Avropanın müxtəlif ölkələrində təhsil sisteminin maliyyələşdirilməsinin artırılması, iqlim problemlərinə qarşı mübarizə və digər tələblərlə bağlı tələbə və gənclərin etiraz aksiyaları təşkil olunub.
“İki sahil” xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, noyabrın 20-də keçirilən aksiyalar ən azı 25 ölkəni, o cümlədən Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Xorvatiyanı əhatə edib.
Etirazçılar təhsil müəssisələrinə ayrılan vəsaitin artırılmasını, məktəb və universitetlərin infrastrukturunun yaxşılaşdırılmasını, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsini, eləcə də məcburi hərbi xidmətin ləğvini tələb ediblər.
Almaniyada “Gen Z regelt” (“Gen Z idarə edir”) adlı kampaniya qrupu ölkənin 73 şəhər və qəsəbəsində aksiyaların təşkil olunduğunu bildirib.
Aksiyaların əksəriyyəti dinc şəraitdə keçib və iştirakçıların sayı bir neçə yüzdən bir neçə min nəfərədək olub. İtaliyada isə nümayişlər daha genişmiqyaslı xarakter daşıyıb. Etirazçılar Baş nazir Corcia Meloninin iqtisadi siyasətinə qarşı çıxaraq əməkhaqlarının artırılmasını və ictimai xidmətlərə ayrılan xərclərin çoxaldılmasını tələb ediblər.
Almaniyanın Berlin şəhərindəki Aleksandrplats meydanında keçirilən aksiyada təxminən 4 min nəfər iştirak edib. Köln şəhərində isə polis gözlənilən 5 min nəfərdən az iştirakçının olduğunu, lakin nümayişə minlərlə insanın qatıldığını bildirib.
Etirazlar zamanı iştirakçıların bir qismi Fələstin bayraqları qaldırıb. Plakat və bannerlərdə hərbi xərclərin azaldılması, yaşayış xərclərinin yüksək olması və iqlim böhranı ilə bağlı çağırışlar yer alıb.
Parisdə keçirilən aksiyada iştirak edən 25 yaşlı amerikalı tələbə Evelin bildirib ki, onun nəslini gələcəkdə yaşayış xərclərinin artması və iqlim böhranının fəsadları narahat edir.
İtaliyanın ən böyük həmkarlar ittifaqı olan CGIL-in rəhbəri Mauritsio Landini isə gənclərin təkcə İtaliyada deyil, bütün Avropada dəyişiklik tələb etdiklərini vurğulayıb.
Qeyd edək ki, Avropada son dövrlərdə tələbə və gənclərin sosial-iqtisadi tələblərlə bağlı etirazlarının intensivliyi artmaqdadır.
Tramp məlumat mərkəzlərini xaricdə tikən şirkətləri yüksək vergilərlə hədələyib
ASEAN Parlament Assambleyasında Gürcüstanın Orta Dəhlizdəki rolu müzakirə olunub