Müsahibimiz AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur
- Cəbi müəllim, atəşkəs barədə sazişin imzalanmasına baxmayaraq Ermənistan ordusunun Azərbaycana qarşı təxribatları davamlıdır. Düşmənin bu əməlinin arxasında hansı bəd niyyətlər dayanır?
- Əvvəlcə onu qeyd edim ki, atəşkəs üzrə razılıq əldə olunmasına baxmayaraq erməni tərəfi mütəmadi olaraq bütün sərhəd boyu ağla gəlməyən formada təxribatlara əl atıb. Məsələnin mahiyyəti bundan ibarətdir ki, ermənilər müstəqil deyil. Torpaqların işğalı, ermənilərin bu işə təhrik edilməsi, silahlarla təmin olunması əlbəttə ki, tək ermənilərin işi deyil. Uzun zamandır ki, məsələnin tənzimlənməsi üzrə üç həmsədr dövlət təmsil olunur. Bunlar Rusiya Federasiyası, ABŞ və Fransadır. Bu həmsədrlər problemi həll etmək əvəzinə Bakını, Xankəndi və İrəvanı gəzintiyə çeviriblər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, təcavüzə məruz qalan tərəf də Azərbaycandır, hüquqi tapdanan da. Beynəlxalq hüquq deyilən bir anlayış varsa, bizə gələndə görünməz olur. Eləcə də bizim kimi ölkələr çoxdur. Belə ki, Birləşmiş Millətlər Təşkilatı 1945-ci ilin oktyabrında təsis olunandan sonra dünya xalqları elə düşündü ki, yaradılan ali qurum dünyada bundan sonra sülhün pozulmasına, müharibələrin baş verməsinə imkan verməyəcək. Amma təəssüflər olsun ki, bu təcrübə də özünü doğrultmadı. Məsələ ondadır ki, BMT-ni təsis edən ölkələr içərisində beş dövlət xüsusi statusa malikdir. Onların bilavasitə razılığı olmadan hər hansı bir dünya məsələsi həll olunmur. Həmin dövlətlərdən üçü Azərbaycana qarşı torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdir. Ümumiyyətlə, Ermənistan adlanan qondarma bir dövləti onlar təcavüzkar tərəf kimi qəbul ediblərmi? Xeyr, etməyiblər. Bizim bu məsələni nəticə olaraq həll etməyimiz üçün dövlətimizin başçısının seçdiyi yol təqdirəlayiqdir. İlk növbədə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını qeyd etməliyik. Əsas məsələ güclü iqtisadiyyatdır. Güclü iqtisadiyyat nəticəsində Ordumuz da güclənir. Azərbaycan dünya ölkələri içərisində hərbi gücünə görə 106 ölkə arasında 50-ci yerdədir. 20 faiz torpağı işğal altında olan bir ölkəyə ümumi dəyən zərər 820 milyard dollara yaxındır. Bu ziyanın müqabilində əgər bir ölkə öz iqtisadiyyatını yaradıb, ordusunu yenidən qurub, düşmənə lazım olan məqamlarda zərbələr endirə bilirsə, inamla deyə bilərik ki, gözləntilərimiz öz nəticəsini verəcək. Əsas istiqamətlərdən biri də erməni xalqının arxasında duran qüvvələrin yeritdiyi siyasəti ifşa etmək üçün çox güclü intellektual qüvvənin yaranmasıdır. Bunun əsasını elmi prinsiplərə, faktlara əsaslanan güclü təbliğat sisteminin yaradılması təşkil edir. Bu zaman ermənilərin və onların himayədarlarının geri çəkilməkdən başqa yolları qalmayacaq.
- Ermənilərin davamlı təxribatları, mülki əhalinin davamlı olaraq atəşə tutularaq öldürülməsi dünyanın ikili siyasətindən qaynaqlanmırmı?
