Almaniya, Avstriya, Danimarka, Yunanıstan və Niderland Ruanda ilə birlikdə bu ölkədə miqrantlar üçün geriqaytarma mərkəzinin yaradılması imkanlarını araşdırır.
“İki sahil” xəbər verir ki, təşəbbüs tərəflər arasında bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əsasında həyata keçirilməsi nəzərdə tutulan modelə əsaslanır.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, bu mexanizm Avropada qalmaq hüququ olmayan və mənşə ölkələrinin geriqaytarma prosesində əməkdaşlıq etmədiyi miqrantlar üçün yeni həll yolu yarada bilər.
Mərkəzə yalnız sözügedən beş ölkədə qanunsuz yaşayan və barələrində icrası mümkün olan geriqaytarma və ya deportasiya qərarı çıxarılmış şəxslərin göndərilməsi nəzərdə tutulur. Onlara Ruandada cəmiyyətə inteqrasiya olunmaq, yaxud könüllü şəkildə öz ölkələrinə və ya qanuni əsaslarla daxil ola biləcəkləri digər dövlətə getmək imkanı veriləcək.
Prosesdə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) da iştirak edir. Avropa Komissiyası isə müzakirələrə müşahidəçi qismində qoşulub.
Tərəflər müvafiq razılaşmanın əldə olunmasını və ilk köçürmələrə 2027-ci ildə başlanmasını hədəfləyirlər. Modelin Avropa İttifaqı qanunvericiliyinə, Ruanda hüququna və beynəlxalq insan hüquqları normalarına tam uyğun şəkildə qurulması planlaşdırılır.