17 mart 2017 15:18
532

Azərbaycanda iqtisadi islahatlar dərinləşir

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadədir

- Ziyad müəllim, söhbətimizə bu gün ölkəmizin iqtisadi inkişaf səviyyəsi, iqtisadi həyatında baş verən hadisələrlə körpü salaq...

- Qlobal dünyada çox böyük dəyişikliklər, sarsıntılar baş verir, dünya iqtisadiyyatında risklər artır. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatına da həmin çağırışların təsiri var. Bu gün Azərbaycanin iqtisadi həyatında baş verən dəyişikliklər ilk növbədə onunla əlaqədardır ki, aparılan iqtisadi islahatlar dərinləşir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yeni iqtisadi sistem formalaşıb və bunun  nəticəsində ölkəmiz böyük uğurlara imza atıb. Eyni zamanda Prezident İlham Əliyev göstərir ki, gələcəkdə də Azərbaycan iqtisadiyyatının inkişafını sürətləndirmək, onun keyfiyyət göstəricilərini yaxşılaşdırmaq üçün islahatlar dərinləşməlidir. Son iki ildə  Prezident tərəfindən onlarla sərəncamlar imzalanıb ki, onlar da ölkə iqtisadiyyatının daha da canlanmasına yönəlib. Çünki qloballaşan dünyada baş verən sarsıntılar, dünya bazarında neftin qiymətinin aşağı düşməsi  heç şübhəsiz ki, bir çox ölkələrin, o cümlədən neft hasil edən ölkələrin də iqtisadiyyatına təsir etdi. Azərbaycan da dünyada daha çox neft hasil edən ölkələr sırasındadır və onun da gəlirlərinin azalması ilə müşayiət olundu. Neft gəlirlərinin azalması nəticəsində dəyən zərərin qarşısını almaq üçün Azərbaycanda iqtisadi islahatlar dərinləşir.  Qeyri-neft sektorunun üstün inkişafı ilə əlaqədar olaraq irimiqyaslı tədbirlər həyata keçirilir. Artıq son illərin statistikası göstərir ki, ölkədə istehsal olunan ümumi məhsulun quruluşunda qeyri-neft sektorunun payı artmağa meyil edir. Yəni sabah bizə deyə bilməzlər ki, Azərbaycan iqtisadiyyatı yalnız neft sektorundan asılıdır. Qeyri-neft sektoru inkişaf etdikcə, ümumi daxili məhsulda onun həcmi artır. İqtisadi fəallığı artırmaq məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlara nəzər salaq: sənaye və texnologiyalar parklarının yaradılması, regionların sürətli inkişafına xidmət edən məqsədli proqramların həyata keçirilməsi. Bütün bunlar respublikanın iqtisadi həyatında baş verən ən böyük hadisələrdir. Sumqayıt Texnologiyalar Parkı yaradılıb. Qaradağda gəmiqayırma, Balaxanıda məişət tullantıları zavodları tikilib. Mingəçevirdə böyük sənaye məhəlləsi yaradılır. Orada beş mindən artıq yeni iş yerləri yaradılacaq. Toxuculuq kombinatı və digər sənaye müəssisələri tikiləcək. Əlbəttə, bütün bunlar Azərbaycanın iqtisadi həyatını canlandırır.  Qanunverici orqan olaraq Milli Məclisdə  bu islahatların dərinləşməsi ilə bağlı qanunlarda çoxlu dəyişikliklər edildi. Son iki ildə əllidən artıq qanunda dəyişiklik etmişik. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, iqtisadi fəallıq artsın, insanlar üçün yeni iş yerləri yaradılsın, iqtisadi mexanizmlər təkmilləşsin, Azərbaycanın maliyyə sektoru daha sabit və dayanıqlı olsun. Cənab Prezident 2016-cı ilin yekunlarına həsr olunmuş iclasda birmənalı şəkildə bəyan etmişdi ki, qlobal dünyada baş verən sarsıntılara baxmayaraq, Azərbaycan bu imtahandan da uğurla çıxıb. Bəzi sahələrdə zəifləmə, azalma baş versə də, müəyyən ixtisarlar olsa da, Azərbaycan dünya ölkələri içərisində riskə, böhranın təsirlərinə az məruz qalan, daha doğrusu bu çətinliklərdən uğurla çıxan ölkələrdən biridir.

- Qeyd etdiyiniz kimi, bu gün Azərbaycan iqtisadiyyatında böyük islahatlar aparılır, yeni qanunlar qəbul edilir. Sədrlik etdiyiniz komitənin də tərkibi  genişləndirilib və konkretləşdirilib...

- Bizim komitə iqtisadi qanunvericiliklə əlaqədar olan məsələlərə baxır. İqtisadiyyat geniş məfhumdur. Artıq Azərbaycanda sahibkarlıq sinfi formalaşıb. Ölkədə sənaye siyasəti uğurla həyata keçirilir və bu iki istiqamət də özünəməxsus qanunlarla tənzimlənir. Ona görə parlament və ölkə rəhbərliyi belə hesab etdi ki, bu başlıq altında fəaliyyət göstərən komitə  bütövlükdə ölkədə iqtisadiyyat sahəsində, iqtisadiyyatın bütün sahələrini əhatə edən qanunvericilik bazasını hazırlamaqda fəal iştirak edəcəkdir. Yəni artıq sahibkarlar da bilirlər ki, onların fəaliyyətini tənzimləyən qanunlara Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılır. Əlbəttə, bu bizim üzərimizə də böyük məsuliyyət qoyur. Eyni zamanda burada müsbət cəhət ondan ibarətdir ki, iqtisadiyyata tam orqanizm kimi baxılır. Yəni onun ayrı-ayrı elementləri yox, bütövlükdə iqtisadiyyat bir orqanizmdir. Bu orqanizmin də mühüm istiqamətlərindən biri sahibkarlıqdır, eləcə də sənayedir. Ona görə də biz sevinirik ki, komitəmizin adı, onun fəaliyyətinin əhatə dairəsi genişləndi. Bu, həm də hazırlanacaq qanunlara sistemli yanaşmanı təmin edəcəkdir.  

- Bütövlükdə dövlət siyasətinin əsas tərkib hissələrindən biri də qaçqın və məcburi köçkünlərə qayğıdır. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarla, Birinci vitse- prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə irəli sürülən vəzifələrlə bağlı fikirlərinizi öyrənmək istərdik...

- Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi fəaliyyəti Azərbaycan xalqına çox yaxşı məlumdur. Bu on iki il ərzində Mehriban xanım Azərbaycanın sosial, iqtisadi, ictimai, siyasi həyatında ən fəal iştirak edən dövlət xadimidir. Heç şübhəsiz ki, onun bu gün respublikanın Birinci vitse- prezidenti təyin olunması bütün Azərbaycan xalqının ürəyincədir. Çünki Mehriban xanım Əliyeva vahid bir komandanın rəhbərlərindən biri kimi Azərbaycanın sosial-iqtisadi inkişafına çox müsbət təsir göstərəcəkdir. O ki qaldı Mehriban xanımın sədrliyi ilə keçirilən müşavirəyə, qeyd etmək istəyirəm ki, mən bir azərbaycanlı kimi qürur duyuram, çünki Mehriban xanım birinci müşavirəsini Azərbaycan xalqının çox mühüm bir hissəsini təşkil edən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması məsələlərinə həsr etmişdir. Bu gün qaçqınlar problemi bütün dünyada ən ciddi problemlərdən biridir. Azərbaycanda bu problem həqiqətən ciddidir. Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin ən müsbət cəhətlətindən biri ondan ibarətdir ki, qaçqınlara qayğı bütövlükdə Azərbaycan dövlətinə, xalqına qayğı kimi qiymətləndirilir. Dünyanın əksər ölkələrində qaçqınlar nə qədər ciddi, ağır problemlərlə üzləşirlərsə, Azərbaycanda bunlar yoxdur. Nə üçün? Çünki qaçqınların problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mehriban xanım müşavirədə konkret faktlar göstərdi. İyirmi il ərzində qaçqınlar, öz doğma yurdlarından qovulmuş soydaşlarımız  üçün nə qədər böyük işlər görülüb. Son on iki il ərzində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə altı milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitlərlə iki Mingəçevir qədər böyük bir şəhər salmaq olardı. Yəni tikilən binalar, istifadəyə verilən mənzillərin sahəsi iki Mingəçevir şəhəri qədər sahə deməkdir. Müharibə şəraitində yaşayan bir ölkə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində irimiqyaslı işlər görür. Martın 9-da keçirilən müşavirədə də konkret olaraq qəzalı yerlərdə yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşması ən vacib prioritet vəzifə kimi müəyyən edildi. Bakı və Sumqayıt şəhərlərinin, eləcə də digər rayonların icra başçılarının iştirak etdikləri müşavirədə birmənalı şəkildə Mehriban xanım konkret tapşırıqlar verdi və söylədi ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər daha da canlandırılmalıdır. Kiçik müəssisələr tikilməlidir, sexlər açılmalıdır, meyvəçiliyin, kənd təsərrüfatı məhsullarının emalına xidmət edən xırda müəssisələr yaradılmalıdır ki, insanlar daha məhsuldar əməklə məşğul olsunlar. Hamımız əminik ki, bu tapşırıqlar uğurla həyata keçiriləcək və eyni zamanda    əminik  ki, Azərbaycan torpaqları erməni qəsbkarlarından azad ediləcək. 

- İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımları necə şərh edərdiniz?

