18 noyabr 2026 14:26
136

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

İxtisas seçimi zamanı abituriyentlər yalnız qəbul balını deyil, gələcək peşə maraqlarını, şəxsi bacarıqlarını və əmək bazarının tələblərini də nəzərə almalıdırlar.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Azərbaycanda ixtisas seçimi zamanı gələcək peşə maraqları və əmək bazarının tələbləri hər zaman nəzərə alınmır. Şagirdlərdən gələcəkdə hansı peşəyə yiyələnmək istədikləri soruşulduqda bəzən konkret peşə adı əvəzinə hansı ixtisas qrupu üzrə imtahan verəcəklərini söyləyirlər. Mövcud yanaşmada abituriyentlər bir ixtisasa qəbul ola bilmədikdə topladıqları bala uyğun başqa sahəni seçirlər. Nəticədə seçilən ixtisas onların maraq və bacarıqları ilə üst-üstə düşməyə bilər.

Nazir vurğulayıb ki, peşə seçimi zamanı əmək bazarına dair məlumatlardan daha geniş istifadə olunmalıdır. Artıq əvvəlki illərdə müxtəlif ixtisasları seçmiş şəxslərin əməkhaqqı göstəricilərini müqayisə etmək imkanları var. Abituriyentlərə seçəcəkləri ixtisas üzrə gələcək əməkhaqqı imkanları barədə məlumat verilməsi onların daha düzgün qərar qəbul etməsinə kömək edə bilər. Məsələn, 10 il əvvəl kompüter mühəndisliyi və aşpazlıq ixtisaslarını seçən şəxslərin hazırkı orta əməkhaqlarını müqayisə etməklə gənclərə seçim zamanı əlavə məlumat təqdim etmək mümkündür.