19 iyun 2017 22:40
351

KİV vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilib

Müsahibimiz Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovdur

-   Əflatun müəllim, bu günlərdə Azərbaycan xalqı 15 İyun Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd etdi. Sizcə, məlum iyun hadisələrini dövlətçilik tariximizdə dönüş nöqtəsi hesab etmək olarmı?

- Ölkənin hər yerində xalqımız ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdığı günü-15 iyunu bayram kimi qeyd etdi. Bu da səbəbsiz deyil. Ümummilli liderimiz Heydər Əliyev məhz iyirmi dörd il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə uçuruma yuvarlanmaqda olan ölkəmizi bir çox bəlalardan xilas etdi. Ona görə də, xalqımız bu bayramı böyük təntənə ilə qeyd edir. 15 İyun - Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb.

Bu əlamətdar gündə tarixə qısa ekskurs etmək zərurəti var. Qayıdış ərəfəsi ölkə idarəolunmaz bir həddə çatmışdı. Xatırlayırsınızsa, o vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən Uulu öndər Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Böyük şəxsiyyətlərin həyat yolları da özlərinə oxşayır. Yəni onlar heç kəsin keçmədiyi yollarla getməyə üstünlük verir və istəklərinə çatırlar. Bu mənada XX əsrin ən böyük simalarından biri, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyevin həyatı da mübarizələrdən, xalqına, dövlətinə xidmətdən keçdiyi üçün həmin zirvələrə qalxan daim yüksəlişli dağ yollarına bənzəyir. Bu yolları isə zirvəyə qədər ancaq böyük ürək sahibləri, böyük şəxsiyyətlər, böyük zəka və gələcəyi görmək qabiliyyətinə malik olan insanlar - sərkərdələr, dahilər qalxa bilər. Çünki onlar həmin ucalığın fəth olunması yollarını əvvəlcədən müəyyənləşdirməyə qadir olan şəxsiyyətlərdir.

- Sizcə, 1993-cü ilin iyun hadisələri hansı səbəblərdən baş verdi?

- Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə ikinci qayıdışı bizim yaxın keçmişimizdir. Biz hamımız o günlərin şahidiyik. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Sonrakı hadisələri sadalamağa ehtiyac yoxdur. Ümummilli Liderin yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkənin bütün sütunları laxlamışdı. Vəziyyət çətin olsa da ondan çıxış yolu da vardı. Bu da böyük öndər Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümiddən möhkəm yapışmış, onu təkidlə siyasi olimpə gətirmişdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı.

Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal iş və yaşayış atmosferi bərqərar olunana kimi Ümummilli Lider gecəli-gündüzlü çalışdı. Həm ölkəmiz dünyanın siyasi mənzərəsində öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını məhz o böyük şəxsiyyətin yaratdığı stabillik sayəsində mümkün oldu. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı ilə qoyuldu.

Bəli, böyük siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması tarixi bir şans idi. Biz hamımız yaxın tarixin həm müşahidəçiləri, həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümüzün qarşısında baş verib. Ümummilli liderimiz Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmaqla, əslində, ölkəmizi sürükləndiyi uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə üz-üzə qalan ölkəmiz, eyni zamanda, daxildəki səriştəsiz rəhbərlərin ucbatından biganəlik burulğanına yuvarlanmışdı.

- Qeyd etdiniz ki, ulu öndər Heydər Əliyevin o vaxtdan başlatdığı dirçəliş siyasəti ölkədə bütün sahələrə şamil edildi. Bu mənada mətbuatın inkişafına göstərilən dəstək barədə söhbət açmağınızı istərdik.

-Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Beynəlxalq təşkilatlara üzv olmaq dövlət təşkilatlarından azad, müstəqil KİV-ə olan mənfi münasibəti dəyişməyi tələb etdi. 1993-cü ilin oktyabrında Vyanada keçirilən konfrans-sammitdə elan olundu ki, söz azadlığının, xüsusilə də kütləvi informasiya vasitələrində təmin olunması üzvlük barədə hər hansı ərizəyə baxarkən həlledici meyar olmalıdır. Deməli, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına (AŞ) qəbulunda bu meyar nəzərə alınıb. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığı olduğunu təsbit edir, 50-ci maddə isə hər kəsə istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı verir.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı uzun illər senzura şəraitində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün şərait yaratdı. Prezidentin qanunvericilik təşəbbüsü əsasında “Dövlət sirri haqqında” (1996), “Mətbuat azadlığı haqqında” (1998), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” (1998) Azərbaycan Respublikası qanunlarının qəbulu mətbuat sahəsində atılan mühüm addımlardan oldu. 1999-cu ilin dekabr ayında KİV haqqında yeni qanunun qəbulu və sonralar ona əlavələrin edilməsi Avropa Şurasının rəy və təklifləri əsasında hazırlandı. Hazırlanan hər bir qanun demokratik ölkələrin təcrübəsinə əsaslanır və KİV-in fəaliyyət mexanizmini təşkil edir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi. 2000-ci ilin mart ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq olundu. Proqrama əsasən, jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, KİV-in istifadə etdiyi rabitə, nəqliyyat, kommunal xidmətlər üçün minimal xidmətlər nəzərdə tutulmuşdu. KİV-in inkişafına həmişə qayğı göstərən Ümummilli Liderin 2001-ci il 20 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə respublikaya gətirilən qəzet kağızına gömrük rüsumu ləğv olundu, həmçinin qəzetlərə kreditlər verilməsi qərara alındı. Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində keçirilməsi də Ulu Öndərin mətbuata göstərdiyi qayğının nəticəsidir. Məhz bütün bunlara görə 2002-ci ildə Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

- Sizcə, Ulu Öndərin inkişaf strategiyası bu gün özünü necə doğruldur?

-Ölkəmiz bu illər ərzində daxili və xarici siyasət sahəsində bir çox uğurlar əldə edib. Ümummilli Liderin alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir. Respublikamızda güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin beynəlxalq nüfuzunun artması, müstəqil dövlətçiliyin siyasi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətlə gedir. Heydər Əliyev siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını öz siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 2005-ci ildən başlayaraq mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzalandı. 2005-ci ilin sentyabrında “İnformasiya əldə etmək haqqında” Qanun təsdiq edildi. Həmin ilin iyulunda milli mətbuatın 130 illiyi Prezidentin sərəncamı ilə ölkə miqyasında qeyd edildi. Jurnalistlər dövlət mükafatına və fəxri adlara layiq görüldü. 2006-cı ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi.

Dövlətin KİV-ə olan qayğısı təkcə bununla bitmir. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” Prezident sərəncamları dövlət-mətbuat münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımdır. Konsepsiyada əks olunan məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra tədbirlər həyata keçirməkdədir. 2009-cu ildə dövlət büdcəsindən fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılmışdır. Fond qəzetlərə maliyyə yardımı göstərmiş, KİV layihələrini maliyyələşdirmiş, jurnalist yazılarını mükafatlandırmışdır.

2010-cu ildə Azərbaycan milli mətbuatının 135 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda və respublikanın bölgələrində yüksək səviyyədə qeyd edildi. Prezidentin imzaladığı sərəncam mətbuata göstərilən qayğının bariz nümunəsidir. Hazırda Azərbaycanda fəaliyyət göstərən yüzlərlə KİV vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Əminliklə deyə bilərik ki, ölkəmiz Ulu Öndərin inkişaf strategiyasının uğurlarının hələ çox şahidi olacaq.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova, 
Vüsal Cahanov (foto)  “İki sahil”