07 dekabr 2017 16:33
930

Üzeyir Hacıbəyli Azərbaycan professional musiqi sənətinin və milli operanın banisidir

Azərbaycan Universitetində dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan ədəbi-musiqili tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Gənc İstedadlar Birliyi tərəfindən hazırlanan tədbirdə dahi bəstəkarın romansları, əsərlərindən parçalar və rəqslər ifa edilib.

Universitetin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində Azərbaycanın dahi şəxsiyyətlərinin anılmasının ənənəyə çevrildiyini vurğulayıb və gənclərə uğurlar arzulayıb.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Ülviyyə Rəhimova görkəmli bəstəkarın irsi, milli musiqimizdəki yeri və rolu haqqında danışıb. Qeyd edilib ki, Ü.Hacıbəyli Azərbaycan professional musiqi sənətinin və milli operanın banisidir. Onun yaradıcılığında milli məzmun, bəşəri formalar birgə yer alır. Lakin Ü.Hacıbəylini dünya şöhrətli bəstəkarlardan ayıran bir özəllik var. Bu, Ü.Hacıbəyli musiqisinin Azərbaycanı əks etdirməsidir.

Sonra tələbələr bəstəkarın “Sənsiz”, “Sevgili canan” romanslarını, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyalarından parçalar və rəqslər ifa ediblər.

Tələbələr tədbirə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Əminə İbrahimlinin rəhbərliyi ilə hazırlaşıblar.