02 aprel 2026 12:31
85

Türk dövlətlərinin strateji həmrəyliyi tarixi zərurətdir

Bu gün dünya siyasi və iqtisadi baxımdan çoxqatlı böhranların caynağındadır. Müharibələr, iqtisadi böhranlar, qlobal iqlim dəyişikliyinin yaratdığı təsirlər, nizamsız miqrasiya və bir çox digər çətinliklər dünyanı son dərəcə riskli hala gətirib. Bu səbəbdən türk dövlətlərinin strateji həmrəyliyi, Türk dünyası və millətimiz adına tarixi zərurətdir.

“İki sahil” xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel deyib.

O qeyd edib ki, xüsusilə Yaxın Şərqdə və dünyanın bir çox bölgəsində davam edən münaqişələr, regional gərginliklər və humanitar faciələr qlobal vicdanı dərindən yaralayır.

“Biz hesab edirik ki, müharibə və göz yaşının kölgəsində qalan bu coğrafiyalarda Türk dünyasının nümayiş etdirəcəyi qətiyyətli və prinsipial mövqe sülhün yeganə təminatıdır. Bölgəmizdəki bu münaqişə mühitinin sona çatması üçün Türk birliyinin yaradacağı güvən və sabitliyə hər zamankından daha çox ehtiyac var”, - deyə Baş nazir vurğulayıb.

Ünal Üstel Türk Dövlətləri Təşkilatının enerji, texnologiya, turizm və təhsil sahələrində birgə hərəkət etmək qabiliyyətini gücləndirdikcə, qlobal siyasətdə və iqtisadiyyatda daha çox söz sahibi olacağına diqqət çəkib: “Biz ortaq gələcəyimizi qurarkən, təhsili, turizmi və mədəni qarşılıqlı əlaqəni qardaş xalqlarımızı bir-birinə bağlayan ən strateji körpülər kimi görürük. Şimali Kipr Türk Cümhuriyyəti olaraq, Müasir İpək Yolunun dənizlərdəki dayanacağı kimi, türk dövlətlərindən gələn qardaşlarımıza qapılarımızı sonuna qədər açırıq. Türk dünyası üzrə yaradılacaq “Ortaq turizm marşrutları” layihəsinə Şimali Kiprin də daxil edilməsi, birliyimizin iqtisadi gücünü Aralıq dənizinə də daşıyacaq”.