20 noyabr 2026 18:57
116

Heydər Əliyev irsi və Yeni Azərbaycan Partiyasının gələcək hədəfləri

1990-cı illərin əvvəlləri Azərbaycan üçün ən çətin dövrlərdən biri idi. Ölkədə siyasi sabitlik pozulmuş, iqtisadiyyat çökmüş, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuş, idarəetmədə xaos hökm sürürdü. Xalqın gələcəyə inamı sarsılmışdı. Məhz belə bir tarixi şəraitdə Azərbaycan cəmiyyətinə ümid, birlik və xilasedici siyasi yol göstərən qüvvə lazım idi. Bu ehtiyacın cavabı olaraq 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyasının meydana çıxması Azərbaycan dövlətinin qorunması, sabitliyin bərpası və gələcək inkişafın təmin olunması üçün dönüş nöqtəsi oldu.Heydər Əliyevin siyasi uzaqgörənliyi, dövlətçilik təfəkkürü və milli iradəsi nəticəsində Azərbaycan qısa zamanda dağılmaq təhlükəsindən xilas edildi.

Həyata keçirilən islahatlar, iqtisadi inkişaf xətti, beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasət ölkənin möhkəmlənməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyasının gücü, nüfuzu və siyasi çəkisi məhz Ulu Öndərin yaratdığı ideoloji təməllərdə formalaşmışdır.

Bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın hərtərəfli yüksəlişini, sabitliyini və regionda lider mövqeyini təmin edib. Azərbaycan regional gücə çevrilib, iqtisadiyyatında davamlı inkişaf əldə edilib, sosial rifah sahəsində əhəmiyyətli nailiyyətlər qazanılıb, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzu artıb.Bu uğurların ən möhtəşəmi isə şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. 44 günlük Vətən müharibəsi təkcə hərbi əməliyyat deyildi. Bu, xalqımızın 30 illik ədalət həsrətinin, birliyinin, qətiyyətinin, milli iradəsinin təntənəsi idi. Prezident İlham Əliyevin sərkərdəlik məharəti və qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı, xalqımızın birliyi nəticəsində Azərbaycan uzun illər işğal altında qalmış torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. Ordumuzun göstərdiyi rəşadət bütün dünyanı heyrətləndirdi, düşmənin illərlə qurduğu istehkam xətləri yarıldı, hərbi əməliyyatlar yüksək peşəkarlıqla planlandı və həyata keçirildi, diplomatik müstəvidə Azərbaycanın mövqeyi möhkəmləndi, ölkə daxilində misilsiz milli həmrəylik yarandı.

Xüsusilə Şuşa şəhərinin azad olunması müasir hərb tarixində bənzəri olmayan qəhrəmanlıq dastanı kimi yadda qaldı. Bu əməliyyat Azərbaycan əsgərinin iradəsinin, gücünün və vətən sevgisinin ən yüksək nümunəsidir.2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisinin tam suverenliyini bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq prosesi gedir, həyat yenidən dirçəlir. Bu da Zəfərimizin davamı olaraq tarixə yazılır.

Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti dövlət quruculuğunun bütün mərhələlərində həlledici rol oynayıb. YAP seçkilərdə hər zaman böyük əksəriyyətin etimadını qazanıb, dövlət idarəçiliyində peşəkarlığın artmasına töhfə verib, gənclərin inkişafına şərait yaradıb, sosial layihələrdə fəal iştirak edib və yenilənmə prosesini uğurla həyata keçirib. Bu gün YAP ölkənin siyasi sisteminin əsas dayağı, inkişaf strategiyasının aparıcı qüvvəsidir.

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəf Azərbaycanın yüksək inkişaf etmiş ölkələr sırasına daxil olmasıdır. Bu məqsədlərə çatmaq üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Dövlət–cəmiyyət birliyi, milli həmrəylik və siyasi sabitlik bu yolda əsas amillərdir.

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü Azərbaycan dövlətinin müasir inkişaf salnaməsinin ən parlaq səhifələrindən biridir. Bu gün biz təkcə bir siyasi təşkilatın ildönümünü deyil, dövlətimizin gücünün, birliyimizin, sabitliyimizin, Zəfərimizin və möhtəşəm gələcəyimizin təntənəsini qeyd edirik.

Tural Sadıxov,
YAP Culfa rayon təşkilatının əməkdaşı