29 noyabr 2026 19:40
128

"Kyodo": ABŞ Yaponiyanın beşillik müdafiə büdcəsindən narazıdır

Yaponiya 2027-ci maliyyə ilindən başlayaraq beş il ərzində müdafiəyə 60 trilyon yendən (təxminən 376 milyard dollar) az vəsait ayırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo News" mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, xərclərin yekun həcmi hələ müəyyən edilməyib.

Noyabrın əvvəlində Yaponiyanın Baş naziri Sanae Takaiçinin komandası növbəti beş il üçün müdafiə xərclərini təxminən 56 trilyon yen səviyyəsində müəyyənləşdirməyi təklif edib. Bu məbləğ silah və hərbi texnika almaq üçün 70-80 trilyon yen tələb edən Müdafiə Nazirliyinin qiymətləndirməsindən əhəmiyyətli dərəcədə aşağıdır.

İlkin plan hakim koalisiya - Liberal Demokratik Partiyası və Yaponiya İnnovasiya Partiyası daxilində fikir ayrılıqlarına səbəb olub. Sonuncu azı 70 trilyon yenin ayrılmasına nail olmaq niyyətindədir.

Vaşinqton isə hesab edir ki, 60 trilyon yendən az xərclər Tokioya müdafiə qabiliyyətini yetərincə gücləndirməyə imkan verməyəcək. Bu məsələ Pentaqon rəhbəri Pit Heqsetin dekabrın 8-də Yaponiyaya səfəri zamanı müzakirə oluna bilər.

2023-2027-ci illər üçün qüvvədə olan müdafiə proqramı təxminən 43 trilyon yen məbləğində xərcləri nəzərdə tutur.

ABŞ Prezidenti Donald Trampın administrasiyası müttəfiqləri müdafiə xərclərini ÜDM-in 3,5 %-nə qədər artırmağa və öz təhlükəsizlikləri üçün üzərlərinə daha böyük məsuliyyəti götürməyə çağırır.