Oktyabrın 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) XVIII respublika konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans dövlət himninin səslənməsi ilə açıq elan edilib. Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirakçıları salamlayaraq deyib ki, konfransa bir sıra yerli və xarici təşkilatlardan çoxsaylı təbrik məktubu ünvanlanıb.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyovun hesabat məruzəsi dinlənilib.
Hesabatda komitənin 2013-2017-ci illərdəki fəaliyyəti barədə geniş məlumat verilib. Hesabatda komitənin nizamnamə fəaliyyəti, ittifaq üzvlərinin əmək və sosial-iqtisadi mənafeləri, hüquqların müdafiəsi, işçilərin sağlamlıqlarının mühafizəsi, habelə əməyin mühafizəsi və texniki təhlükəsizliyi və digər məsələlərə toxunulub.
Sonra MİHİ-nin təftiş komissiyasının hesabatı dinlənilib.
Hesabatda komissiyanın 2018-2022-ci illər üzrə fəaliyyət istiqamətlərindən danışılıb.
Konfrans çərçivəsində MİHİ-nin respublika komitəsinin sədri və komitə üzvlərinin seçilməsi nəzərdə tutulur.