04 avqust 2017 23:42
459

Bu sevinci yaşayan hər bir insan cənab Prezidentimizə minnətdardır

Müsahibimiz Azərbaycanın Əməkdar jurnalisti Telli Pənahqızıdır

- Jurnalistlərimizin əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. İllərin təcrübəsini özündə yaşadan bir jurnalist olaraq bu diqqət və qayğıya münasibətinizi öyrənmək maraqlı olardı.

-Mən Milli Mətbuat Günü ərəfəsində adımın mənzil alan jurnalistlər arasında olması ilə bağlı sevindirici xəbəri Türkiyədə eşitdim. Sevincimə şərik olan insanlar daha sonra mənə suallar verməyə başladılar: necə oldu ev aldın? Onlara təəccüblü gəlirdi ki, Azərbyacanda dövlət başçısı tərəfindən jurnalistlərə ev bağışlanır. Sonra izah etdim ki, dövlətimizin başçısı tərəfindən belə bir layihə həyata keçirilir. Əlbəttə ki, bu, çox gözəl, sevindirici bir hadisədir. Mən də fürsətdən istifadə edib dövlətimizin başçısına, bu işdə əməyi olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Çünki illər boyu bir çox insan kimi, mən də bu xəbəri gözləmişəm. Yaradıcı insan üçün hər zaman bir tənha guşə olmalıdır. Bu mənada jurnalistlərin ev alması  çox gözəl xəbərdir. Mən bu addımı yüksək dəyərləndirirəm. Şübhə etmirəm ki, yeni binadan mənzil alan hər bir insan hər axşam evinin çırağını yandıranda ilk növbədə  möhtərəm Prezidentimizə və bu işdə zəhməti olan hər bir insana ancaq dua edəcək. Bundan böyük xoşbəxtlik yoxdur. Aqillər deyirlər ki, insan dünyaya gələndə üç ən böyük vəzifəsi olur: ev tikmək, ağac əkmək və  övlad böyütmək. Hesab edirəm ki, Prezidentimiz bunların hamısını edib.

- Sizcə, dövlətimizin mətbuata göstərdiyi qayğını jurnalist necə cavablandırmalıdır? Söhbət jurnalist məsuliyyətindən gedir...

-Jurnalistika mənim hər zaman məsuliyyətlə yanaşdığım bir sahədir. Son illərdə cəmiyyətin idarə olunmasında jurnalistikanın rolu artıb desəm yanılmaram. Amma jurnalistikaya gələnlər arasında bu sahədə səriştəsi az olanlar da mövcuddur. Bilirsiniz, hər yetən əlinə bir mikrafon alır və yaxud nə məqsədlə yaradıldığı bilinməyən qəzetlərdə fəaliyyət göstərir. Mənə elə gəlir ki, bu, düzgün deyil. Yəni jurnalist ilk növbədə sözünə dəyər verməlidir. Mən illərin təcrübəsinə əsaslanaraq bu qənaətə gəlmişəm ki, insan özünə qıymadığı sualı heç kimə verməməlidir. Mənim çalışdığım bütün işlərin fövqündə hər zaman məsuliyyət hissi durub.

Bir dəfə mənim kitabımın təqdimatı keçirilirdi. O vaxt ölkənin mədəniyyət naziri olan Polad Bülbüloğlu tədbirdə çıxışı zamanı dedi ki, Telli xanım bu illər ərzində bizim mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ora toxunmasın. Rəssamlardan, aktyorlardan yazır, sərgilərə gedir, bizimlə bərabər xarici ölkələrdə olur, mədəniyyət günlərini işıqlandırır. Amma bütün çətinliklərimizi, səhvlərimizi görəndə onu elə səbrlə, qayğı ilə çatdırır ki, biz ondan incimirik. Əksinə çalışırıq ki, həmin sahədə olan nöqsanları aradan qaldıraq. Mən bir daha deyə bilərəm ki, bu sahəyə çox böyük qısqanclıqla yanaşıram. Çünki bu sahəyə gəlmək üçün əvvəlcə beş il zəhmət çəkib dərs oxumuşam, gecəmi gündüzümə qatıb öyrənmişəm. Bəlkə də beş ilin mənə vermədiyi təcrübəni savadı, biliyi, bacarığı, 37 ildə qazanmışam. Bu illər ərzində minlərlə insanla görüşmüşəm. İlk sırada ümummilli liderimiz, Azərbaycanı  bəlalardan qurtaran və bugünkü sabitliyimizi bərqərar edən unudulmaz Heydər Əliyevlə iki dəfə müsahib olmuşam. Daha sonra da yadınıza düşən, ağlınıza gələn bütün müasirlərimiz, yazarlarımız, şairlərimiz, bəstəkarlarımız, müğənnilərimiz mənim müsahibim olublar. Bu insanların hər birinin bu və ya digər cəhətdən aşkarlamağa cəhd etmədiyi, qaranlıq saxlamağa çalışdığı məqamları da bilmişəm, amma heç vaxt onların üzünə vurmamışam. Mən gənc bir qızın babası yaşında kişiyə etikadan kənar, milli mənəvi dəyərlərimizə uyğun olmayan suallar verməsinin əleyhinəyəm. Çünki mətbuat çox ciddi bir sahədir. Bu sahəyə gələn hər kəs mənə elə gəlir ki, hər şeydən əvvəl deyəcəyi sözün məsuliyyətini dərk etməlidir. Sabah rastlaşacağı insanların ona hansı münasibət bəsləyəcəyini göz önünə almalıdır. İnsanlar var ki, məşhur olmaq naminə efirdədirlər. Ancaq kütlə tərəfindən o hörməti qazanmırlar. Əgər efir varsa, insanlar onları tanıyır, yoxdursa heç kimin yaddaşında qalmırlar. Amma bizim nəslin nümayəndələrinin bir çoxu  Rafiq Hüseynovu, Roza Tağıyevanı, Ofelya Sənanini və digərlərini çox böyük hörmətlə anırlar. Düşünürəm ki, söz azadlığı başqa, sərbəstlik isə tam başqadır. Bu gün çox məqamlar var ki, onlara toxunmaq lazımdır. Özünü jurnalist, aparıcı adlandıran  insanların əksəriyyətinin dinləmək qabiliyyəti yoxdur. Bu, jurnalistika deyil. İnsan əgər biri ilə söhbət edirsə, verdiyi sualın cavabını gözləməlidir. Cəmiyyəti maraqlandıran problemlər barədə suallar verilməlidir.

- Bu gün jurnalistlər informasiya təhlükəsizliyi prinsiplərinə necə riayət edirlər?

-Biz muharibə şəraitində yaşayan bir ölkəyik. Torpaqlarımızın 20%- i işğal altındadır. Düşmən bu gün də sakit dayanmır. Hətta bu yaxınlarda bizim 2 yaşlı körpəmiz Zəhra və onun nənəsi düşmənin atdığı artilleriya atəşi nəticəsində qətlə yetirildilər. Aprel döyüşlərində kimin əlinə nə şəkil keçirdisə paylaşırdılar. Müharibə gedən ölkənin bütün informasiyaları bir mərkəzdən idarə olunmalıdır.  Bir anlığa gəlin 1941-1945- ci illərin Böyük Vətən müharibəsini xatırlayaq. O zaman bütün informasiyalar Levitanın səsi ilə xalqa çatdırılırdı. Onu dünyanın hər yerindən eşidən var idi. Amma bizdə kimin bir mobil telefonu varsa, xəbər paylaşır. Fərqinə də varmırlar ki, bu hərəkətləri ilə bəzi xəbərləri düşmənə çatdırırlar. Bəlkə də mən səhv düşüncədəyəm. Hesab edirəm ki, bu informasiyalar bir mərkəzdən idarə olunmalıdır və bu qaydaları pozan insanlar cəzalandırılmalıdır. Çünki müharibə gedən bir dövlətdə belə səhvlərə yol vermək olmaz.

Röya Şahbazi, “İki sahil”