Dünən Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanın Xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş “Məmməd Araz poeziya günü” adlı tədbir keçirilib. Tədbirin rəsmi hissəsindən öncə Mərkəzin foyesində Xalq şairinin yaradıcılığına həsr olunmuş kitab sərgisi təşkil olunub.
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Yazıçılar Birliyinin üzvü, layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları onun poeziyasının əsas mövzularını təşkil edib.
Sonra Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədr müavini Ağamir Cavad çıxış edərək Məmməd Arazın yaradıcılığına xas olan sənətkarlıq xüsusiyyətlərini diqqətə çatdırıb, onun poeziyasının həmişəyaşar olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Xalq şairinin yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri təltif olunub. Qaliblərə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Milli Məclisin deputatı Aqil Abbas tərəfindən fəxri fərman, diplom və pul mükafatları verilib. Tədbirin yekununda Lənkəran Dövlət Universitetinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri Məmməd Arazın şeirlərini səsləndiriblər.
Taleh Bağırov,
“İki sahil”