29 noyabr 2026 19:26
153

Çin “Changzheng-6C” raketi ilə orbitə dörd peyk buraxıb

Çin “Changzheng-6C” raket daşıyıcısı vasitəsilə dörd peykini uğurla orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Şirkətin “WeChat” səhifəsində yerləşdirilən məlumata görə, CZ-6C raketi Pekin vaxtı ilə saat 11:53-də Şansi əyalətinin şimalında yerləşən Tayyuan Peyk Buraxılış Mərkəzindən kosmosa buraxılıb.

Raket kosmik bulud texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulan iki peyki, eləcə də “Zhongke-12” və “Zhongke-13” peyklərini orbitə çatdırıb.

Qeyd olunub ki, bu missiya çərçivəsində buraxılış vasitəsinin üfüqi vəziyyətdə yığılması, sınaqdan keçirilməsi və daşınmasını nəzərdə tutan hazırlıq sxemindən ilk dəfə istifadə edilib. Həmçinin bu tip raket ilk dəfə yeni buraxılış meydançasından kosmosa göndərilib.

Bu buraxılış “Long March” raket ailəsi üçün sayca 683-cü olub.

CZ-6C kerosin və maye oksigenlə işləyən, iki mərhələli maye yanacaqlı raketdir. Onun burun örtüyünün diametri 3,35 metr, uzunluğu isə 43 metrdir.

Raket aşağı Yer orbitinə 4,5 tonadək faydalı yük çıxarmaq qabiliyyətinə malikdir. Daşıma imkanları geostasionar orbitə keçid trayektoriyası üçün 2 ton, 500 kilometr yüksəklikdəki günəş-sinxron orbit üçün isə 2,4 ton təşkil edir.