24 noyabr 2026 13:10
89

Sədaqət Qəhrəmanova: Qadınların gücləndirilməsi dayanıqlı cəmiyyətin qurulmasının əsas şərtlərindəndir

Dayanıqlı cəmiyyətin formalaşması qadınların iqtisadi, sosial və siyasi həyatda iştirak imkanlarının genişləndirilməsini, hüquqlarının qorunmasını və potensialından səmərəli istifadəni tələb edir.

 “İki sahil” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzusunda II panel müzakirəsində səsləndirib.

O bildirib ki, qadınların iqtisadi müstəqilliyinin təmin edilməsi, sahibkarlığa və innovasiyalara cəlb olunması, təhsil və rəqəmsal bacarıqlarının inkişafı əsas prioritetlərdəndir. Müasir dövrdə qadınların yeni texnologiyalarda yalnız istifadəçi deyil, həm də yaradıcı və qərarverici kimi iştirakı vacibdir.

Sədr müavini qadınların dövlət idarəçiliyində, parlamentdə, diplomatiyada və özəl sektorda təmsilçiliyinin artırılmasının daha inklüziv qərarların qəbuluna töhfə verdiyini vurğulayıb.

O, həmçinin qadınların və qızların hüquqlarının qorunmasının, gender əsaslı zorakılığın qarşısının alınmasının və təhlükəsiz mühitin yaradılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, qadınların cəmiyyət həyatında fəal iştirakı üçün bərabər imkanlar və hüquqi təminatlar yaradılmalıdır.