Azərbaycanın İtaliyadakı səfirliyinin və ölkəmizin Romadakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə Vətən Müharibəsinə həsr olunmuş film nümayişi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə diplomatik korpus nümayəndələri, İtaliyada yaşayan soydaşlarımız və digər qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli 27 sentyabrın Azərbaycanın müasir tarixinin ən önəmli günlərindən biri olduğunu qeyd edib. O bildirib ki, altı il əvvəl həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə qalxıb. Bu yolda canlarından keçmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiram və minnətdarlığın təcəssümü olaraq, dövlət başçısının müvafiq Sərəncamı ilə Vətən Müharibəsinin başladığı tarix ölkəmizdə hər il Anım Günü kimi qeyd olunur.
Səfir vurğulayıb ki, bu gün hər bir azərbaycanlının üzərinə düşən vəzifə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini yad etməklə yanaşı, onların bizlərə buraxdığı mirası bütün gücümüzlə qorumaq, möhkəmləndirmək və daha irəli aparmaqdır.
Hərbi attaşe polkovnik-leytenant Anar Abasov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində mühüm mərhələ olmaqla yanaşı, Silahlı Qüvvələrimizin hazırlığını, intizamını, peşəkarlığını və şəxsi heyətin yüksək döyüş ruhunu nümayiş etdirən bir dövr kimi yadda qalıb. O deyib ki, illər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən prioritet olaraq görmək istədiyi “Ordu-Xalq” vəhdəti 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında aparılan siyasi və diplomatik mübarizədə bariz şəkildə göstərildi.
Nümayiş olunan film haqqında məlumat verən Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə bu günün xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi daim yaşayacaq, onların fədakarlığı və qəhrəmanlığı hər zaman yüksək ehtiramla yad ediləcəkdir.
Daha sonra 2025-ci ildə Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü ilə “ASAN TV” tərəfindən ərsəyə gətirilən “Zəfər Rəqsi” qısametrajlı bədii filmi nümayiş etdirilib. Bir çox beynəlxalq müsabiqələrin mükafatçısı olan film Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib.