Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi - sülh və etimadın işıqlı yolu” kitabının Azərbaycan dilinə tərcümə edilmiş nəşrinin təqdimatı olub.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, bu əlaqələrdə mədəni-humanitar sahənin xüsusi rol oynadığını bildirib.
O qeyd edib ki, kitabın Azərbaycan dilinə tərcüməsi iki ölkə arasında mədəni əlaqələrin bariz nümunəsidir. Əsərdə Türkmənistanın bitərəflik siyasətinin mahiyyəti, beynəlxalq münasibətlərdəki rolu, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan təcrübəsi əks olunub.
Səfir bildirib ki, 1995-ci il dekabrın 12-də BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəfliyinə dair qətnamənin yekdilliklə qəbul edilməsi ölkənin beynəlxalq statusunun əsasını qoyub. Bitərəflik siyasəti ölkənin suverenliyinin qorunmasına, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq problemlərin siyasi-diplomatik yollarla həllinə xidmət edir.
Sonra Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov çıxış edərək əsərin Azərbaycan dilində nəşrini xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi yaxınlığın, qarşılıqlı maraq və hörmətin ifadəsi kimi qiymətləndirib. O vurğulayıb ki, kitab Türkmənistanın müstəqillik illərində həyata keçirdiyi daimi bitərəflik siyasətindən, onun mahiyyətindən və beynəlxalq münasibətlərdəki yerindən bəhs edir. Nazir müavini Azərbaycanın Türkmənistanın daimi bitərəflik siyasətinə böyük hörmətlə yanaşdığını və ölkənin sülhə, qarşılıqlı etimada xidmət edən beynəlxalq təşəbbüslərini dəstəklədiyini bildirib.
Samir Şərifov əsərin Azərbaycan dilində nəşrinin oxuculara Türkmənistanın dövlətçilik təcrübəsini və xarici siyasət baxışlarını daha yaxından tanımaq imkanı yaradacağına, xalqlarımız arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Hikmət Babaoğlu çıxış ediblər.
Vurğulanıb ki, Türkmənistan Prezidentinin “Türkmənistanın bitərəfliyi: sülhün və etimadın işıqlı yolu” kitabının Azərbaycan dilində nəşri Azərbaycan-Türkmənistan münasibətlərinin, həmçinin türk xalqları arasında tarixi, mədəni və mənəvi bağların möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əsər Türkmənistanın dövlətçilik təcrübəsi, xarici siyasət prioritetləri, zəngin tarixi və milli-mədəni irsi ilə tanış olmaq üçün dəyərli mənbə kimi qiymətləndirilib. Nəşr iki qardaş xalq arasında qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın daha da inkişafına töhfə verəcək.
Ali Məclisin Hüquq siyasəti komitəsi qanunvericiliklə bağlı dəyişiklikləri plenara təqdim edib
Ceyhun Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarının yer almaması müsbət haldır
Ceyhun Bayramov: İtaliya ilə münasibətlərimiz çox möhkəm təməl üzərində qurulub