17 oktyabr 2017 17:12
699

“Mühacirətin dünyəvi Azərbaycan modeli”

“İranlı Mühacirlər Cəmiyyəti” (İMC) İctimai Birliyi ötən cümə günü Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda növbəti “dəyirmi masa”sını keçirib. Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə tər gül-çiçəklər düzülüb.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq bildirib ki, müzakirəyə çıxarılan məsələ həqiqətən aktualdır, günlə səsləşəndir. İcra başçısı vaxtilə inşaatçı kimi fəaliyyət göstərdiyi bölgələrdə iranlı mühacirlərin quruculuq işlərində, digər sahələrdə öncüllər sırasında olduqlarını, bu gün də ənənələrinə sadiq qaldıqlarını dilə gətirib. Əlavə edib ki, onlara hər bir sahədə qayğı yenə rayon rəhbərliyinin diqqət mərkəzindədir.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Rəhim Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində maliyyələşdirilən  tədbirdə səslənən bu fikirlərin əslində son 70 ildə mühacirlərin kompakt halda məskunlaşdıqları bütün 32 şəhər və bölgəyə aid olduğunu vurğulayıb. O, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin iranlı mühacirlərə, onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə “İranlı Mühacirlər Cəmiyyəti” İB-nin xüsusi diplomuna layiq görüldüyünü bildirib. Sonra isə fəxri mükafatı sahibinə təqdim edib.

R.Hüseynzadə söyləyib ki, bizim Zaqatalada da tədbirimizdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etməyimiz məntiqi sayılmalıdır. Ekspertlər dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə təşkilatın müqayisəyəgəlməz uğurlarından söhbət açacaqlar. Mən isə əlavə etmək istərdim ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışı İMC-nin ləğvini və zorakı yolla inzibati binasının tamamilə zəbtini istəyənlərin niyyətlərini puça çıxardı.

R.Hüseynzadə Ulu Öndərin siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davamının hər bir mühacir ailəsində sabaha inamını artırdığını deyib.

Layihənin ekspertləri “İranlı Mühacirlər Cəmiyyəti” sədrinin birinci müavini, istefada olan polkovnik Firudin İbrahimli  və “İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi”nin sədri Zeynalabdin Abbasovun çıxışlarında İMC-ni  mühacirətin dünyəvi Azərbaycan modeli kimi formalaşdıran məqamlar təqdim olunub.

“20 Yanvar” Cəmiyyətinin sədr müavini, ehtiyatda olan mayor Nizami Rzaşüvarinin çıxışı iranlı mühacirlərin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması yolunda və erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi şücaətlərə həsr edilib.

İMC-nin Zaqatala regional təşkilatının sədri Nadir Hünərvəri qurumun əhatə etdiyi üç bölgədəki fəaliyyətindən danışıb. Cəmiyyətin sədr müavini Murtuza Nizamoğlu İrandan ötən əsrin 80-ci illərində Azərbaycana mühacirət etdiyini vurğulayaraq həmin dövr Avropaya təşrif aparan həmvətənləri ilə nisbətdə müqayisə aparıb: “Yoldaşlarım Azərbaycanda qısa müddətdə ev, təhsil, işlə təmin edildilər. Digər ölkədəkilərlə söhbətlərdə isə onların necə ciddi çətinliklərlə üzbəüz qalmaları ürəkaçan hal deyildi”.

Həkim Ərşad Qüdrətoğlunun, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimovun, Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun, jurnalist Elmira Mehdiyevanın, müəllim Məcid Yusifovun (Mehrani) və başqalarının çıxışlarında qeyd olunub ki, əgər hər gün Aralıq dənizində sulara qərq olan mühacirlərin  faciələrinə biganə qalan, sərhədlərini onların üzünə bağlayan, məskunlaşanları isə qovulma çağırışlarını qulaq ardına vuran ölkələrin rəhbərləri, Azərbaycana qarşı insan hüquqları müstəvisində əsassız təzyiqləri artırmaq istəyən  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təmsilçiləri Azərbaycana qarşı belə faktlardan xəbərdar olsaydılar onda yanlış münasibətlərindən mütləq xəcalət çəkərdilər.

“Dəyirmi masa”da 12 nəfərə müxtəlif sahələrdə fərqləndiklərinə görə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin diplomları təqdim olunub.

Zamin Məmmədov,

“İki sahil”