- Heç şübhəsiz elədir. Məsələ ondadır ki, ermənilər sərbəst olaraq güllə atmır. Onlar himayədarlarının kölgəsinə sığınaraq addım atırlar. Ermənilər aprel döyüşlərində Ordumuzun gücünü bir daha gördülər. Bu günlərdə Füzuli rayonunun Alxanlı kəndində iki yaşlı bir körpəyə, onun nənəsinə qarşı törədilən cinayətdən sonra bütün dünya kütləvi informasiya vasitələri, bir sıra dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatlar bu vəhşiliyə kəskin münasibətini bildirdilər. Ancaq himayədar ölkələrdən səs çıxmadı. Əksinə bildirdilər ki, erməni əsilli vətəndaşlarımızı niyə ölkənizə buraxmırsınız? Soruşmaq lazımdır ki, niyə erməniləri bu qədər himayə edirsiniz?
Qeyd edim ki, 1993-cü ildən tariximizin ölkə ictimaiyyətinə dolğun şəkildə çatdırılması üçün AMEA-nın Tarix İnstitutu böyük işlər görüb. Rusiya Federasiyasının arxivlərindən ermənilərin zaman-zaman Azərbaycanda törətdikləri cinayətlərlə bağlı çoxsaylı sənədlər gətirmişik. 1918-ci ildə Azərbaycana qarşı növbəti soyqırımı cinayəti törədilib. Azərbyacan xalqına qarşı soyqırım cinayətini törətmək üçün V.İ. Leninin imzası ilə üç Fərman imzalanıb. Birinci fərmana görə 1917-ci il dekabrın 16-da Şaumyana 500 min rubl, ikinci fərmana görə isə 1918-ci il fevralın 13-də 31.8 milyon rubl pul və hərbçilərlə birlikdə xeyli silah- sursat ayırmışdılar. Kimə qarşı idi bu qədər silah? Aydın məsələ idi ki, ölkəmizə qarşı. 1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar çox böyük səhvə yol veriblər. Xalqın rəyini almadan Cümhuriyyəti elan etdikdən bir gün sonra Cənubi Qafqaz azərbaycanlılarından 20-nin səsvermədə iştirakı ilə qərar qəbul ediblər ki, qədim Azərbaycan şəhəri İrəvana güzəştə gedilsin. O vaxt atılan yanlış addım bu gün Azərbaycan xalqına nə qədər baha başa gəldi. O zaman 3 deputat müraciət edir ki, axı siz bu millətdən soruşmamısınız ki, biz bu şəhəri veririk.
Mən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çünki möhtərəm Prezident bu məsələləri açıq şəkildə bütün çıxışlarında dilə gətirir. Dünyaya Nizami, Nəsimi, Nəsrəddin Tusi kimi dühaları verən millət pis ola bilməz. Bu millətin çox böyük intellektual potensialı var. Biz heç kimdən nəsə ummuruq, bizim olana da heç kim əl uzatmamalıdır.
- Bir həqiqət inkar edilməməlidir ki, cinayətin cəzasız qalması növbəti cinayətlər üçün zəmin yaradır ...
- Çox təəssüf ki, dünya belə qurulub - güclüsənsə səninlə hesablaşacaqlar. 1941-1945-ci illərdə yəhudilərə qarşı çox böyük soyqırımı cinayəti baş vermişdi. Bu işdə ermənilər faşist almanların sağ əli olub. Bu barədə kifayət qədər faktları var. 1936-cı ildə ermənilər Almaniyada çap olunan mətbu orqanlarda yəhudiləri təhqir edirdilər. İstərdim ki, yəhudilər bunları bilsin. Məsələnin maraqlı tərəfi odur ki, İkinci Dünya Müharibəsi qurtarandan sonra yəhudi dövləti yarandı. Yəhudi dövlətinin ziyalıları, siyasi xadimləri, din xadimləri toplanaraq belə bir qərar qəbul etdilər ki, yəhudi xalqına qarşı cinayət törətmiş faşist almanlar dünyanın hansı nöqtəsində olursa-olsun cəzalarını almalıdır. Belə də oldu. Onlar tapdıqları cinayətkarları gətirib İsrail parlamentində məhkəmə qurub cəzasını verirdilər. Bəzilərini də elə yerində cəzalandırırdılar. Dünya təcrübəni çox sevir. Bu təcrübədən biz də yararlanmalıyıq.
Şəmsiyyə Əliqızı, Röya Şahbazi,
Vüsal Cahanlı, (foto) “İki sahil”