1990-cı illərin əvvəlləri müasir Azərbaycan tarixinin ən mürəkkəb, taleyüklü və sınaqlarla dolu mərhələsi kimi yadda qalmışdır. Dövlət müstəqilliyinin bərpasından dərhal sonra ölkədə baş qaldıran dərin siyasi hərc-mərclik, sosial-iqtisadi tənəzzül, dövlət idarəçiliyindəki səriştəsizlik və Ermənistanın silahlı təcavüzü müstəqilliyimizi yenicə qazanmış respublikanı məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. İdarəolunmaz vəziyyət, daxili çəkişmələr və vətəndaş müharibəsi təhlükəsi xalqın gələcəyə olan inamını sarsıtmışdı.
Məhz bu ağır və böhranlı günlərdə Azərbaycanın vuran ürəyi və milli təfəkkürün daşıyıcıları olan ziyalılar, ictimaiyyətin qabaqcıl nümayəndələri ölkəni gözlənilən fəlakətdən xilas etməyə qadir yeganə böyük siyasi xadimin Ulu Öndər Heydər Əliyev olduğunu dərk etdilər. Ölkənin 91 nəfər tanınmış ziyalısının Naxçıvanda yaşayan Ümummilli Lider Heydər Əliyevə etdiyi tarixi müraciət xalqın arzularının ifadəsi və yeni bir siyasi hərəkatın – Yeni Azərbaycan Partiyasının təməl daşı oldu.
1992-ci il noyabrın 21-də çətin blokada şəraitində olan Naxçıvan şəhərində keçirilən təsis qurultayı Azərbaycanın siyasi həyatında əsl dönüş nöqtəsinə çevrildi. Ölkənin müxtəlif bölgələrindən gələn nümayəndələrin iştirakı ilə reallaşan bu tarixi tədbirdə Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi.
YAP yaranan ilk gündən müxalifətdə olmasına baxmayaraq, milli maraqları hər şeydən üstün tutaraq qısa müddətdə ümumxalq partiyasına çevrildi. Partiyanın Nizamnaməsi və Proqramı müasir Azərbaycan dövlətçiliyinin ideoloji təməllərini Azərbaycanın müstəqilliyini sarsılmaz etmək, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq, qanunun aliliyini təmin etmək, insan hüquq və azadlıqlarına söykənən demokratik ənənələr formalaşdırmaq, bazar iqtisadiyyatına keçid, xarici investisiyaların cəlbi və əhalinin sosyal rifahının yüksəldilməsi prinsipləri üzrə müəyyənləşdirdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qaydışı ilə Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edildi. YAP dövlət idarəçiliyində aparıcı siyasi qüvvəyə çevrilərək ölkədə davamlı ictimai-siyasi sabitliyi bərpa etdi, qanunsuz silahlı birləşmələri ləğv etdi və müasir dövlət institutlarını qurdu.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi və 1994-cü ildə imzalanan tarixi "Əsrin Müqaviləsi" ölkəmizin iqtisadi müstəqilliyinin və beynəlxalq inteqrasiyasının fundamentini qoydu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində YAP ölkənin siyasi həyatında milli həmrəyliyin və dövlətçilik ideologiyasının vahid mərkəzinə çevrildi.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasına sədr seçilməsi ilə Azərbaycanın inkişaf salnaməsində keyfiyyətcə yeni, möhtəşəm bir dövr başlandı. Bu mərhələ dövlətçilik ənənələrinin modernləşdirilməsi, dinamik iqtisadi yüksəliş və qüdrətli ordu quruculuğu ilə xarakterizə olunur.
Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli tarixinin ən uca zirvəsi şübhəsiz ki, 2020-ci ilin 44 günlük Vətən Müharibəsində qazanılmış Müzəffər Qələbə və 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal anti-terror tədbirləri ilə suverenliyimizin tam bərpa olunmasıdır.
Prezident, Müzəffər Ali Baş Komandan və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin dəmir iradəsi və uzaqgörən liderliyi ilə 30 illik işğala son qoyuldu. Şuşada, Xankəndidə və azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması YAP-ın illər boyu yürütdüyü məqsədyönlü dövlətçilik siyasətinin və milli birliyin parlaq təntənəsidir.
Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas prioritetlərindən biri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası, "Ağıllı kənd" və "Ağıllı şəhər" konseptləri əsasında yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz baba yurdlarına təhlükəsiz qayıdışını təmin edən "Böyük Qayıdış" proqramının icrasıdır.
Azərbaycanın öz daxili maliyyə və texniki imkanları hesabına azad olunmuş torpaqlarda inşa etdiyi beynəlxalq hava limanları, müasir magistral yollar və enerji infrastrukturu dövlətimizin iqtisadi qüdrətinin əyani sübutudur.
Öz ətrafında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası bu gün təkcə ölkəmizin deyil, bütün Cənubi Qafqaz regionunun ən böyük və mütəşəkkil siyasi qüvvəsidir. Partiyanın 2 oktyabr 2026-cı il tarixdə keçirilən VIII Qurultayı öıkəmizin yeni inkişaf mərhələsindəki yol xəritəsini müəyyənləşdirmişdir. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qurultayda etdiyi proqram xarakterli çıxışı dövlətçilik həyatımızın bütün sferasını əhatə etməklə partiyanın gələcək strategiyasını da müəyyənləşdirmişdir .
YAP-ın Gələcək Strategiyası aşağıdakı əsas istiqamətləri nəzərdə tutur:
Gənclər siyasəti: Gənc nəslin vətənpərvər, yüksək bilikli və idarəçilikdə fəal kadr kimi yetişdirilməsi.
Sosial Ədalət və Rəqəmsal İnkişaf: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rəqəmsal transformasiyanın dərinləşdirilməsi.
Milli Həmrəylik və Siyasi Dialoq: Ölkədə siyasi mədəniyyətin, dialoqun və milli birliyin daha da möhkəmləndirilməsi.
Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində xalqın etimadını doğruldan, ən çətin sınaqlardan alnıaçıq çıxan və ölkəmizi tarixi zirvələrə daşıyan əsl lider partiya olduğunu sübut etmişdir. Ulu Öndər Heydər Əliyevin ideyaları və cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə YAP dünənin, bu günün və gələcəyin partiyası kimi müstəqil, suveren və qüdrətli Azərbaycanın parlaq gələcəyinə inamla addımlamaqda davam edir.
Elşad Cəfərov,
YAP Culfa rayon təşkilatının məsləhətçisi
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
YAP Culfa rayon təşkilatında partiyanın yaranmasının 34-cü ildönümü qeyd olunub