Dünən Yevlax şəhər 2 saylı uşaq musiqi məktəbinin təşkilatçılığı ilə şəhər Yaradıcılıq Mərkəzində konsert proqramı təşkil olunub. Konsert Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyinə həsr edilib.
2 saylı usaq musiqi məktəbinin direktoru Allahverdi Cəbrayılov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, konsert şagirdlərin təşəbbüsü ilə kollektiv tərəfindən böyük həvəs və ruh yüksəkliyi ilə hazırlanıb. Məktəbin şagird və müəllim heyəti tərəfindən təqdim olunan ifalar, xalq mahnıları, vətənpərvərlik mövzusunda estrada musiqiləri maraqla qarşılanıb.
Tədbirin sonunda çıxış edən YAP Yevlax şəhər təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Əhliyyət Əliyev memarı ulu öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə əldə edilən misilsiz uğurların şəriksiz müəllifi olan mövcud hakimiyyətin siyasi dayağıdır. Bu gün müasir Azərbaycan cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə işıqlı, uğurlu gələcəyə doğru inamla addımlamaqdadır.
Sonda tədbiri təşkil edən Yevlax şəhər 2 saylı musiqi məktəbinin kollektivi yüksək təşkilatçılıq bacarığına görə Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax şəhər təşkilatının Fəxri fərman və diplomları ilə təltif olunublar.
Taleh Turqut,
“İki sahil”