NATO hərbi xərclər, İran və Ukraynadakı müharibələrlə bağlı alyans daxilində fikir ayrılıqlarının artması səbəbindən 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan növbəti sammitini ləğv edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata əsasən, Albaniya Baş naziri Edi Rama bildirib: “Sammitin nə vaxt keçiriləcəyi ilə bağlı hələlik ümumi mövqe yoxdur, lakin dəqiq olan odur ki, 2027-ci ildə keçirilməyəcək”. O, həmçinin sammitin 2028-ci ildə keçirilməsi halında onun Tiranada təşkil olunmalı olduğunu qeyd edib.
Öz növbəsində, NATO-nun baş katibi Mark Rutte birbaşa cavab verməkdən yayınaraq, alyansın sammitlərin keçirilməsinə çevik yanaşdığını və onları zərurət yarandıqda təşkil etdiyini bildirib.