20 noyabr 2026 20:34
138

Yeni Azərbaycan Partiyası zamanla yenilənən siyasi irsdir

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi, milli dövlətçilik salnaməsinin əlamətdar hadisəsidir. Bu tarix yalnız yeni siyasi təşkilatın yaranması deyil, həm də müstəqilliyinin ilk illərində ağır siyasi, iqtisadi və sosial sınaqlarla üzləşən Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki qeyri-sabitlik və dövlət müstəqilliyinə yaranan təhdidlər güclü siyasi iradəyə və xalqın etimadına əsaslanan yeni siyasi qüvvənin formalaşmasını obyektiv zərurətə çevirmişdi. Belə bir şəraitdə Azərbaycanın tanınmış ziyalıları və nüfuzlu ictimai-siyasi xadimləri xalqın böyük etimad bəslədiyi, zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu prosesin mühüm mərhələsi 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət oldu. Azərbaycanın siyasi tarixinə “91-lər”in müraciəti kimi daxil olan bu sənəd cəmiyyətin sabitlik, güclü siyasi rəhbərlik və milli dövlətçiliyin qorunması istəyini ifadə edirdi. Ulu Öndər cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirərək onun müstəqil Azərbaycanın möhkəmləndirilməsi və inkişafında tarixi rol oynaya biləcəyini vurğulamışdı. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfər təşəbbüs qrupunun iştirakı ilə partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnaməsi və Proqramı təsdiqləndi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, ölkənin mürəkkəb siyasi şəraitində milli maraqları, dövlətçiliyi və ictimai həmrəyliyi əsas götürən yeni siyasi qüvvənin əsası qoyuldu. Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasi strategiyası partiyanın ideoloji və təşkilati əsaslarını möhkəmləndirdi. Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın tarixi missiyasını və inkişaf fəlsəfəsini ifadə edən əsas siyasi tezisə çevrildi. Partiyanın keçdiyi yol da göstərdi ki, onun yaranmasını şərtləndirən dövlətçilik idealları sonrakı mərhələlərdə Azərbaycanın inkişaf strategiyası ilə üzvi şəkildə uzlaşmışdır. 2005-ci il martın 26-da keçirilən III qurultayda Prezident cənab İlham Əliyevin YAP-ın sədri seçilməsi partiyanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu qərar Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi xətt müasir dövrün çağırışlarına uyğun davam etdirildi, Azərbaycanın iqtisadi potensialı, beynəlxalq mövqeləri və dövlətçilik institutları daha da gücləndirildi. Dövlət başçısının YAP-ın VIII qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu varisliyin əsas mahiyyətini ifadə edir. 2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın institusional yenilənməsində mühüm mərhələ oldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiqləndi. Həmin gün Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi onun ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətin və qadınların dövlət idarəçiliyində iştirakına göstərilən diqqətin ifadəsi idi. 2021-ci il dekabrın 29-da təsdiqlənən yeni Proqram partiyanın müasir siyasi və geosiyasi reallıqlara uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Sənəddə Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət, insan amili və multikulturalizm əsas siyasi dəyərlər kimi təsbit olundu. Proqramın 11 strateji hədəfi isə iqtisadi inkişaf, insan kapitalı, sosial ədalət, şəffaflıq, vətəndaş cəmiyyəti, milli-mənəvi dəyərlərin qorunması, dünya azərbaycanlılarının həmrəyliyi, xarici siyasət, ordu quruculuğu və Böyük Qayıdış kimi prioritetləri əhatə edir. YAP-ın fəaliyyətində konstruktiv siyasi dialoq və əməkdaşlıq prinsipləri də mühüm yer tutur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşan yeni siyasi konfiqurasiya, iqtidar-müxalifət münasibətlərində sağlam dialoqun təşviqi və siyasi institutlar arasında əməkdaşlığın genişləndirilməsi demokratik siyasi mədəniyyətin inkişafına xidmət edir. Dövlət başçısının “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri bu yanaşmanın əsas prinsipini ifadə edir. Dövlət müstəqilliyinin, suverenliyin və milli maraqların qorunması bütün siyasi qüvvələrin ortaq məsuliyyətidir. Partiyanın ictimai-siyasi mövqeyini seçkilərin nəticələri də xarakterizə edir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 92,12 faiz səs qazanmış, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya 68 mandat əldə etmişdir. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın 5855 üzvü bələdiyyə üzvü seçilmişdir. Bu gün 769 811 üzvü birləşdirən partiya Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla yanaşı, Cənubi Qafqazın aparıcı siyasi qüvvəsidir. Onun geniş sosial bazasını birləşdirən əsas dəyərlər Vətənə sədaqət, dövlətçilik məsuliyyəti və ümummilli maraqlara bağlılıqdır. 2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultay Yeni Azərbaycan Partiyasının tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması tədbirə xüsusi tarixi və siyasi məna qazandırdı. Prezident cənab İlham Əliyev proqram xarakterli çıxışında yeni ictimai-siyasi və geosiyasi reallıqları təhlil edərək partiyanın qarşısında duran vəzifələri və gələcək strateji hədəfləri müəyyənləşdirdi. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirildi və üzvləri seçildi. Dövlət başçısının “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir” fikri ölkənin yeni inkişaf mərhələsinin siyasi mahiyyətini ifadə edir. Suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, mühüm vəzifələr də müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin olunması, quruculuq və bərpa işlərinin davam etdirilməsi, iqtisadi potensialın reallaşdırılması və milli-mədəni irsin qorunması bu mərhələnin əsas prioritetlərindəndir. Prezident cənab İlham Əliyevin qurultayda partiya fəallarının ölkənin son illərdə keçdiyi uğurlu və şərəfli yola verdiyi töhfələri xüsusi vurğulaması YAP üzvlərinin ictimai və siyasi məsuliyyətini də ön plana çıxarır. Dövlətin inkişafı siyasi qərarlarla yanaşı, cəmiyyətin fəal iştirakı, vətəndaş həmrəyliyi və ümumi məqsədlər naminə birgə fəaliyyətlə təmin olunur. 1992-ci il noyabrın 21-də Naxçıvanda əsası qoyulan Yeni Azərbaycan Partiyasının 34 illik tarixi müstəqil Azərbaycanın dövlətçilik salnaməsinin mühüm tərkib hissəsidir. Ağır siyasi şəraitdə milli məsuliyyət və uzaqgörənlik əsasında yaranan partiya ötən dövrdə ölkənin ictimai-siyasi həyatında aparıcı mövqe qazanaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verib. Bu gün partiyanın qarşısında duran əsas vəzifə Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sadiqliyi qorumaqla Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf strategiyasına töhfə vermək, müasir çağırışlara uyğun yenilənmək və milli həmrəyliyi gücləndirməkdir. Siyasi və geosiyasi reallıqlar dəyişsə də, YAP-ın təməlində dayanan müstəqillik, azərbaycançılıq, dövlətçilik və ümummilli maraqlara sədaqət prinsipləri öz aktuallığını qoruyur. Məhz bu dəyərlər partiyanın tarixi missiyasının davamlılığını təmin edir və onun gələcək fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlətçilik strategiyası Yeni Azərbaycan Partiyasının dünənini, bu gününü və gələcəyini birləşdirən əsas siyasi xəttdir.

Mehriban Vəliyeva,

Milli Məclsin deputatı