Azərbaycan Şərqlə münasibətlərini siyasi dialoq, həmçinin enerji təhlükəsizliyi, investisiya, nəqliyyat-logistika, texnologiya və çoxtərəfli əməkdaşlıq istiqamətlərində genişləndirir. Prezident İlham Əliyevin 20–21 noyabr 2026-cı il tarixlərində Vyetnama rəsmi səfəri də bu siyasətin tərkib hissəsidir və səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açdı. Bakı-Hanoy münasibətlərinin 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əməkdaşlıq imkanlarını genişləndirir.
Məlum olduğu kimi, ölkələrimiz arasında diplomatik münasibətlər 24 ildir qurulub. Amma iki xalqın dostluq əlaqələrinin 70 ilə yaxın tarixi var. 1959-cu ildə Vyetnamın tarixi lideri Ho Şi Minin Azərbaycana, həmçinin Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri bu münasibətlərin formalaşmasında xüsusi yer tutur. Bu tarixi təmaslar qarşılıqlı hörmət və siyasi etimad üzərində qurulan əməkdaşlığın əsasını qoyub. Prezident İlham Əliyevin 2014-cü ildən sonra yenidən Vyetnama səfəri isə münasibətlərin davamlı siyasi dialoq müstəvisində inkişafına təkan verib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və ölkə Prezidenti To Lam ilə görüşləri, Baş nazir, Vyetnam Milli Assambleyasının sədri ilə təmasları ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edib.
Prezident İlham Əliyevin də söylədiyi kimi, “ötən il biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı.”Vyetnam dövlət başçısı da öz növbəsində ölkəsinin Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etdiyini bəyan edib.
Səfərin ən mühüm nəticələrindən biri qəbul edilmiş Birgə Bəyanatdır. Bu sənəd mahiyyət etibarilə strateji tərəfdaşlığın yol xəritəsidir. Tərəflər suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət prinsiplərinə sadiqliklərini təsdiqləyiblər.
Bəyanatda iqtisadi və enerji istiqaməti də əksini tapıb. Azərbaycan enerji sektorunda zəngin təcrübəyə, Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından birinə malikdir. Sənəddə xam neft və mayeləşdirilmiş təbii qazın təchizatı, neft-qaz hasilatı, eləcə də bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Vyetnamın Azərbaycanda günəş və külək elektrik stansiyaları layihələrində iştirakına dair icra müqaviləsi də mübadilə edilən sənədlər sırasındadır. Bu, Azərbaycanın yaşıl enerji strategiyasına xarici investisiyaların cəlb edilməsi, həmçinin iqtisadi əməkdaşlığın yeni texnoloji istiqamətlərə yönəldilməsi baxımından əhəmiyyətlidir.
Nəqliyyat sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit qovşağına çevrilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Vyetnam üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək. Birbaşa aviareyslər isə ticarət, turizm əlaqələrinin inkişafına əlavə impuls verəcək.
Ən vacib məqamlardan biri Vyetnamın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində nümayiş etdirdiyi mövqedir. Belə ki, Prezident İlham Əliyev 2020-ci il Vətən müharibəsi zamanı Vyetnamın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı nəzərdə tutulan məhdudiyyətlərə qarşı dəstəyini xüsusi qeyd edərək bildirdi ki, “bu dəstək heç vaxt unudulmayacaq”. Eynilə qeyd etməliyik ki, Azərbaycan xalqı da Vyetnamın müstəqillik və azadlıq uğrunda mübarizəsini qətiyyətlə dəstəkləyib.
Birgə bəyanatda həmçinin müdafiə və təhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, minatəmizləmə, təhsil, elm və mədəniyyət sahələrinə də geniş yer ayrılıb. Xüsusilə hər iki ölkənin mina problemi ilə üzləşməsi isə bu istiqamətdə təcrübə mübadiləsini genişləndirəcək.
Bütün bunlarla yanaşı, Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlığının genişləndirilməsi, Azərbaycan–ASEAN əlaqələrinin inkişafına dəstək verilməsi ölkəmizin Asiya istiqamətində xarici siyasət imkanlarını artırır. Bir sözlə, Çinlə hərtərəfli strateji tərəfdaşlıq, Mərkəzi Asiya ilə inteqrasiya, Vyetnamla strateji tərəfdaşlığın dərinləşdirilməsi vahid xarici siyasət xəttinin tərkib hissəsidir.
Cənab Prezidentin də söylədiyi kimi, “bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir”.
Nigar Məmmədova,
Milli Məclisin deputatı