27 iyul 2017 14:18
390

Möhtərəm Prezidentimizə sonsuz minnətdarlığımı bildirirəm

Eldost Bayram: Mənə sevinc hissləri yaşatdığı üçün möhtərəm Prezidentimizə sonsuz minnətdarlığımı bildirirəm

Müsahibimiz Azərbaycan Radiosunun diktoru, Xalq artisti Eldost Bayramdır

- Eldost müəllim, 142 illik tarixi olan mətbuatımızın bu günündən bəhs etməyinizi istərdik...

-Keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Mətbuatımızın 142 illiyindən danışırıq. Bunun 90 ili  radiomuzun, 90 ilin 46 ili isə mənim payıma düşür.  Milli Mətbuat Gününü  hər il yüksək əhval-ruhiyyə, sevinc hissi ilə qeyd edirəm. Amma heç vaxt bu il sevindiyim qədər sevinməmişəm. Keçən il  sizin qonağınız olan zaman  Azərbaycan Radiosunun diktoru, Əməkdar artist Eldost Bayram kimi gəldim. Buradan Azərbaycan Radiosunun diktoru, Azərbaycanın Xalq artisti Eldost Bayram kimi çıxdım. Bu il isə, eyni zamanda, 46 ildir həsrətlə gözlədiyim bir məqamın sahibi olan bir insan kimi gəldim. Möhtərəm  Prezidentimiz tərəfindən iki otaqlı mənzillə  mükafatlandırıldım. Titulun, övladın dünyaya gəlişinin  öz hissləri vardır. Amma yer üzünün əşrəfi sayılan insan övladı özünün şəxsi ocağı olmayanda  nə qədər hesab etsə ki, hər şey yaxşıdır, əslində heç də yaxşı deyil. Buna görə həmin hissləri mənə yaşatdığı üçün  möhtərəm Prezidentimizə sonsuz minnətdarlığımı bildirirəm.

- Jurnalist əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bir jurnalist olaraq, dövlət tərəfindən sizə göstərilən bu diqqət və qayğını necə dəyərləndirirsiniz?

- Görün, dövlət jurnalistlərin necə qayğısına qalır. Mətbuata “4-cü hakimiyyət” deyirlər. Dövlətimiz də bunu əvəzsiz xidmətləri  ilə təsdiq edir. Yeri gəlmişkən,  Milli Mətbuat Günü ərəfəsində, jurnalistlərə yeni mənzillərin paylanması mərasimində artıq 3-cü binanın bünövrəsi qoyuldu və mən arzusunda olan həmkarlarıma da bu günlər mənim yaşadığım sevinci yaşamağı  arzu edirəm.

- Dövlətimizin jurnalistlərə göstərdiyi qayğı, eyni zamanda, məsuliyyət tələb edir.

-Ümumiyyətlə, mən ömrüm boyu məsuliyyətlə çalışmağı,  gördüyüm hər işə vicdanlı yanaşmağa öyrənmişəm. Göstərilən etimad təbii ki, bu məsuliyyəti birə on qat artırır. İllərin təcrübəsi bu məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyimə stimul verir.

Röya Şahbazi,

Vüsal Cahanov (foto), “İki sahil”