- Ulu öndər Heydər Əliyevin bir kəlamı var: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ulu Öndər bütün fəaliyyəti dövründə - istər 1970-ci illərdə, istərsə də ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edib. Bizim sosial problemlərimiz uğurla həll olunur. Heç şübhəsiz başqa ölkələrdə olduğu kimi, problemlər də var. Ancaq Azərbaycanda bu problemlər daha keyfiyyətli, daha sistemli həll olunur. Ulu öndər Heydər Əliyev neft müqavilələrini imzaladı. Lakin  o müqavilələr imzalanana qədər Azərbaycanın maliyyə vəsaitləri yox idi, yoxsulluq hökm sürürdü, pul gəlirləri azalmağa meyil edirdi, işsizlik artıq yüksək həddə çatmışdı. Neft müqavilələri imzalandı, neftin ixracından daxil olan gəlirlərin bir hisəssi ölkənin sosial-iqtisadi inkişafına yönəldildi. Yeni müəssisələr açıldı, ölkədə xarici, daxili investisiyalar  hesabına əmək haqları, real gəlirlər artırıldı. Əhalinin istehlak quruluşu təkmilləşdirildi. Məsələn, 2000-ci ildə ölkədə yoxsulluğun səviyyəsi əlli faizdən çox idi. Bunu nəzərə alaraq 2001-ci ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında yoxsulluq proqramının hazırlanmasını müəyyənləşdirdi, sərəncam imzalandı. Bu kimi proqramların reallaşması nəticəsində artıq 2014-cü ildə cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycanda yoxsulluq səviyyəsi artıq beş-altı faizdir.  Bax budur sosial siyasətin həyata keçirilməsi. Əmək pensiyalarının, əmək haqlarının artması... Əmək haqqı, pensiya elə bir göstəricidir ki, həmişə onun artmasına ehtiyac var. Bu gün də əmək haqqının, pensiyanın  artmasına ehtiyac var. Ancaq hər şey baza və imkan ilə müəyyən olunur. İqtisadi inkişaf güclüdürsə, deməli, gəlir, mənfəət artır. Mənfəət artdıqca isə sosial inkişafla bağlı xərclər də artır. Ona görə də Azərbaycan dövlətinin bu gün ən vacib prioritet məsələlərindən biri yoxsulluğun daha da azaldılması istiqamətində tədbirlərin genişlənməsidir.

Azərbaycan dövlətinin bir məqsədi var: sosialyönümlü bazar iqtisadiyyatı qurmaq. Bu bazar iqtisadiyyatını qurmaq üçün iqtisadiyyatımız daha da güclü olmalıdır. İqtisadiyyatımız nə qədər güclü olsa, nə qədər zavodlarımız, fabriklərimiz, müəssisələrimiz işləsə, orta, kiçik sahibkarlıq inkişaf etsə əldə olunan pulların da xeyli hissəsi vergi vasitəsilə büdcəyə gələcək və büdcədən də sosial məsələlərin həyata keçirilməsinə yönəldiləcək.

- İqtisadiyyatın aynası büdcədir. Cənab İlham Əliyevin bir çağırışı var ki, qarşıdakı ilin büdcəsi ötən ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olmalıdır. Bununla bağlı fikirləriniz...

- Əvvəla, büdcə bilavasitə bizim komitənin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ən diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Çünki büdcə Milli Məclisin əsasnaməsinə görə də dövlətin ali maliyyə-iqtisadi sənədi hesab edilir. Dövlət büdcəsi də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bilavasitə Maliyyə, İqtisadiyyat və Vergilər nazirlikləri, Dövlər Gömrük Komitəsi və digər orqanların rəhbərlərinin, mütəxəssislərinin iştirakı ilə müzakirə olunur. Azərbaycan son on iki, on beş il ərzində dövlət büdcəsinin göstəricilərini əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Bir faktı diqqətinizə çatdırım. Ölkələr bir-biri ilə dövlət büdcələrini müqayisə edəndə belə bir göstəricidən istifadə edirlər. Dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisi nə qədərdir? Vaxtilə dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisi on iki-on üç faiz idi. Bu, çox aşagı göstərici idi. Dövlət öz funksiyalarını yerinə yetirə bilmirdi. Nə üçün biz deyirik ki, dövlət büdcəsi dövlətin ali maliyyə iqtisadi sənədidir, dövlətin güzgüsüdür?  Ona görə ki, dövlət öz konstitusion hüquqlarını, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş funksiyalarını dövlət büdcəsi vasitəsilə həyata keçirir. Ordu, mədəniyyət, təhsil, səhiyyə, ekologiya, iqtisadiyyatın tarazlı inkişafı, strateji resurslara dövlət dəstəyi kimi məsələlər, hamısı dövlət büdcəsi vasitəsi ilə həyata keçirilir. Son on iki-on beş ilin uğurlarına əsaslanaraq bu fikri böyük əminliklə deyə bilərik ki,  dövlət büdcəsinin həm kəmiyyət, həm keyfiyyət göstəriciləri xeyli yaxşılaşıb.

Şəmsiyyə Əliqızı, Günel Eyyubova, 
Vüsal Cahanov (foto)  “İki sahil”