19 noyabr 2026 01:26
129

Britaniyanın "BAE Systems" müdafiə şirkəti mindən çox iş yerini ixtisar edəcək

Britaniyanın ən böyük müdafiə şirkəti "BAE Systems" rəqabətqabiliyyətliliyin artırılması proqramı çərçivəsində 1 070 iş yerini ixtisar etmək niyyətindədir.

“İki sahil” "Sky News" telekanalına istinadən xəbər verir ki, ixtisarlar, əsasən, şirkətin mərkəzi ofisini və aviasiya bölməsini əhatə edəcək.

"BAE Systems" nümayəndəsinin sözlərinə görə, qərar şirkətin çevikliyinin və rəqabətqabiliyyətliliyinin artırılması üzrə işlərin növbəti mərhələsi çərçivəsində qəbul edilib.

"BAE Systems"in aviasiya bölməsi "Eurofighter Typhoon" qırıcılarının istehsalında əsas rol oynayır, həmçinin İtaliyanın "Leonardo" və Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkətləri ilə birlikdə 2035-ci ildə yaradılması planlaşdırılan altıncı nəsil qırıcının hazırlanmasında iştirak edir.

Hazırda "BAE Systems"in Böyük Britaniyadakı müəssisə və ofislərində 50 minə yaxın şəxs çalışır, halbuki altı il əvvəl işçi heyətinin sayı 35 min idi. Onlardan 18,5 min əməkdaş aviasiya bölməsində, minə yaxını isə mərkəzi ofisdə çalışır.