11 dekabr 2017 18:58
1333

“Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsi uğurla yekunlaşıb

1000-dən çox gənci əhatə edən “Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsi çərçivəsində fəaliyyət uğurla yekunlaşıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2017”-nin Final, Mükafatlandırma və Bağlanış mərasimi baş tutub. Milli Debat Proqramının mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları üzrə sektor müdiri Fuad Babayev, Balakən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi Humaniter məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev iştirak ediblər.

 Qeyd edək ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının “gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” məqsədlərinə uyğun olaraq, gənc debatçılar “Sahibkarlıq” mövzusunda araşdırmalar aparıb, debatlar təşkil ediblər. Eyni zamanda mövzu ətrafında gənclərimizə ekspert görüşləri təşkil olunub. Layihə regionlarda yaşayan gənclərin sosial aktivliyinin artırılmasına da xidmət edərək, regionlar arası gənclər mübadiləsi formatında həyata keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib və sonra “Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsinin video hesabatı təqdim olunub. Video hesabatdan sonra forum həyəcanlı mərhələyə keçid alıb. Belə ki, “Bakı Gənclər Debat Forumu: Payız 2017”-nin Azərbaycan bölməsi üzrə çempionu “Propoganda” və “Gəncə Gənclər Debat Forumu: Payız 2017”-nin qalibi “Pobeda” komandası “Respublika Gənclər Debat Forumu: Payız 2017”-nin finalına vəsiqə qazanıblar. Final oyunun nəticəsində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin “Propoganda” komandası “Respublika Gənclər Debat Forumu: Payız 2017”-nin kubokunu qazanıb. Yekunda qalib və finalçı komandalar, ən yaxşı natiqlər, məşqçi və hakimlər mükafatlandırılıblar.

Xatırladaq ki, “Respublika Gənclər Debat Forumu: Payız 2017” çərçivəsində 75 təlim, 12 dəfə ekspertlə görüş, 32 turnir və 8 forum keçirilib. Silsilə tədbirlər içində həyəcan və maraq dolu “Bakı Gənclər Debat Forumu: Payız 2017” də yer alıb. İki bölmədən 50-ə yaxın komandanın iştirak etdiyi forumun yekununda Azərbaycan bölməsi üzrə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin “Propoganda” komandası və Rus bölməsi üzrə Bakı Dövlət Universitetinin “Triada” komandası kuboku qazanıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin debatçısı Nərgiz Nəsibova Azərbaycan bölməsi üzrə “Ən yaxşı natiq” adını qazanıb.

Qeyd edək ki, “Respublika Gənclər Debat Forumu: Payız 2017” layihəsinin tərəfdaşları hər zaman ölkədə gənc sahibkarlığın inkişafında öz töhfələrini verən “Youth Inc.” Sahibkarlıq Proqramı və Debat metodologiyasının istifadə olunduğu “IDEA” təşkilatıdır.

Məlumat üçün bildirək ki, Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır.

RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 11 Regional Debat Mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşır.