35 il öncə, 1982-ci ilin oktyabrında görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid Azərbaycana qovuşdu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə uzaq Sibirdən Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ədəbi mühitimizdə əlamətdar bir tarix, böyük ictimai-siyasi hadisə idi.
Ümummilli lider Heydər Əliyevin göstərişindən sonra 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi və belə bir şərəfli işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olundu.
1976-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi vəzifələrində çalışmış Həmid Cəfərovla söhbətimiz də məhz bu tarixi hadisə ilə bağlıdır.
- Həmid müəllim, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi - sizin bilavasitə iştirakçısı olduğunuz bu tarixi hadisə haqqında xatirələrinizi bölüşməyi istərdik.
- Qüdrətli Azərbaycan şairi və dramaturqu, taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərib. Təsadüfi deyildir ki, Hüseyn Cavidin xatirəsi ona layiq şəkildə əbədiləşdirilib. Belə bir tarixi və şərəfli işdə müdrik şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olub. Otuz beş il əvvəl məhz Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi Ulu Öndərimizin tarixi xidmətlərindəndir.
1982-ci il oktyabrın 3-də Heydər Əliyev Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb tapılması və nəhayət, onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu.
Beləliklə, Ulu Öndərin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq.
- Həmid müəllim, “gedər-gəlməz” bir məkan sayılan Sibirə səfər etmək - onilliklər ötməsinə baxmayaraq heç bir sorağı olmayan bir yerə getmək, çox böyük müşkül məsələlərin həllinə sinə gərmək, böyük məsuliyyət deyildimi?
- Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət gedə bilməzdi. Əksinə, Ulu Öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik edirdi. Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdir. Bəli, bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi.
- Cavid soraqlı Sibir səfərinizdə nədən başladınız?
- Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərəncam verildi.
Sibirdə olarkən Cavidin “sakini olduğu” əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin “gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin “həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O qətiyyətlə bildirirdi ki, “Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”. Oktyabrın 21-də Şevçenko kəndində olduq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı. İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət, Cavidin qəbri qazıldı...
Heç nə hədər getməmişdi, Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid “tapılmışdı”...
Əvvəlcədən planlaşdırdığımız kimi, Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.
Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişdirildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı” İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.
1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya, sonra isə Naxçıvana “uçdu”. Naxçıvanda - evinin qarşısında torpağa tapşırıldı.
Söhbəti qələmə aldı
İlham Cəmiloğlu