Müsahibimiz YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovdur
- Namiq müəllim, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olacaq. İstərdik ilk olaraq ötən 25 ilə partiyanın rayon təşkilatının sədri kimi sizin gözünüzlə nəzər salaq.
- Yeni Azərbaycan Partiyasının keçdiyi 25 ilə nəzər salanda onun yarandığı ilk vaxtlar yadıma düşür. Həqiqətən də Azərbaycan cəmi bir il idi ki, müstqəillik qazanmışdı. Ölkə ciddi problemlərlə üz-üzə qalmışdı. O dövrün ziyalılarını bir araya yığmaq üçün həqiqətən də belə bir vahid partiyanın yaradılmasına ehtiyac var idi. Bunu ümummilli lider Heydər Əliyev yaxşı başa düşürdü. Ona görə də müstəqilliyimizin bərpasından az müddət keçməsinə baxmayaraq, YAP kimi vahid, qüdrətli bir partiya yaratdı. Əlbəttə, çox çətinliklər oldu. Ölkə təzəcə müstəqillik qazanmışdı. Hər şey sıfırdan qurulurdu. Ona görə demək olar ki, YAP şərəfli olduğu qədər də çətin və ağır dövrlər keçirdi. Amma bütün bunlara baxmayaraq, partiyanın yaradıcısı, Ulu Öndər xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyasının inkişafı üçün əlindən gələni etdi. Bu gün ölkəmizin müstəqilliyinin qorunmasına və möhkəmlənməsinə əvəzsiz töhfələr verən YAP-ın keçdiyi yol Azərbaycanın şanlı tarixinin parlaq səhifələrindəndir. Biz həmin hadisələrin canlı şahidləriyik. Həmin vaxtlar Azərbaycan xaosdan, vətəndaş müharibəsi təhlükəsindən yenicə sovuşmuşdu. O çətin vaxtların geri qayıtmaması üçün əlindən gələni edən, ölkəni ağır vəziyyətdən çıxaran ümummilli lider Heydər Əliyev hələ partiyanın yarandığı vaxtlarda deyirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verəcək. İndi biz yenə də şahidi oluruq ki, Ulu Öndər nə qədər dahi, uzaqgörən siyasi xadim olub. Onun partiyanın fəaliyyəti ilə bağlı söylədiyi fikirlər bu gün sözün əsl mənasında özünü doğruldur.
- Bildiyiniz kimi, YAP yarandığı vaxtdan cəmi 6 ay keçəndən sonra hakimiyyətə gəldi. Sizcə, bu uğurun arxasında hansı amillər dayanırdı?
- Düşünürəm ki, nəinki partiyanın, hətta dövlətin, eləcə də hər hansı bir təşkilatın yaradılmasından çox onun uğura nail olması əsas çətinlikdir. Bu çətinliyə sinə gərməyə qadir olan insan isə həmin təşkilatın, partiyanın və ya dövlətin rəhbəri olmağa layiqdir. Həqiqətən də bu baxımdan Azərbaycanın bəxti gətirdi. Heydər Əliyev kimi uzaqgörən, dahi siyasi lider hər xalqa nəsib olmur. Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi nəticəsində Yeni Azərbaycan Partiyası uzunmüddətli inkişaf yoluna qədəm qoyaraq monolit, nüfuzlu siyasi təşkilata çevrildi.
- Yaxın günlərdə xalqımız müstəqilliyimizin 26-cı ildönümünü qeyd edəcək. Sizcə, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının rolu nədən ibarətdir?
- İlk növbədə onu söyləmək yerinə düşər ki, Azərbaycan 26 illik müstəqillik tarixində xeyli irəliləyişə nail olub. Müstəqillik tarixi ölkəmizin tarixindən qat-qat çox olan ölkələrin belə nail olmadıqları inkişafa nail olmaq, gündən-günə çiçəklənən ölkə olaraq qarşıya qoyulan hədəflərə çatmaq həqiqətən də cəmi 26 illik müstəqillik tarixi olan dövlət üçün böyük nailiyyətdir. Dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin “Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilib” sözləri yəqin ki, çoxlarının yadındadır. Bu gün hamımız bu sözlərin reallıqda öz əksini tapdığını görürük. Dövlət başçımız tərəfindən verilən fərman və sərəncamların xalq arasında təbliğatı, eləcə də ölkədə həyata keçirilən islahatların cəmiyyətə daha yaxından izahatı və s. baxımından YAP böyük işlər görür.
YAP Xəzər rayon təşkilatının sədri kimi deyə bilərəm ki, ərazi baxımından Xəzər rayonu digər rayonlara nisbətən mərkəzdən uzaqdadır. Amma Xəzər rayonunun hər hansı guşəsinə ayaq bassanız görəcəksiniz ki, orada yaradılan şərait, elm, təhsil, səhiyyə və s. keyfiyyət baxımından şəhərin mərkəzindən geridə qalmır. Təbii ki, ölkəmizin başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində gördükləri işlərə töhfə vermək məqsədilə Yeni Azərbaycan Partiyası da durmadan çalışır.
- YAP Xəzər rayon təşkilatı partiyanın yubileyinə necə hazırlaşır?
- Bilirsiniz ki, Xəzər rayon təşkilatı hər zaman fəal tədbirlər planı ilə çıxış edir. Təbii ki, bu il də xeyli sayda tədbirlərimiz olub. İlin sonuna qədər hələ həyata keçirilməli olan çox tədbirlərimiz var. Təbii ki, partiyamızın yubileyi münasibətilə tədbirlərimiz olacaq. Artıq tədbirlərin keçirilməsinə start vermişik. Belə ki, bu yaxınlarda Şağan qəsəbəsində müəllimlər arasında stolüstü tennis turniri təşkil etdik. Eləcə də gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil olunacaq. Ölkənin nüfuzlu rəssamları da həmin sərgiyə dəvət olunacaq. Yəni, qarşıda hələ çox tədbirlərimiz olacaq.
Son vaxtlar Xəzər rayonunda əvvəlki illərlə müqayisədə YAP-ın sıralarına qoşulanların sayı xeyli dərəcədə artıb və bu bizi çox sevindirir. Əvvəlcə əgər qadınları partiya sıralarına cəlb etmək bizə baha başa gəlirdisə, indi demək olar partiya sıralarının 60-65 faizini qadınlar təşkil edir. Eləcə də tədbirlərimizin keçirilməsində, partiyanın məram və vəzifələrinin yerinə yetirilməsində gənclərimiz bizə çox kömək edirlər. Demək istədiyim odur ki, ötən 25 ildə partiyanın keçdiyi tarixi inkişaf yolu şərəflidir. Bu gün ətrafımızda yüz minlərlə insanın toplaşması da məhz bundan xəbər verir. Biz də YAP Xəzər rayon təşkilatı olaraq partiyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün var gücümüzlə çalışırıq. Güclü, inkişafda olan, qüdrətli Azərbaycanın daha da inkişafı naminə əlimizdən gələni etmək əsas amalımızdır.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto)
“İki sahil”
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək