13 noyabr 2026 17:06
158

Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Kürdəmir rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mövsümün son toxum sərgi-satış yarmarkası, növbəti Aqrar Biznes Festivalı, eləcə də “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, Kürdəmir Olimpiya İdman Kompleksinin ərazisində təşkil olunan tədbirdə fermerlər, toxumçuluq təsərrüfatlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirin əsas istiqamətlərindən biri olan toxum sərgi-satış yarmarkasında fermerlərə sertifikatlı toxum nümunələri təqdim olunub və toxumların satışı həyata keçirilib. Fərdi və özəl toxumçuluq subyektlərinin nümayəndələri tərəfindən təqdim olunan toxum sortlarının xüsusiyyətləri, becərilmə qaydaları və məhsuldarlıq potensialı barədə məlumat verilib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun kənd təsərrüfatı potensialı, aqrar istehsalın inkişafı və fermerlərin fəaliyyətinin dəstəklənməsində bu cür tədbirlərin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkaları yerli istehsalçıların məhsullarının tanıdılması, fermerlərin keyfiyyətli toxumlara və müasir aqrar texnologiyalara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə keçirilən tədbirlərin əsas məqsədinin aqrar yeniliklərin fermerlərə çatdırılması, müasir texnologiyaların tətbiqinin təşviqi və kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi olduğunu bildirib. O, cari dövrədək bölgələrdə 100-dən artıq Aqrar Biznes Festival, o cümlədən toxum sərgi-satış yarmarkası, məhsul festivalının keçirildiyini qeyd edib.

Tədbir çərçivəsində mövsüm ərzində təşkil olunan toxum sərgi-satış yarmarkalarında fəal iştirak edən toxumçulara təşəkkürnamələr təqdim edilib.

Həmçinin Kürdəmir rayonunda İcra Hakimiyyətinin binasında “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində Nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və “Unibank”ın nümayəndələri iştirak ediblər.

Panel müzakirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəf və prioritetləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, aqrar istehsalın və emalın inkişafı, məhsuldarlığın artırılması, fermerlərin dəstəklənməsi və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, panel iştirakçıları təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, fermer və sahibkarlara təqdim olunan xidmətlər, mövcud dövlət dəstəyi mexanizmləri və müraciət imkanları barədə məlumatlar təqdim ediblər. Aqrar kreditləşmə və güzəştli maliyyələşmə, aqrar sığorta, toxumçuluq və bitkiçilik, heyvandarlıq, qida təhlükəsizliyi, suvarma və meliorasiya, eləcə də kənd yerlərində məşğulluğun təşviqi məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il ərzində 7 iqtisadi rayonu əhatə etməklə ölkənin 16 rayonunda toxum sərgi-satış yarmarkaları keçirilib. Yarmarkaların təşkil olunduğu rayonlardan 15-i Dövlət Proqramında buğda bitkisi üzrə ixtisaslaşmış 22 rayonun siyahısına daxildir.

Həmçinin həmin rayonlarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələri də keçirilib. Dövlət Proqramının əsas hədəf və prioritetləri barədə məlumatlılığın artırılması və təşviqi məqsədilə növbəti panel müzakirələrinin Salyan, Şabran və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulur.