın inkişafına göstərilən diqqət səmərə verir.
Şərur Sənaye Məhəlləsinin yaradılması üçün bu il 5 milyon manat vəsaitin ayrılması, Naxçıvanda yeni xalça fabrikinin tikilməsi yeni iş yerlərinin açılmasını da təmin edəcək.
“Xalça fabrikinin qurulması işləri başa çatdırılıbdır. İndi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıbdır, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq” söyləyən Ali Məclisin Sədri Vasif Talıbov muxtar respublikada aqrar sahə görülən işləri də diqqətə çatdırıb.
Dövlətin ayırdığı vəsait hesabına Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb. Daha çox tələbat duyulan məhsulların istehsalı üçün nəzərdə tutulan sahələr, cəlb olunacaq investorlar müəyyənləşdirilir. Tələbata uyğun olaraq Sənaye Məhəlləsində ilk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulur. Bu müəssisənin açılması ilə muxtar respublika əhalisinin bitki yağlarına olan tələbatını tam ödəmək mümkün olacaq.
Bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq ildən-ilə artır. Kənd təsərrüfatının inkişafı üçün suvarma qurğularının alınması məqsədilə vəsait ayrılır. Eyni zamanda, bu ilin investisiya proqramında 7 milyon manat dəyərində Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Əlavə olaraq 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmış, kəhrizlər bərpa olunmuşdur.
Heydər Əliyev su anbarının istifadəyə verilməsi, yeraltı suvarma şəbəkələrindən istifadə nəticəsində muxtar respublikada 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur. Aqrar sahənin inkişafı sayəsində muxtar respublika əhalinin kənd təsərrüfatı məhsullarına tələbatı tam olaraq yerli fermerlər tərəfindən ödənilməklə ixrac potensialı da formalaşıb. Büdcənin güclənməsi hesabına pensiya və təqaüdlərin ödənilməsi üçün etibarlı təminat yaradılıb.
İşğalçı Ermənistanla sərhəddə yerləşən Naxçıvanın müdafiə qüdrətinin möhkəmlənməsi, hərbi potensialının gücləndirilməsi həmişə diqqətdə saxlanılıb. “Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin muxtar respublikaya bütün səfərlərində hərbi hissələrdə olması, əsgərlərlə görüşməsi Naxçıvanın qorunmasının etibarlı təminatıdır. Ötən illərdə aparılan Günnüt əməliyyatı zamanı Ermənistan silahlılarının işğalı altında qalan ərazilərin azad olunması Əlahiddə Ümumqoşun Ordusununun hərbi hazırlığı sayəsində mümkün olmuşdur. Muxtar respublikada yerləşən hərbi birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Hava hücumundan müdafiə sahəsində önəmli addımlar atılır. Cəbhə xəttinə yaxın bölgələrdə yerləşən məntəqələrdə xidməti vəzifəsini yerinə yetirən əsgərlərin ərzaq və silah sursatla təminatına diqqət artırılır.
Bir sözlə bu gün Naxçıvan daha da gözəlləşərək həqiqi manada “Nəqşi-Cahan” adını doğruldur.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir