03 aprel 2026 00:57
98

Vətən uğrunda çəkilən hər acı şirindir - Əhliyyət Mehdiyev

2016-cı ilin 1-4 aprel tarixlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirdi və 1994-cü il atəşkəsindən sonra ilk dəfə düşmənə gücünü göstərdi. Müsahibimiz həmin döyüşlərin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, II qrup Qarabağ qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyyət Mehdiyevdir.

-Cənab baş leytenant, hərbiyə maraq sizdə nə vaxtdan yaranıb?

- Hərbçi olmaq mənim uşaqlıq arzum olub. Hələ orta məktəbdə oxuyarkən “Cəsurlar” və “Şahin” hərbi-idman oyunlarının iştirakçısı olmuşam. Qardaşım Qorxmazın  (o, hazırda mayor hərbi rütbəsində  Hərbi Hava Qüvvələrinin “N” saylı  hərbi hissəsində hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edir) Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunması bu arzumun gerçəkləşməsinə sanki təkan verib. Ən əsası,  anadan olduğum Agdamın və digər ərazilərimizin işğal altında olması mənim hərbçi peşəsini seçməyimdə əhəmiyyətli rol oynayıb.

- Arzunuzu reallaşdırmaq məqsədilə hansı addımlar atdınız?

-Cəmşid  Naxçıvanski adına Hərbi Liseydə təhsilimi başa vurduqdan sonra, yəni 2008-ci ildə Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinə  daxil oldum. Buranı leytenant rütbəsində başa vurduqdan sonra Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində  təkmilləşmə kursu keçdim və Naxçıvandakı  hərbi hissələrin birində xidmətini davam etdirdim. 2013-cü ildə isə Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursunu uğurla başa vurdum.

- Sizin hərb aləmində idealınız kim olub?

-Azərbaycanın Milli Qəhrəmanı, “Fred” ləqəbi ilə tanınan Asif Yusif oğlu Məhərrəmov... O, Birinci Qarabağ müharibəsinin əfsanəvi komandirlərindən biri olub. Fred Asif 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı özünümüdafiə dəstələri yaradaraq, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsi üçün köməyə gedərək düşmənə ağır zərbə vurub. Yeri gəlmişkən vurğulayım ki, Fred Asif sağlığında Milli Qəhrəman adından imtina etmişdi. Hətta demişdi ki, Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb: ”Mən sinəmə medal vurub, qəhrəmanam deyib, öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq”. 1998-ci ildə,  ölümündən dörd il sonra Ümummilli Lider Heydər Əliyev onun Milli Qəhrəman adını yenidən bərpa edib və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edib.

- Səhhətinizdə indiyədək hansısa problemlər yaşanırmı?

-2016-cı il aprelin ilk günlərində başlanan döyüşdə mən də yaralanmışdım. Bununla bağlı 2-ci qrup müharibə əlili kimi uzun müddət müalicə olunmuşam və indi də bu proses davam edir. Yəni, o vaxtdan 10 il  keçməsinə baxmayaraq hələ də o acıları yaşayıram. Amma mənə elə gəlir ki, Vətən uğrunda çəkilən hər acı şirindir. Bu mənada həmin bu şirinlik o acıları mənə unutdurur.

- Övladlarınızın da hərbçi kimi yetişmələrini istərdinizmi?

-3 övladım var – Əli, Nihad və Sunay. Təbii ki, oğul övladlarımın hərbçi olmalarını arzu edirəm.

- Şəhidlərimizin ailələrinə, eləcə də yaralılarımıza, əsgər və zabitlərimizə göstərilən dövlət qayğısı haqqında nələr demək istərdiniz?

-Bu gün şəhid ailələri, həmçinin qazilərimiz və müharibə istirakçılari  dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Bu qayğıları isə sayıb qurtarmaq mümkün deyil. Hətta mən deyərdim ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. Ona görə də onlar bu və ya digər tədbirlərdə bir qayda olaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

- Aprel döyüşlərindən başlanan yollar bizi Xankəndiyə qədər gətirib çıxardı. Vaxtilə işğalda olan bütün ərazilərimizdə hazırda üçrəngli Bayrağımız qürurla dalğalanır. Aprel döyüşlərini necə xatırlayırsınız?

Şahdağın zivəsində Aprel şəhidlərinin adları yazılmış lövhə

- Böyük Zəfərimizin başlanğıcı olan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başladı. Ön xətt mövqelərimizin və yaşayış məntəqələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına cavab olaraq Müzəffər Ali Baş Komandanın əmrinə əsasən əks-hücuma keçdik. Onu da bildirim ki, Aprel döyüşləri 1994-ci ilin atəşkəsindən sonra həyata keçirilən ilk irimiqyaslı hərbi əməliyyat idi. Dördgünlük müharibə adlanan həmin döyüşlərdə Ağdərə rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da ordumuz bir neçə saat ərzində ermənilərin keçilməz hesab etdikləri “Ohanyan xətti”ni yarıb, düşmənə öz gücünü göstərdi. Bu uğur  xalqımızın ordumuza olan  inamını birə beş artırdı. Həm də bu döyüşlə Azərbaycan göstərdi ki, işğal faktoru ilə barışmayacaq və nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcək. Bir sözlə, Aprel döyüşləri parlaq qələbə kimi hərb tariximizə qızıl hərflərlə yazıldı.

-Aprel döyüşlərinə görə hansısa mükafata layiq görülmüsünüzmü? Yəni, xidmətləriniz kifayət qədər qiymətləndirilibmi?

-Əvvəlcə qeyd edim ki, Aprel döyüşlərində iştirak edən hər bir hərbi qulluqçumuz qəhrəmandır. Bunu danmaq olmaz. Aprel döyüşlərində iştirakımıza görə hər birimiz müxtəlif təltiflərə layiq görülmüşük. Mənim fikrimcə, ən böyük mükafatımız öz yurd-yuvalarına qayıdan keçmiş məcburi köçkünlərin ordumuz, əsgər və zabitlərimiz haqqında dilə gətirdikləri fikirlərdir. Belə ki, onlar hər dəfə torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər.

Birinci şəxs Aprel şəhidi Bayramov Sərxan, dördüncü şəxs Aprel şəhidi Baxışov Seymur

-Şübhəsiz, suvernliyimizin əldə edilməsində Azərbaycan gənclərinin əməyi daha çoxdur. Hətta bu Zəfər gəncliyimizin zəfəri kimi dəyərləndirilir… Müasir Azərbaycan gəncləri barədə nə deyə bilərsiniz?

-Bəli, həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində və birgünlük lokal antiterror əməliyyatlarının qəhrəmanları gənclərimiz olublar. Biz bu qələbələri onların canı, qanı bahasına, rəşadəti, şücaəti hesabına qazanmışıq. Bununla gənclərimiz öz dövlətlərinə və ölkələrinə nə qədər ülvi hisslərlə bağlı olduqlarını bir daha nümayiş etdiriblər.Müzəffər Ali Baş Komandanımız İlham Əliyev də öz çıxışlarında bunu dəfələrlə vurğulayıb. Hətta Prezidentimiz çıxışlarının birində bildirib ki, bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

- Bütüb bunlar tarixin bütün çağlarında dövlətin tərəqqisinin çox vaxt gəncliyin çiyinlərində olduğunu bir daha təsdiq edir. Elə deyilmi?

-Bəli, bu, həqiqətən belədir. Yəni, hər bir dövlətdə, o cümlədən ölkəmizdə cəmiyyətin aparıcı qüvvəsi gənclərdir. Şübhə etmirəm ki, Azərbaycan gəncləri bunu yaxşı dərk edirlər. Elə onların səsinin dünyanın ən nüfuzlu elm ocaqlarından, idman saraylarından, konfrans salonlarından eşidilməsi söylədiklərimin sübutudur. Bu mənada Azərbaycan gəncliyinin vətənpərvərliyi dünyaya nümunədir.

-Bu gün doğma yurd-yuvalarına qovuşan keçmiş məcburi köçkünləri görəndə hansı hissləri keçirirsiniz?

-Sözün düzü, hansı hissləri keçirdiyimi dilə gətirməkdə bir qədər çətinlik çəkirəm. Amma bir məsələni vurğulamaq istəyirəm ki, hərb meydanında qəhrəmanlıq dastanı yazmış gənclərimiz bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərində, ölkəmizin tərəqqi və inkişafında fəal iştirak edirlər.

Aprel döyüşlərində şəhidi olmuş Xüsusi Təyinatlı Qüvvələrin baş leytenatı Elvin Namazov

-Siz yəqin ki, işğaldan azad edilmiş ərazilərimizdə olmusunuz...

-Mən -“Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin və digər qurumların xətti ilə Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Ağdam, Xocalı rayonlarında, həmçinin Şuşa, Xankəndi şəhərində olmuşam. Həmin ərazilərə ayaq basanda öz ordumuzla, dövlətimizlə bir daha fəxr etmişəm. Qalib ordunun bir mənsubu olmaqdan qürur duymuşam. Həm də  qəhrəmanlıqlar göstərərək şəhid olmuş qardaşlarımızı xatırlamışam. O anlarda mənə elə gəlib ki, həmin ərazilərin hər qarışına axmış qan izləri bu məkanları daha da müqəddəsləşdirib. Onu da qeyd edim ki, həmin məkanlarda dağıntıların miqyasını görəndə dəhşətə gəlmişəm. İnsan olan kəs də belə vandallıq edərmi? Ttikinti-quruculuq işlərini görəndə isə ürəyim dağa dönüb. Hə, onu da deyim ki, bəzi tədbirlərimizdə şəhid ailələrinin uşaqları da iştirak ediblər. Həmin uşaqları görəndə öz-özümə demişəm: “Kaş  ataları da onlarla birgə olaydılar”.

-Zərurət yaranacağı təqdirdə Ali Baş Komandanın verəcəyi döyüş əmrinə hazırsınızmı? 

-Ehtiyatda olan Azərbaycan Ordusunun zabiti kimi mən də hər zaman  Müzəffər Ali Baş Komandanımızın verəcəyi əmrə hazıram. Çünki mən Müzəffər Ali Baş Komandanımıza, onun həyata keçirdiyi siyasətə sadiq zabitəm.

Qvami Məhəbbətoğlu, “İki sahil”